Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 6-da Dini Liderlərin Qlobal Sammitində iştirak edən bəzi nümayəndələrlə ikitərəfli görüşlər keçirib.
Tezadlar.az qafqazislam.com-a xəbər verir ki, Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının Baş katibi Həmid Əzizullah Şəhriyarı ilə görüşdə Şeyxülislam həzrətləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) çərçivəsində Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində fəal iştirakına görə qonağa təşəkkür edib. Bəşəriyyəti narahat edən problemlərin din xadimləri tərəfindən müzakirəyə çıxarması üçün belə tədbirlərin əhəmiyyətindən danışıb.
QMİ sədri qonağın Sammit çərçivəsində işğaldan azad olunan ərazilərə səfər edəcəyini müsbət qiymətləndirib, Ermənistanın dini və tarixi abidələrimizə qarşı törətdiyi vandalizmin şahidi olacağını deyib. Həmçinin ölkəmizin suverenliyinin tam bərpasından sonra həmin ərazilərdə dövlətimizin həyata keçirdiyi böyük quruculuq işləri ilə yaxından tanış olmaq imkanı qazanacağını bildirib.
Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının Baş katibi Həmid Əzizullah Şəhriyari belə mötəbər tədbirə dəvətə görə təşəkkür edib, Sammitin yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayıb, tədbirin qarşıya qoyduğu məqsədlərə çatacağına inandığını dilə gətirib.
Panama Anglikan Kilsəsinin yepiskopu Julio Ernesto Murray Tampsonla görüşdə din xadimlərinin yaşıl planet uğrunda səylərinin birləşdirilməsinin vacibliyindən danışılıb.
Yepiskop Bakıda keçiriləcək COP-29 tədbirlərində də yaxından iştirak edəcəyini deyib, Azərbaycanın bu sahəyə diqqət ayırdığından məmnunluğunu ifadə edib.
Şeyxülislam Allahşükür Paşazadə Sammitin işində iştirakına görə yepiskopa minnətdarlığını bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da davam edəcəyinə inandığını deyib.
QMİ sədri ilə Qırğızıstan Müsəlmanları İdarəsinin sədri Əbdüləziz Zakirov arasında görüşdə Sammitin əhəmiyyəti, yüksək səviyyədə təşkil olunması barədə fikir mübadiləsi aparılıb, tədbirin yekun sənədlərində qeyd olunan məsələlərin həlli istiqamətində dini lderlərin birgə fəaliyyətinin gücləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər gələn il Bişkekdə keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatı Dini Liderlərinin növbəti toplantısına hazırlıq məsələlərini də müzakirə ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikan Dövlətinin Kardinalı Klaudio Qucerotti ilə görüşdə qonağı növbəti dəfə Azərbaycanda salamlamaqdan məmnun olduğunu deyib, onun əvvəllər ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirib.
Vatikana səfərini, Roma Katolik Kilsəsinin rəhbəri Zati- müqəddəslərinPapa Fransisklə görüşlərini xatırladan Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla Vatikan Dövləti arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi uğurlu layihələrin bu münasibətkərin inkişafına xüsusi töhvə verdiyini qeyd edib.
Kardinal Klaudio Qucerotti Dini Liderlərin yüksək səviyyədə keçirilməsi münasibəti ilə Şeyxülislam həzrətlərinə təbriklərink çatdırıb
Azərbaycan dövlətinin bu məsələdə dəstəyini xüsusi qeyd edib.
Allahşükür Paşazadə kimi nüfuzlu din xadimi ilə uzun illik dostluq əlaqələrindən şərəf duyduğunu deyib.
Söhbət zamanı Vatikanla QMİ arasında əlaqələrin gələcək perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Vatikan Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov da iştirak edib.
R.XUDATQIZI