İnternet TV lisenziyası könüllü olacaq?
Bunu sosial şəbəkədəki səhifəsində "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
"Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin bu gün birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi başa çatıb.
Xeyli çıxışlar oldu, bütün çıxış etmək istəyənlərə şərait yaradıldı.
Mən çıxışımda dövlətə məxsus tezlik resursundan istifadə etməyən İnternet TV -lərin lisenziyalaşması tələbinin doğru olmadığını, onlayn medianın tənzimlənməsinə həssas yanaşılmasının vacibliyini, daha çox inkişafa kömək edəcək məqamlara diqqət yetirməyi, "platforma yayımçısı" və "platforma operatoru" məsələlərinə aydınlıq gətirilməsini, Qanun layihəsinin üzərində daha çox işlənilməsinə ehtiyac olduğunu və s. bildirmişəm.
Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov müzakirələrdə çıxış edərək İnternet TV -lərin lisenziyalaşmasının könüllü olacağını bildirib.
Amma qanun layihəsində lisenziyalaşmada könüllük məsələsini qeyd etmək, nədənsə unudulub".
Xatırladaq ki, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MM-in deputatları, ekspertlər, media qurumlarının rəhbərləri iştirak edib.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ