Avqustun 26-sı ölkənin birinci xanımı Mehriban Əliyevanın növbəti ad günüdür...
Allah-Təala müqəddəs kitabımızda çox yerdə vurğulayır ki, hər şeydən xəbərdardır və yerin - göyün, bütün kainatın da Sahibi özüdür. Onun iradəsindən kənarda heç nə baş verə bilməz. Əl - Bəqərə surəsinin, 116-cı ayəsində yazılıb: - “Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!”. Və Hədid surəsinin, 57-ci ayəsi isə daha konkret olaraq insanın alın yazısının əvvəlcədən təyin olunduğuna bir işarədir: - “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir hadisə yoxdur ki, Biz onu yaratmamışdan əvvəl, o “lövhi-məhfuzda” yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”
Hesablamalara görə dünyada mövcud olan yeddi milyard altı yüz milyondan çox insanın yaşadığı 245 ölkə var. Onlardan cəmi 193-ü rəsmi tanınan dövlətdir. Sizə zarafat gəlməsin, səkkiz milyarda yaxın adamın arasından 193 insandan biri olmaq təsadüfi ola bilməz. Bəli, bütün təyinatlar Allaha məxsusdur. O, istəməsə, heç bir təyinat baş tutmaz...
Müdrik, uzaqgörən, zəkalı xanımdır. İpək kimi qəlbi var, xeyirxah və mərhəmətlidir, insanları sevindirməkdən, ehtiyacı olanlara yardım etməkdən zövq alır. Daxili dünyasının zənginliyi onu daha da nurlu, işıqlı göstərir. Məqsədə doğru əzmlə addımlamağı bacarır və taleyinə yazılan təyinatı icra edir...
Deyir ki,- “Anam orta məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutaraq, nəticədə görkəmli filoloq, şərqşünas-alim olmasına səbəbkar oldular. Və anam Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışaraq, sonda həmin institututa rəhbərlik etdi. Bax, onun bu baş tutmayan arzusu mənim seçimimi müəyyənləşdirdi və mən həkim oldum…”
İki qız, bir oğul anası, bir neçə nəvənin nənəsidir. Evinə, ailəsinə çox bağlıdır. Onun olduğu yer ideal təmiz, təravət qoxusu ilə dolu olmalıdır. Səliqə-səhmanı xoşlayır. Nizam-intizama önəm verir, qarışıqlığı sevmir…
Deyir ki,- “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla! İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram...”
Mehriban, nəzakətli xanımdır. Son dərəcə diqqətlidir. Yaxşılara dəyər verməyi, diqqət göstərməyi bacarır. Onun üçün dürüstlük çox əhəmiyyətlidir. Əmin olmadan heç zaman qərar vermir. Qərar verdisə, tərəddüt etmədən həyata keçirməyə tələsir. Ətrafdakılara soyuq münasibət göstərmir, biganə deyil, həssas və şəfqətli insandır. Ona pənah gətirən hər kəsə dəstək verməyə, yardım etməyə çalışır...
Deyir ki,- “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır...”
Dövlətini, xalqını sevən, vətənpərvər insandır. Dünyada rəsmən tanınan 193 müstəqil dövlətin sırasında Azərbaycanın da bayrağının olmasından qürur duyur...
“Biz 31 ildir ki, müstəqil dövlətik. Müstəqillik xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda, beynəlxalq aləmdə müasir Azərbaycanın real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə, dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sahələrdə çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu, qədim ənənələrin müasir meylidir. Ölkəmizə gələn hər bir qonaq möhtəşəm inkişafla yanaşı, azərbaycanlıların məxsusi qonaqpərvərliyini və genişürəkliliyini qeyd edir. Bizim yaşıdlarımızın bəxti gətirib ki, Azərbaycanda həqiqətən böyük dəyişikliklər və zəfərlər dövründə yaşayırıq, bütün quruculuq proseslərinin iştirakçısı ola bilərik. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək lazımdır...”- söyləyir...
Qürurlu və ləyaqətlidir. Əsilzadələrə xas olan davranış qaydaları var. Xaraktercə ciddi olduğundan yalanı, qeyri-səmimiliyi sevmir. Bəli, haqqında söhbət açdığım Mehriban xanım Əliyevanı düşmən üzərində zəfər çalmış ölkənin birinci xanımı kimi hamı çox sevir və ona inanırlar...
Avqustun 26-sı Mehriban xanımın növbəti ad günüdür. Bu ölkənin sadə bir vətəndaşı kimi, mən də Onu ad günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat, müvəffəqiyyət arzulayıram.
Yeni yaşınız mübarək!
Elman Eldaroğlu
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN