Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisinin ölüm səbəbini açıqlayıb.
Penitensiar Xidmətdən verilən məlumatda bildirilir ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.
Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Zaki İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.
Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib".
Xatırladaq ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş 1959-cu il təvəllüdlü Zakir Əlibala oğlu İsmayılov keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işləyib. Onun işlədiyi dövrdə dövlət təhlükəsizliyi və milli maraqların zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.
İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək ömürlük həbs olunub.
Qeyd edək ki, araşdırmalar zamanı onun həyat yoldaşı Nəzakət İsmayılovanın da bu cinayətdə iştirakçılığı müəyyən edilib. Və 2020-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə N.İsmayılova 10 il müddətə həbs cəzasına məhkum edib.
JASMİN