...Müharibə təzə başlamışdı. Ordumuz Füzuli istiqamətində bir neçə kəndi və əsas yüksəkliklərdən birini düşməndən azad etmişdi. Cəbhədən hər gün döyüş xəbərləri gəlirdi...
***
Yurdlarımız ermənilər tərəfindən işğal ediləndə Nərgiz də, həyat yoldaşı Nadir də hələ orta məktəbdə oxuyurdular. İndi onlar ailə sahibi idilər. Və Nadirin həmişə ən böyük arzusu ermənilərlə üz-üzə döyüşmək idi. O, müharibə başlayan kimi də döyüşə yollanan ilk könüllülərdən olmuşdu. O peşəkar snayperçi idi, hərbi xidmət illərində yaxşı təcrübə qazanmışdı. Müharibəyə gedəndə isə, Nərgizə bərk-bərk tapşırmışdı ki, uşaqları soruşsa, desin ki, guya Bakıda tikintidə işləməyə gedib, tezliklə qayıdacaq.
***
Artıq on gün olardı, cəbhədə ağır döyüşlər gedirdi. Tez-tez telefonla danışardılar, amma son üç gündə Nadirlə danışa bilməmişdi. Telefonu söndürülmüşdü. İki dəfə Hərbi Komissarlığa zəng vurmuşdu, amma demişdilər ki, Nadirgilin kəşfiyyat bölməsi Xocavənd istiqamətində döyüşür, o ərazilərdə isə telefon tutmur. Amma Nadirlə eyni gün döyüşə getmiş qonşu İlhamın atası isə demişdi ki, onlar bir yerdədirlər. Hətta bir dəfə də mühasirəyə düşdükləri xəbəri gəlmişdi. Amma hələ ki heç bir dəqiq məlumat yox idi.
***
...Nərgiz qürurlu qadın idi, istənilən çətinliyə sinə gərməyi bacarırdı. Amma Nadirsiz belə bir gərgin günlərə heç uyğunlaşa bilmirdi. Həm də Nadirdən ürək açmayan xəbərlər vardı deyə, özünə yer tapa bilmirdi. Çünki iki məktəbli qız övladlarını dərsə göndərmək, onları hazırlığa yola salmaq, qarşılamaq... Bunlar tək qadın üçün çox çətin idi. Hərdən də müharibənin getdiyini düşündükcə, özünə təsəlli verərək, birtəhər uyğunlaşmağa çalışırdı.
***
Səhər erkən darvaza döyüldü. Nərgizin qulağı səsdə idi, Nadirdən xəbər gözləyirdi deyə, hər qapı tıqqıldayanda ürəyi az qala yerə düşəcək halda olurdu. Dərhal darvazaya tərəf qaçdı. Yaşadıqları indiki evi Bakıya köçəndən sonra, təzəlikcə almışdılar.
Qapını açdı, rayonun Qaz İdarəsindən bir mühəndis idi. Mühəndisin əlindəki siyahıya baxdı, sonra:
- Eşidirəm, sizə kim lazımdır? - deyə soruşdu.
Cavan oğlan əlindəki qaz borcu siyahısına baxa-baxa: - Bacı, yoldaşınız evdədir? - deyə xəbər aldı.
- Yox, nə lazımdır?
- Bilirsiz, qaz xətləri təzələnir, danışmaq lazımdır... Mən bu iş üzrə mühəndisəm. Nə vaxt evdə olacaq?
Nərgiz ani olaraq duruxdu, qəhər onu boğdu, birtəhər özünü ələ aldı, "Müharibədədir, ondan xəbər yoxdur...", - deməyə dili gəlmədi. Sadəcə, bunu, nədənsə, özünə sığışdırmadı:
- Ezamiyyətdədir, dəqiq bilmirəm, nə vaxt gələcək...
- Gələn həftə gələr?
- O müqəddəs torpaq haqqı, dəqiq bilmirəm... Telefon nömrənizi qoyun, gələndə özü sizə zəng edər...
Oğlan nəsə fikirləşib Nərgizdən bir də soruşdu:
- Bəlkə onun telefon nömrəsini verəsiniz, özüm zəng edim?...
Nərgiz, deyəsən, çətin sual qarşısında qalmışdı. Dərindən ah çəkib oğlanın üzünə baxdı.
- Buyurun, zəng edin: 055455....
Mühəndis zəng vurdu, amma telefon bağlı idi.
- Xanım, telefonu bağlıdır...
- Dedim axı, siz telefon nömrənizi qoyun, o özü sizə zəng vurar.
Oğlan öz nömrəsini kağıza yazıb verərək: - Adım Rəsuldur, - deyərək əlavə etdi: - Xahiş edirəm, əlaqə yaradan kimi deyin, təcili zəng etsin. Biz mənzilə baxış keçirməliyik, qaz xətləri yoxlanılmalıdır...
- Narahat olmayın, çatdıraram...
Artıq iki həftə idi ki, mühəndis, hərdən də qaz işçiləri qapını döyürdülər, lakin Nərgiz nə deyəcəyini bilmədiyindən qapını açmırdı. Nadirdən isə heç bir xəbər yox idi... Küçədə isə qaz idarəsinin işçiləri qazıntı işlərini yekunlaşdırıb üstünü asfaltlamışdılar. Qonşu evlərə də qaz çəkilişi başa çatmışdı. Nərgizgil bu həyətə müharibə başlayan ərəfədə köçdüklərindən mənzillərinə gələcək təzə qaz xətti çəkilişi yarımçıq qalmışdı. Bir az da qaz borcu yığılmışdı. Müharibədə olan həyat yoldaşının isə, nə öldüsü bilinirdi, nə də qaldısı. Ona görə də o, uşaqları qonşuya tapşıraraq iki gündən bir Horadizdəki hospitala getməli olurdu...
***
Bir aya yaxın vaxt ötürdü. Müharibədən ardıcıl olaraq qələbə xəbərləri gəlirdi. Nərgiz artıq bir az rahat idi, çünki daha qapını döyən yox idi.
Elə bu barədə ürəyində götür-qoy etmişdi ki, birdən darvaza döyüldü. Bu qapıdöymə mühəndisinkinə oxşamırdı. Kim idisə, əlindəki dəmir parçası ilə darvazanın həyət qapısını var gücü ilə döyürdü.
Dərhal darvazaya tərəf qaçdı, qapıya yaxınlaşıb açanda qonşuları Həsən müəllimi gördü:
- Qızım, siz evdə olmamısınız, nəzarətçilər gəlibmiş, bu məktubu bizə veriblər...
- Nə məktubdu, Həsən dayı?
- Üstünə baxdım, məhkəmədəndir...
- Məhkəmədən?
Nərgiz ani olaraq duruxdu, axı onların məhkəməlik nə işi ola bilərdi?! Dərhal zərfi açdı. Həqiqətən də, məhkəmədən idi.
Nərgiz Həsən müəllimə təşəkkür edib evə qaçdı. Zərfin içində məhkəməyə çağırış vərəqi, bir də iddia ərizəsi var idi. Qaz İdarəsi iddia qaldırıb ki, mənzil sahibi qəsdən layihənin icrasına mane olduğundan barəsində 2 min manat təzminat ödəməsi təmin edilsin...
***
...Nərgiz məhkəmənin çağırışına iki dəfə getmədi, zəng edib məhkəmə katibinə səbəbi barədə məlumat vermişdi. Düşünürdü ki, bəlkə Nadirdən xəbər çıxar, məhkəməyə də özü gedər.
Nəhayət, katibin sonuncu israrlı zəngi onu məhkəməyə baş çəkməyə məcbur etdi.
***
Məhkəmə katibi tərəflərdən kimlərin gəlib-gəlmədiyini yoxladı. Hər iki tərəf gəlmişdi. Hakim zala daxil oldu. Katib uca səslə "Qalxın, məhkəmə gəlir!" - deyəndə hamı ayağa qalxdı, hakim amiranə səslə "Əyləşin!" deyib zala göz gəzdirdi. Sonra iclası açıq elan etdi:
- Bu gün açıq məhkəmə iclasında iddiaçı olan Qaz İdarəsinin vətəndaş Nadir Həsənova qarşı mülki iddiasına baxılır. Vətəndaş Həsənova, həyat yoldaşınız çağırışdan yayınır, idarənin işini yubadır. Siz niyə dövlət idarəsinin rəsmi nümayəndəsinə qapını açmırsınız? Yəqin iddia ərizəsini oxumusunuz?
- Bəli, möhtərəm hakim, oxumuşam...
- Mühəndis neçə dəfə sizə xəbərdarlıq edib ki, bu dövlət layihəsidir, icra müddəti var, mənzilə baxış keçirilməlidir. Hətta siz mənzil sahibi, yəni mülkiyyətçi olan həyat yoldaşınızın işlək telefon nömrəsini belə ona verməmisiniz.
-Yox, vermişəm...
Hakim zala göz gəzdirdi:
- İddiaçının nümayəndəsi kimdir?
- Mənəm, möhtərəm hakim, mühəndis. Xanım doğru demir, əvvəl bir nömrə verdi, zəng etdim, bağlı idi, sonra dəfələrlə mənzillərinə özüm, işçilərimiz baş çəkib, içəridən səs gəlib, amma qapını qəsdən açan olmayıb. Mənzilin 200 manat qaz borcu var, görünür, onu ödəməmək üçün qəsdən qapını üzümüzə bağlayırlar. Dəfələrlə xahiş etmişik, yoldaşı da gizlənir, üzə çıxmır...
Nərgiz susub dillənmirdi.
Hakim cavabdehə səsləndi:
- Xanım, axı bu qanunsuzluqdur. Siz dövlət layihəsinin icrasına mane olmaqda günahlandırılırsınız. Özünüzü təqsirkar bilirsinizmi?
Nərgiz əvvəlcə mühəndisə, sonra hakimə baxdı. Nə deyəcəyini bilmirdi. Hakim isə ondan bəzi suallara cavab tələb edirdi. Qızlarını məktəbə yola salmaq üçün özü ilə götürmüşdü deyə, onların yanında açıb danışa bilmirdi ki, axı Nadir müharibədədir... Onu isə həyat yoldaşının yerini gizlətməkdə ittiham edirdilər. "Bir Allah bilir ki, Nadir müharibəyə gedib, sağ olmasından əlimizi də üzmüşük", - deyə ani olaraq öz-özünə düşündü. Ürəyindən qara qanlar axırdı, amma hələ ki, dözürdü, qürurunu sındırmırdı...
Birdən mobil telefonuna Müdafiə Nazirliyindən mesaj gəldi. O, bir ay idi həyat yoldaşından xəbər gözləyirdi. Nadirlə birgə olan döyüşçülərin Qubadlı istiqamətində şəhid olduğunu demişdilər, amma həmin bölgədə şiddətli döyüşlər getdiyindən Nadirlə bağlı dəqiq məlumat yox idi. Amma bu dəfə məlumat rəsmən təsdiqlənmişdi: həyat yoldaşı qəhrəmancasına şəhid olmuşdu. Telefonuna Müdafiə Nazirliyindən gələn mesajda belə yazılmışdı.
Mühəndisin sərt səsi Nərgizə telefondakı mesajı diqqətlə oxumasına imkan vermədi:
Mühəndis:
- Möhtərəm hakim, görürsünüz, vətəndaş məhkəmə iclasını da vecinə almır, telefonla qurdalanır, bu məhkəməyə hörmətsizlikdir...
Hakim Nərgizin əlindəki telefona baxdı, qadının əlləri əsirdi.
- Xanım, siz məhkəmə iclası gedə-gedə telefonla məşğul olursunuz! Bu da iddiaçını qəzəbləndirir... Axı...
Nərgiz yanağından süzülən göz yaşını silərək mühəndisə baxdı. Hakim tutulmuşdu. O göz yaşını gizlətməyə çalışan Nərgizi ayağa qaldırdı:
- Xanım, ağlamaqla iş bitmir, günahınız odur ki, siz hələ də evin mülkiyyətçisinin, yəni həyat yoldaşınızın yerini demirsiniz. Hətta o, məhkəmə iclasına da gəlmir. Bəlkə başqa nömrəsi var, gizlətməyin, deyin. Artıq üçüncü iclasdır, iki dəfədir bizə söz verirsiz ki, iclası təxirə salaq, yoldaşınız özü gələcək, amma o gəlmir. Bu gün də gəlmədi. Mən artıq qərarımı elan edəcəyəm...
Hakim qarşısındakı sənədlərə bir də diqqət kəsilərək: - Məhkəməyə sözünüz varmı? - deyib Nərgizə tərəf baxdı.
Nərgiz qara kəlağayısını əlinə alaraq baxışlarını ona zilləmiş körpə qızlarının başını sığalladı, amma yenə də hakimə heç nə deyə bilmədi. Nitqi tutulmuşdu. O istəmirdi ki, qızları atalarının şəhid olduğunu bu zalda eşitsinlər...
Hakim bir də soruşdu:
- Xanım, söz verirsinizmi ki, əriniz növbəti məhkəmə iclasına gələcək?
Nərgiz başını qaldırıb mühəndisin yerindən dediyi atmacasına əvvəlcə cavab vermək istədi, amma fikrindən daşındı... Hakim bir də soruşdu:
- Xanım, sonuncu dəfə soruşuram: həyat yoldaşınızın növbəti iclasa gələcəyinə dair öhdəlik götürə bilərsinizmi?
Nərgiz düşünmədən: - Yox, cənab hakim! - deyərək, qəzəb dolu baxışlarla mühəndisi süzdü.
Mühəndis əsəbindən bilmirdi neyləsin, tez ayağa qalxdı:
- Möhtərəm hakim, görürsünüzmü, qəti şəkildə deyir ki, yox... Xahiş edirəm, qərarınızı elan edin, bizim vacib işlərimiz var.
Hakim pərt olubmuş kimi təkrarən sual verməli oldu:
- Xanım, çox maraqlıdır, yoldaşınız niyə məhkəmə iclasına gəlmək istəmir? Siz də qəti şəkildə deyirsiniz ki, o, məhkəmə iclasına gəlməyəcək. Elə isə biz onun məhkəməyə məcburi gətirdilməsi barədə qərar verməli olacağıq.
Nərgiz duruxdu, özündə deyildi. Əlindəki telefona, bir də telefondakı mesaja baxıb sərt formada dedi:
- Möhtərəm hakim, siz onu məhkəməyə məcburi gətirdə bilməyəcəksiniz...
Hakim özündən çıxdı:
- Vətəndaş, siz nə danışdığınızın fərqindəsinizmi???
Nərgiz özündə güc toplayıb bütün vücudu ilə qışqırmaq istədi, amma bunu etməyi yenə də özünə rəva bilmədi: "Axı necə ola bilər ki, bütün qəsəbə Nadirin müharibədə döyüşdüyünü bilir, amma Qaz İdarəsinin işçiləri bundan xəbərsizdir?" kimi düşüncələrlə qızlarının ona zillənmiş məsum və həyəcan dolu gözlərinə baxdı, hər ikisini qucaqlayıb sinəsinə sıxdı. Sonra yerindən durub sakit addımlarla hakimə yaxınlaşdı, düz qarşısında dayandı...
Zalda növbəti iclasa gəlmiş xeyli adam var idi. Ətrafa lal bir sükut çökmüşdü. Nərgiz astaca, təmkinlə, sakit səslə: - Möhtərəm hakim, - dedi, - Bir daha bildirirəm, qoy hörmətli mühəndis də bilsin, həyat yoldaşım Nadir bu məhkəmə iclasına heç bir vaxt gələ bilməyəcək! Çünki o, bu gün Şuşa uğrunda gedən qanlı döyüşdə şəhid olub!!! Bu da indicə Müdafiə Nazirliyindən telefonuma gələn mesaj. Oxuya bilərsiniz...
Nərgiz kəlağayısını əlində bükmələdi, sonra qızlarının əlindən tutub yeyin addımlarla məhkəmə zalını tərk etdi...
***
Hamı donub qalmışdı. Hakim ayağa qalxdı, dərindən ah çəkib hüznlü addımlarla müşavirə otağına getdi, bir neçə dəqiqədən sonra zala daxil oldu. Hamı ayaq üstə idi. Hakim qərarını elan etdi:
- Məhkəmə qərara aldı: 1.İddia təmin edilməsin. 2.Vətəndaşın Qaz İdarəsinə olan 200 manat borcu idarənin büdcəsindən ödənilsin! 3.Bir il ərzində ailənin qaz təminatı idarənin daxili vəsaiti hesabına həyata keçirilsin...
Hakim qərarını elan edəndən sonra nəmli gözlərini sildi, sonra zalda hələ də ayaq üstə donub qalmış adamlara baxdı. Hamı hüznlü baxışlarını ona zilləmişdi...
("Ədəbiyyat" qəzeti, 6 dekabr 2024- cü il).