Bu gün səhər tanınmış araşdırmaçı jurnalist, gerçəkdən dəyərli həmkarımız Rafiq Hacıyev haqq dünyasına qovuşub! Çox təəssüflər! Srağagün mənə zəng vurdu, dedi, mənzil qalmaqallı yazınızı oxudum, adımı çəkmisiniz... Sonsuz minnətdaram…
Sonra sevinclə məni muştuluqladı:
-Allah sənə də qiysmət eləsin, təzə bir nəvəm də oldu, 9 nəfər ikiotaqlı mənzildəyik, belə insafsızlıq olar, bu 38 nəfərin ədaləti yoxdur??? Özləri vaxtında mənzil alıblar, indi Prezidentə müraciət edirlər ki, üçüncü binanı qazilərə və şəhid ailələrinə versinlər. İnanmıram ki, cənab Prezident belə addım ata…
Bir xeyli təsəlli verib soruşdum ki, hardasan? Dedi "Semaşko"dayam…
-Qağa, orda neyləyirsən?
-Ürəyimdə yaman narahatlıq var...
Zarafata salıb eynəsini açmaq istədim:
-Səndə ürək var ki?! Əşşi, sən daş, polad ürəklisən ki, bu haqsızlığa dözürsən...
O ki var güldü. Dedi, həkimə deyəcəyəm buraxsın, sabah gələcəm, söhbət edərik...
Dünən zəng vurdum, telefonu cavab vermədi… Bu günə gözləyirdim... Son mənzil qalmaqalından çox həyəcan keçirirdi. "Görəsən prezident o mənzilləri əlimizdən alacaq? Neyləyəcəyik, gözümü ona dikmişəm...", -deyib yaman narahat idi. Təzəlikcə daha bir nəvəsinin dünyaya gəlməsindən çox sevinirdi…
Bəli, bu gün Rafiq Hacıyev redaksiyaya gəlməli idi, amma özü yox, ölüm xəbəri gəldi.
Allah rəhmət eləsin! Həqiqətən də hamının xətrini çox istədiyi bir yazıçı-jurnalist idi… Yeri görünəcək. «Təzadlar»ın qapısı həmişə üzünə açıq idi. Problemi və qayğısı olan jurnalistlərdən söz düşəndə yazılarımda Rafiq müəllimin adını birinci yazırdım. Hər dəfə də zəng edib minnətdarlıq edirdi… O, jurnalistikaya, sözə… hörmət gətirən idi… Amma həmişə də söz meydanında haqqını axtarıb, gözü o haqqın verilməsində olub. Haqqı olmayanların başa çəkilməsindən isə çox üzülürdü…
Çox təssüflənirəm…
Asif Mərzili