Respublika ərazisində qarayara xəstəliyinə qarşı  Peyvəndləmə «Azərbaycan Respublikası üzrə 2022-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun  olaraq aparılır. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında həyata keçirilir.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi (HSBXM) xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların özlərinin və heyvanlarının xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər. Qeyd edək ki, torpaq infeksiyası olan qarayara kəskin yoluxucu xəstəlik olub, septisemiya, müxtəlif böyüklükdə karbunkullar əmələ gəlməsi və ağır intoksikasiya ilə özünü göstərir.

Qarayaranın baş verməsi nəticəsində təsərrüfatlara böyük iqtisadi zərər dəyir. Təbii halda xəstəliyə iri və xırdabuynuzlu heyvanlar, dəvə, at, maral və başqa heyvanlar həssasdırlar. Bundan başqa, bir çox vəhşi heyvanlar da xəstəliyə tutulurlar. Qarayaraya insanlar da həssasdır.

Heyvanlarda xəstəlik çox vaxt itigedişli və ildırımvari gedişli olur, ölüm qısa zaman ərzində baş verə bilir.

Qarayarayadan tələf olan heyvan cəsədi çox tez köpür, bütün təbii dəliklərdən qanlı köpük axır, selikli qişalar göyərir, qan sızmaları görünür, dərialtı toxuma şişkinləşir. Qan tünd rəngli, qatı və laxtalanmamış olur.

Baytar mütəxəssisləri tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Ödənişsiz əsaslarla aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar həkimləri tərəfindən fermer və fərdi təsərrüfat sahibləri müxtəlif xəstəliklər haqqında  maarifləndirilir.

HSBXM qarayara xəstəliyinə qarşı aparılan profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini və aidiyyəti yerli qurumları baytar mütəxəssisləri ilə əməkdaşlığa dəvət edir.

Qeyd edilir ki, hazırda heyvanlar arasında heç bir infeksion xəstəlik, o cümlədən qarayara  xəstəliyi qeydə alınmayıb. Ölkədə epizootik durum sabitdir və profilaktiki tədbirlər davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN