Respublikamızın ayrı-ayrı yerlərində, dünyanın bir sıra ölkələrində “HEYDƏR ƏLİYEV – 100” yubiley tədbirləri keçirilir. Onun uzaqgörən siyasətçi, bənzərsiz strateq, dərin ədəbiyyat və incəsənət bilicisi, erüdisiyalı şəxsiyyət olduğunu heç kim inkar etmir. Əksinə, Dünyanın Siyasi cameəsində o, hamı tərəfindən bəyənilir, sevilir və təsdiqlənir. Hətta düşmən düşərgəsində olanlar belə, Heydər Əliyev şəxsiyyəti qarşısında baş əyib, “papaq çıxarmalı” olublar.

Güclü siyasi təcrübə, məntiqli və qüsursuz nitqi, gipnozedici baxışları qarşısındakını ram edirdi. Məhz bu keyfiyyətlər qoyduğu məqsədlərə çatmaq üçün onun yardımçısına və silahına çevrilirdi. Bənzərsiz aurası isə dost qazandırırdı. Dostları arasında kimlər yox idi ki – prezidentlər, siyasətçilər, media maqnatları, iri şirkət sahibləri, elm və sənət nümayəndələri və sadə əmək adamları...

Heydər Əliyev sonsuz məhəbbətlə sevən ər, qayğıkeş və tələbkar ata, səmimi qardaş idi. Ona görə də qarşısına çıxan bütün maneələrə və çətinliklərə öz məharəti, mətanəti ilə qalib gəlməyi bacarırdı. Elə bu bacarıq və inadkarlıq onun siyasi karyerasını müəyyən etdi – o hərtərəfli biliyə malik liderə çevrildi.

Vətən aşiqinin vətəndaş sevgisi siyasi sistemlərin və rejimlərin imtahanından onu üzüağ, alnıaçıq çıxartdı. Ona görə də ölümü ilə ölümsüzlüyə yüksələn bu şəxsiyyət tarixin səhnəsindən, tarixdən belə heç vaxt silinməyəcək – bu mümkünsüzdür, danılmayan həqiqət kimi...

ag-ciceyim

Sizlərə Heydər Əliyevin bir şakərindən – güllərə həzin, duyğusal, məhrəm sevgisindən söhbət açacağıq. Elə buna görə də “Ağ çiçəyim” mağazalar şəbəkəsinin rəhbəri Hacı Ceyhun Əliyevlə müsahibəni təqdim edirik.

 - Hacı Ceyhun, siz qardaşınız Siyavuşla birgə 1996-cı ildə ilk “Ağ çiçəyim” mağazasını açmaqla, vaxtilə Şüvəlan Gülçülük Sovxozunun (rəhbəri Adil Əliyev) şöhrətini yeni müstəviyə çıxartdınız. Bəlli məsələdir ki, əsası ötən əsrin 70-ci illərində qoyulan sovxoz Respüblika Mərkəzi Komitəsinin Birinci Katibi Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb.

- Elədir. O, pambıqçılıqla yanaşı, gülçülüyün inkişafına da böyük önəm verirdi. Bu səbəbdən də Pribaltika respublikalarının ardınca Azərbaycanda dərin gülçülük ənənəsi olan Şüvəlanda iri gülçülük təsərrüfatı yaradıldı. Külli miqdarda vəsait ayrıldı. Sonralar Zakatala və Ağdamda da köməkçi gülçülük sovxozları yaradıldı, bununla da Azərbaycan SSR məkanının ildə 3-4 milyon gül tədarükü edən iri bazasına çevrildi.

- Daha çox hansı güllərə üstünlük verilirdi?

- Tələbat qərənfil və qladioluslara olsa da, sonralar qızılgül növlərinə də diqqət artırıldı. Azərbaycan gülçülük brendi yaradıldı. Ölkəmizə 35 növ gül tingləri gətirildi. Bu işdə “Ağ çiçəyim”in rolu danılmazdır. “Vətən – 97” markası ilə fəaliyyətimizi davam etdirməyə çalışsaq da, “Ağ çiçəyim” bizlərə daha cəlbedici göründü. Qardaşım Siyavuşla ağır zəhmətə qatlaşaraq əvvəlcə paytaxtımızda, sonra isə respublikamızın şəhər və rayonlarında mağazalarımızın filiallarını açmağa nail olduq.

- Söhbət əsnasında bildirdiniz ki, Heydər Əliyevin Azərbaycana 1969-cu ildə və ikinci gəlişində də (1993) gülçülük sahəsinə önəm verilirdi. O, bir ara öləziyən Azərbaycan gülünün şöhrətini geri qaytarmağa nail oldu...

- Bu, həqiqətdir! Öndərimizin rəsmi qəbullarında, bayram və yubiley tədbirlərində, yeni açılan obyektlərdə Gül mühüm atribut kimi özəl statusa malik idi. Heydər Əliyevin gül dəstəsini bağrına basması, onun qoxusunu, rahiyəsini ciyərlərinə çəkməsi və əzizləməsi hamının yaddaşına həkk olunub. Bu səbəbdən də gül tərtibatına xüsusi məsuliyyətlə yanaşırdıq. Bu məsələdə o, bir qüsuru belə bağışlamazdı. Tərəfimizdən hazırlanan əl işlərimizi bəyənər, əməyimizə dəyər verərdi – ruhu şad olsun! Mübaliğəsiz deyə bilərik ki, belə zövqlü ikinci gül aşiqini tanımıram, səmimi sözümdür.

- Hacı Ceyhun, vaxtilə mayın 10-u “Gül bayramı” günü kimi qeyd olunurdu. Lakin torpaqlarımız işğal altında olduğundan bu tədbirlər müəyyən müddətə dayandırıldı... Məlum 44 günlük qələbədən sonra bu ənənənin də dirçəldilməsi vacibdir. Həm də Ümummilli Liderimizin ruhu da şad olar.

- Düz buyurursunuz. “Gül bayramı”nın xalqa qaytarılması – həyata ümidin qaytarılması, savab deməkdir. Millətimiz bu bayramı haqq edib. Haqqı haqq edənə qaytarmaq isə Allahı sevindirməkdir.

- Hacı Ceyhun, belə geniş, səmimi açıqlamalarınıza görə sizə təşəkkür edir, “Ağ çiçəyim”in daha da çiçəklənməsini arzulayırıq.

- Var olun. “Ağ çiçəyim” sizin, bizim deyil – dövlətimizə, ölkəmizə məxsusdur. Biz isə respublikamızın qulluğunda durmağa həmişə hazırıq.

Giya Paçxataşvili

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN