Vaşinqtonda qəzaya uğrayan təyyarədə olan sərnişinlər arasında qoşa konkisürmə üzrə SSRİ çempionatının bürünc mükafatçısı İnna Volyanskaya da olub.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
"Qəzaya düşən təyyarənin göyərtəsində fiqurlu konkisürmə üzrə keçmiş rusiyalı məşqçi İnna Volyanskaya olub", - agentliyin mənbəsi bildirib.
Volyanskayanın 58 yaşı var və Valeri Spiridonov ilə cütlükdə çıxış edib. Onlar birlikdə SSRİ çempionatının bürünc mükafatçıları (1980), SSRİ Xalqlarının Spartakiadasının (1982) və SSRİ Kubokunun (1980) qalibi olublar.
Qeyd edək ki, çərşənbə günü axşam Vaşinqtonun mərkəzindən avtomobillə 10-15 dəqiqəlik məsafədə yerləşən Ronald Reyqan hava limanı yaxınlığında səmada Amerika sərnişin təyyarəsi və ABŞ ordusuna məxsus helikopter toqquşub. Kanzasdan “American Airlines” üçün uçan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
“BNO News” xəbər verir ki, Potomak çayından ən azı 19 cəsəd çıxarılıb. CNN xəbər verir ki, bir saat yarım axtarışdan sonra sağ qalan tapılmayıb. Bundan əvvəl NBC televiziya şirkətinin regional bölməsi təyyarə qəzasından sonra ən azı dörd nəfərin Potomak çayından çıxarıldığını bildirmişdi.
CNN telekanalı xəbər verir ki, toqquşma zamanı ABŞ ordusuna məxsus “Black Hawk” helikopteri təlim uçuşunda olub. Helikopterin göyərtəsində ən azı üç hərbçi olub.
E.ŞİRİNOV