Finlandiya İsveçlə birlikdə NATO-ya daxil olmaq planından əl çəkmir və iyul ayından gec olmayaraq Şimali Atlantika Alyansına qoşulmağa ümid edir.
"Reuters" xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.
Haavisto Helsinkidə keçirdiyi mətbuat konfransında "Biz hələ də İsveçlə birlikdə NATO-ya daxil olmaq istəyirik" deyib.
Belə ki, Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük üçün birgə müraciətini ayrıca sənədlərə bölmək təklifinə cavab verib, çünki Ankara və Helsinki arasında qarşılıqlı fəaliyyətdə kardinal problemlər yoxdur.
Finlandiya prezidenti Sauli Niiniste bir müddət əvvəl bildirmişdi ki, Türkiyə tərəfinin və xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiyanın NATO-ya qəbulu ilə bağlı bəyanat və şərhləri Helsinkinin alyansla bağlı planlarına təsir etmir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalında bildirib ki, Ankara Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı İsveçi şoka salacaq bir qərar verə bilər. Siyasətçinin fikrincə, Türkiyə lazım gələrsə, İsveçin Quran yandırma hadisələri ilə bağlı etdiyi kimi, “eyni səhvləri təkrarlamasa, Finlandiya haqqında fərqli mesaj da verə bilər”.
E.ŞİRİNOV