1997-1998-ci illərdə bu beynəlxalq nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü irəli sürüləndən bəri hər dəfə müəyyən problemlər yaranırdı.

Bunu Özbəkistanın “Məna” Araşdırma Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyor Erqaşev bildirib.

O, diqqətə çatdırıb ki, 2017-ci ildə Özbəkistanda Prezident Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə bu layihəyə yeni nəfəs verilib:

“Layihə Özbəkistanın milli nəqliyyat siyasətinin əsas prioritetlərindən birinə çevrildi, bu dəmir yolu marşrutu ilə bağlı Qırğızıstanla konsensus əldə edildi. Hazırda layihənin maliyyələşdirilməsi nəzərdən keçirilir”, - deyə bildirib.

Mərkəzin direktoru həmin marşrutun Çindən başlayaraq Orta Asiyadan keçən yolu Xəzər dənizi üzərindən Ələtə bağlayacağıı vurğulayıb.

O, xatırladıb ki, Azərbaycan artıq Bakı-Tbilisi-Qars Cənubi Qafqaz dəmir yolu dəhlizinin istismarına başladığı üçün Özbəkistan da Türkiyənin Aralıq dənizi limanlarına çıxış imkanı əldə edəcək.

“Bu, həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın nəqliyyat və tranzit potensialının reallaşmasına ciddi təsir göstərəcək.

Biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu ilə Mərkəzi Asiya ölkələri vasitəsilə Çin və Türkiyəni birləşdirəcək daha bir yüksək tələbatlı nəqliyyat dəhlizi əldə edəcəyik”, - deyib.

Bəxtiyar Erqaşev əlavə edib ki, həmin xətlə ilk mərhələdə ildə 10 milyon tona qədər yük daşına bilər .

Xatırladaq ki, iyunun 21-22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanda səfərdə olub.

Səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata  verdiyi bəyanatda bildirib ki, Azərbaycanla kooperasiya layihələrinə xüsusi diqqət yetiriləcək:

“ Bildiyiniz kimi, biz Hacıqabulda avtomobillərin birgə istehsalını uğurla nizamlamışıq. İpəkçilik sahəsində əməkdaşlığı inkişaf etdiririk. Avtomobilqayırma üzrə razılığa gəldik ki, yeni istiqamətlər üzrə buraxılışı genişləndirəcəyik, ona görə ki, bizim artıq təcrübəmiz, tam qarşılıqlı anlaşma və tam etimad var. Biz dedik ki, bu sahəni hər iki tərəfdən dəstəkləyəcəyik. Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işləyirik. Bu məqsədlə artıq cari ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəldik. Biz, həmçinin hökumətlərarası birgə komissiyaya sənaye kooperasiyası proqramını qəbul etməyi tapşırdıq.

Digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır. Bu gün, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcmi artır. Biz yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəldik. İqlimlə bağlı təhdidlərin və ərzaq təhlükəsizliyi problemlərinin artması fonunda biz kənd təsərrüfatı sahəsində daha sıx işləmək niyyətindəyik. Elmi və innovasiya araşdırmalarını fəal surətdə bölüşəcək, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti nizamlayacaq, investisiya layihələrini həyata keçirəcəyik. Kənd təsərrüfatında konkret olaraq hansı sahələrdə işləmək və hansı sahələrin daha tez nəticə verməsi, hansı istiqamətlərdə bir-birimizi tamamlamaq barədə də razılaşdıq. Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşma çox inkişaf edib və biz dedik ki, kənd təsərrüfatında rəqəmsallaşmanın bu təcrübəsini öyrənmək bizim üçün çox faydalı olardı”, - deyə bildirmişdi.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN