Hələ də dələduzluq əməlindən əl çəkməyərək vətəndaşları aldadanlara rast gəlmək mümkündür...
Məsələn, Qurbanov Əhliman Sultan oğlunun vətəndaşa qarşı qanunsuz hərəkətlər etməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır. Baş Prokurorluğun Mətbuat xidmətindən "Təzadlar"a verilən məlumatda bildirilir: "Aparılmış istintaqla müəyyən edilib ki, Əhliman Qurbanovun 2018-ci ildə ona müraciət edən birinci Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına köməklik göstərəcəyini yalandan vəd edərək sonuncunun 16 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr vardır. İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan edilməklə, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir".
Bu da nəticəsi. Yəqinki məhkəmə dələduza ziyanı ödətdirib ən azı 5-7 il azadlığını əlindən alacaq. Lazım idimi???
A.Məmmədli