Cavan və qoca arvadlar haqqında
“Gecənin bu qaranlığında gizlin-gizlin hara gedirsən, Zərdüşt? Və paltarının altında diqqətlə gizlətdiyin nədir belə?
Bu, sənə bağışlanmış xəzinə, yoxsa sənin yeni doğulmuş uşağındı? Yoxsa indi sən oğruların yolu ilə gedirsən, zalımların dostusan?”
- Həqiqətən, qardaşım! – Zərdüşt cavab verdi. Bu, mənə bağışlanmış bir xəzinədir. Bu, özümlə daşıdığım kiçik həqiqətdir.
Ancaq o, kiçik uşaq kimi narahatdır. Əgər mən onun ağzını yummasaydım, o,var gücü ilə qışqırardı.
Bu gün mən gün batan saatda təkbaşına yol gedəndə, bir qoca qarı qarşıma çıxdı və mənə belə dedi:
“Zərdüşt biz qadınlara çox şeylər danışıb, amma o, heç vaxt bizə qadınlardan danışmayıb”.
Mən ona etiraz etdim: “qadın haqqında yalnız kişilər danışmalıdır”.
Qarı dedi: “Qadın haqqında mənə də danışa bilərsən. və mən hər şeyi dərhal unuda biləcək yaşda bir qarıyam”.
Mən qarının xahişinə qulaq asıb ona belə dedim: Qadında hər şey sirdir və bu sirrin bir həlli var ki, ona da hamiləlik deyilir.
Kişi qadın üçün bir vasitədir. Məqsəd isə həmişə uşaqdır. Bəs qadın kişi üçün nədir?
Əsl kişi iki şey istəyir: təhlükə və oyun. Ona görə də o, qadını ən təhlükəli oyuncaq kimi istəyir.
Kişi müharibə, qadın isə döyüşçünün nazını çəkmək,yorğunluğunu çıxarmaq üçün tərbiyə edilməlidir. Qalan hər şey axmaqlıqdır.
Döyüşçü çox şirin meyvələri sevmir. Ona görə də qadını sevir. Ən şirin qadında da bir acılıq var.
Qadın uşaqları kişidən yaxşı başa düşür, amma kişi qadından çox uşaqdır.
Əsl kişi təbiətcə oynamaq istəyən uşaq kimidir. Qadınlar, kişi təbiətindəki bu uşağı tapın!
Qoy qadın hələ mövcud olmayan dünyanın fəzilətləri ilə parlayan almaz kimi saf və nurlu oyuncaq olsun.
Qoy sevginizi də ulduzun şüası işıqlandırsın! Qoy “Ah, kaş bir fövqəlinsan dünyaya gətirə bilsəydim!” sizin ümidiniz olsun.
Qoy sevginizdə cəsarət olsun! Siz öz sevginizlə sizdə qorxu yaradana hücum etməlisiniz.
Qoy sevginizdə şərəf olsun! Ümumiyyətlə, qadın şərəfdən çox az şey başa düşür. Ancaq qoy hər zaman sevilməkdən daha çox sevmək və heç vaxt ikinci olmamaq sizin şərəfiniz olsun.
Qoy kişi sevən qadından qorxsun. Çünki o, hər cür qurban verir və başqa bir şeyin onun üçün heç bir dəyəri yoxdur.
Kişi nifrət edən qadından qorxsun. Çünki ruhunun dərinliklərində kişi yalnız qəzəblidir, qadın isə daha pisdir.
Bir qadın ən çox kimə nifrət edir? Dəmir maqnitə belə dedi: “Ən çox sənə nifrət edirəm, çünki sən cəlb edirsən, amma özünə çəkəcək qədər güclü deyilsən.”
Kişinin xoşbəxtliyi: mən istəyirəm. Qadının xoşbəxtliyi: o istəyir.
“Bax, indi dünya mükəmməlləşdi!” - hər qadın bütün sevgisi ilə itaət edəndə belə düşünür.
Qadın isə itaət etməli və öz səthində dərinlik tapmalıdır. Səth qadının ruhu, dayaz suda hərəkət edən, ləpəli bir örtükdür.
Ancaq kişinin ruhu dərindir, onun fırtınalı axını yeraltı mağaralarda xışıltı ilə səslənir. Qadın onun gücünü hiss edir, amma anlamır.
Sonra qarı mənə etiraz etdi: “Zərdüşt, gənc olanlar üçün çox xoş sözlər söylədin.
Qəribədir ki, Zərdüşt az sayda qadın tanıyır, lakin o, onlar haqqında haqlıdır. Bu, bir qadın üçün qeyri-mümkün heç nə olmadığına görəmi baş verir?
İndi isə minnətdarlıq hissi olaraq kiçik bir həqiqəti qəbul et! Mən bunun üçün kifayət qədər qocayam!
Onu bərk-bərk bük və ağzını bağla, əks halda o bərkdən qışqıracaq. Bu, kiçik bir həqiqətdir”.
“Qadın, o kiçik həqiqətini mənə ver!” Qarı cavabında belə dedi:
“Qadınların yanına gedirsən? Qamçını unutma!”
Zərdüşt belə dedi.
İlan sancması haqqında
Bir gün Zərdüşt isti olduğu üçün əncir ağacının altında əlini də üzünə qoyub yuxuya getmişdi. Bu vaxt bir ilan gəlib onun boynundan sancdı və Zərdüşt ağrıdan qışqırdı. O, əlini üzündən çəkib ilana baxdı. İlan Zərdüştü tanıdı və yöndəmsiz halda sürünüb getmək istədi. Zərdüşt dedi: “Dayan! Mən sənə hələ təşəkkür etməmişəm! Yeri gəlmişkən, sən məni oyatdın, yolum isə çox uzaqdır”. “Yolun artıq qısadır”- deyə ilan kədərlə cavab verdi. “Çünki mənim zəhərim öldürür”. Zərdüşt gülümsədi və dedi: “Nə vaxtdan bəri əjdaha ilan zəhərindən ölüb? - Sən gəl zəhərini geri götür! Onu mənə verəcək qədər zəngin deyilsən”. İlan yenidən Zərdüştün boynuna sarıldı və sancdığı yeri yalamağa başladı.
Zərdüşt bir dəfə öz şagirdlərinə bunu deyəndə ondan soruşdular: “Ey Zərdüşt, sənin hekayənin əxlaqı mənası nədir?” Zərdüşt belə cavab verdi:
- Xeyirxahlar və salehlər mənə əxlaqı məhv edən deyirlər: mənim hekayəm də qeyri-əxlaqidir.
Əgər sənin düşmənin varsa, ona pisliyinin əvəzini yaxşılıqla vermə, çünki bu, onu utandırar. Əksinə, sizin üçün xeyirxah bir şey etdiyini ona sübut edin.
Yaxşı olar ki, ona qəzəblənin, amma utandırmayın! Səni lənətləyəndə isə sənin lənətləyənlərə xeyir-dua vermək istəməyin mənim xoşuma gəlmir. Sənin də bir az lənətləməyin yaxşı olardı!
Əgər sizə qarşı böyük bir haqsızlıq edilibsə, siz də beş dəfə kiçik haqsızlıq edin! Bir adamın haqsızlığa məruz qalmasına baxmaq dəhşətlidir.
Məgər siz bunu artıq bilirdinizmi? Başqaları ilə paylaşılan haqsızlıq artıq ədalətin yarısıdır. Haqsızlığı daşıya bilən onu öz üzərinə götürməlidir!
Kiçik də olsa qisas almaq heç bir qisas almamaqdan daha insanidir. Əgər cəza da günahkarın haqqı və şərəfi deyilsə, mən sizin cəzanızı istəmirəm.
Özünü haqlı saymaq, xüsusən də haqlısansa, haqlı olmaqdan daha nəcibdir. Özünü haqsız hesab etmək, haqlı olmaqdan daha nəcibdir, xüsusən də haqlısansa. Sadəcə bunu etmək üçün kifayət qədər zəngin olmalısan.
Sizin soyuq ədalətinizdən xoşum gəlmir. Sizin hakimlərin baxışlarında mən həmişə cəlladı və onun soyuq bıçağını görürəm.
Mənə deyin görüm, bəs görəsən aydın gözlü sevgi olan ədalət haradadır?
Mənə təkcə bütün cəzaları deyil, həm də bütün günahları daşıyan bir sevgi tapın!
Mənə hökm edəndən başqa hər kəsə haqq qazandıran ədaləti tapın!
Siz bunu da eşitmək istəyirsiniz? Tamamilə ədalətli olmaq istəyən biri üçün yalan belə insan üçün sevgiyə çevrilir.
Amma mən tamamilə necə ədalətli ola bilərdim! Hamıya haqqımı necə verə bilərdim! Hər kəsə mənim olanı verdiyim bəs edər.
Nəhayət, qardaşlarım, zahidlərə qarşı haqsızlıq etməkdən çəkinin!
Zahid dərin bir bulağa bənzəyir. Ona daş atmaq asandır. Amma o, lap dibə düşsə, deyin, kim onu yenidən çıxartmaq istərdi?
Zahidi incitməkdən çəkinin! Yox, əgər bunu etmisinizsə, o zaman onu öldürün!
Zərdüşt belə dedi.
Uşaq və nigah haqqında
Sənə bir sualım var, qardaşım. Bu sualı sənin qəlbinə atıram ki, onun nə qədər dərin olduğunu öyrənəm.
Sən gəncsən, uşaq və nigah istəyirsən. Amma mən səndən soruşuram: uşaq istəmək hüququna malik olacaq qədər insansanmı?
Sən qalibsənmi, özünü dəf etdinmi, hisslərinin, fəzilətlərinin ağasısanmı? Səndən soruşuram.
Yoxsa sənin istəyində danışan heyvan və ehtiyacdır? Yoxsa tənhalıq? Yoxsa özünüzlə fikir ayrılığı?
Mən istəyirəm ki, sənin qələbən və azadlığın uşaq həsrətində olsun. Sən öz qələbən və azadlığın üçün canlı abidələr tikməlisən.
Daha sonra özünü tikməlisən. Ancaq əvvəlcə özün bədənə və ruha nisbətdə düzbucaqlı bir şəkildə tikilməlisən.
Yalnız genişliyə deyil, eyni zamanda yüksəkliyə doğru da böyüməlisən! Nigah bağı bu işdə sənə kömək olsun!
Sən ali bir vücud, başlanğıc hərəkət, öz-özünə diyirlənən təkər, yaradanın özünü yaratmalısan.
Nigah- mən bunu yaradandan daha böyük olanı yaratmaq üçün iki nəfərin iradəsini adlandırıram. Eyni iradəni istəyənlərə gəlincə, mən nigahı bir-birinə dərin hörmət bəsləməyi adlandırıram.
Qoy bu, sənin nigahının mənası və həqiqəti olsun. Ancaq çox şeyin nigah adlandırılması artıqdır. - Ah, mən bilmirəm onu necə adlandırım?
Ah, cütlükdəki ruhun bu yoxsulluğu! Ah, cütlükdəki ruhun bu çirkablığı! Ah, cütlükdəki özümüzdən bu acınacaqlı məmnunluq!
Bütün bunları nigah adlandırırlar.Və onlar deyirlər ki, nikahlar güya göylərdə bağlanır.
Eləsə, mən bu artıq insanların göylərini istəmirəm! Xeyr, onlar-heyvanların səma torunda ilişənlər mənə lazım deyil!
Axsaya-axsaya birləşdirə bilmədiklərinə xeyir-dua verməyə gedən Allah məndən uzaq olsun!
Bu nigahlara gülməyin! Hansı uşağın valideynləri üçün ağlamağa əsası yoxdur?
Bu adam mənə layiqli və torpağın mənasını anlayan adam kimi görünürdü. Amma onun arvadını görəndə yer mənə dəlilər evi kimi göründü.
Bəli, istərdim ki, övliya qazla birləşəndə yer titrəsin.
Birisi bir qəhrəman kimi həqiqəti axtarmağa getdi, sonda isə qazancı bəzənilmiş yalan oldu. O, bunu özünün nigahı adlandırır.
Digəri ünsiyyətdə tələbkar, seçimində səliqəli idi. Amma bir anda o, öz cəmiyyətini bütün dövrlər üçün məhv etdi. O, buna özünün nigahı deyir.
Üçüncüsü, o, mələk fəzilətinə malik bir qulluqçu axtarırdı. Amma bir anda bir qadının xidmətçisi oldu və indi onun özü də mələk olmalı idi.
Mal alanların hamısının ehtiyatlı hərəkət etdiyini gördüm. Onların hamısının hiyləgər gözləri var idi. Amma onların ən hiyləgəri belə özünə torbada arvad almağı bacarır.
Bir çox qısa ağılsızlıq - siz buna sevgi deyirsiniz. Sizin nigahınız da uzun bir axmaqlıq kimi bir çox qısa axmaqlığa son qoyur.
Sənin arvadına olan sevgin və arvadının ərinə olan sevgisi - ah, kaş ki, onun iztirablara və gizli tanrılara yazığı gələydi! Ancaq demək olar ki, həmişə iki heyvan bir-birini təxmin edir.
Və hətta ən yaxşı sevginiz də yalnız həvəsli bir simvol və ağrılı bir şövqdür. Sevgi bir məşəldir ki, o, sizin üçün daha yüksək yolları işıqlandırmalıdır.
Bir gün özünüzdən daha çox sevməli olacaqsınız! Sevməyi öyrənməyə başlayın! Və buna görə də sevginin acısını dadmalısınız.
Acı hətta ən yaxşı sevginin qədəhində də var. O, fövqəl insanda bu cür kədər, səndə, yaradıcıda bir ehtiras oyadır!
Qardaşım, yaradıcıda həsrət, fövqəlinsanda kədər- sənin nigah əzmin budurmu?
Belə bir əzm və belə bir nigah mənim üçün müqəddəsdir.
Zərdüşt belə dedi.
(Ardı var)
Tərcümə etdi:Şakir QURBANOV