Mirvari Qəhrəmanlı: «Neftçilərin mənə göndərdiyi məktub və fotoşəkillərdən məlum olur ki, SOCAR-da, hətta İranda istehsal olunan 20 qəpiklik şirniyyatı və məşhur 20 qəpiklik «Bakuş»u da uşaqların hədiyyələrinə əlavə ediblər…»
«Təzadlar»ın elektron poçtuna daxil olan bir məktub bizi düşünməyə məcbur etdi. Söhbət SOCAR rəhbərliyinin Həmkarlar Təşkilatları ilə birlikdə təşkil etdiyi Yeni İl şənliklərinin mahiyyətindən gedir. Məlum olur ki, rəhbərlikdə çalışanların uşaqları Yeni ili Bakının ən bahalı əyləncə məkanlarında, hətta bayramı xarici ölkələrdə qarşıladığı halda, sadə neftçilərin uşaqlarına isə içərisində 15-20 qəpiklik bir neçə şirniyyat olan hədiyyə paketi göndərilib. Təbii ki, adı Şaxta babanın olsa da, məsuliyyət həmkarlar təşkilatlarının sədrlərinin üzərində qalır.
Məsələyə aydınlıq gətirilməsi üçün Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlıya müraciət etdik:
-Mirvari xanım, yəqinki Sizə də neftçi uşaqlarının Yeni İl hədiyyəsi ilə bağlı şikayətlər daxil olub…
-Bəli. Mənə göndərilən məktubda nefiçilər yazırlar ki, Şaxta Babanın və Qar Qızın adından göndərilən Yeni İl hədiyyəsi 4 şeydən ibarətdir: qiymətləri 20 qəpik, 20 qəpik, 25 və 30 qəpikdən ibarət hədiyyələr. Hətta içərisində 90-cı illərdə Bakının «talkuçka»larında satılan «Bakuş» şirniyyatı da. Fotoşəkilləri sizə də təqdim edirəm. Amma neftçinin yazdığına görə, tədbirin özü isə yoxdur, deyiblər ki, şənlik tədbirləri yanvarın 1-də olub, daha olmayacaq. Amma bilet 3 yanvaradək olub. Biletlər neft şirkətinindən verilib, Politexnik Universitetinin İdman sarayında olmalı imiş. Hədiyyələrin içərisində isə diqqətimi İrandan gətirilmiş bir şirniyyat da cəlb etdi. Məgər Azərbaycanda belə bir məhsul istehsal olunmurmu?
-Pulu, yəni qazancı başdan aşan SOCAR-ın rəhbərliyi, yaxud Həmkarlar Təşkilatları doğrudanmı bu qazancın əldə edilməsində min bir əziyyətə qatlaşan neftçilərin övladları üçün normal hədiyyələr göndərə, yaxud xoş ovqatlı tədbirlər keçirtdirə bilməzdi?
-Niyə mümkün deyildi… Vəsaitmi yoxdur?! Eybi yox, tezliklə bu şənliyə xərclənən SOCAR-ın 2022-ci ilin hesabatlarındakı "sosial qayğı" hissəsində və Həmkarlar Təşkilatlarının illik hesabatlarında öz əksini tapacaq. Onda məlum olacaq ki, sənədlərdəki rəqəmlərlə faktiki ayrılan vəsaitlər arasındakı fərq nə qədər olub. Onda hər şey aydın olacaq…
Təqdim etdi: Elçin Məmmədli