"Ötən il Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ticarət dövriyyəsi 3,2 dəfə artıb". 

***

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib. Son illər Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur.

Bu fikri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini şərh edərkən bildirib.

V.Bayramov xatırladıb ki, 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5.1 milyon dollar olub.

“Ötən il Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ticarət dövriyyəsi 3,2 dəfə artıb. 2020-ci illə müqayisədə isə artım 7 dəfə olub.

Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidentinin səfəri zamanı təşkil ediləcək müzakirələr bu imkanlardan daha çox faydalanmağa şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq", - deyə o vurğulayıb.

İqtisadçı ekspert diqqətə çatdırıb ki, Bosniya və Herseqovina Azərbaycandan mavi qaz almaq istəyir.

"Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var. Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. Belə ki, İon-Adriatik (IAP) kəmərinin TAP-a inteqrasiyası mümkündür. Bu isə sözügedən ölkənin Azərbaycan qazından istifadəsinə gətirib çıxara bilər. İAP-ın ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetrdən çox olacaq.

Avropada Azərbaycan mavi qazına tələb artır. Bu isə ölkənin geo-siyasi mövqeyinin daha güclənməsinə gətirib çıxarır", -Bayramov bildirib.

Xatırladaq ki, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib.

Qeyd edək ki, Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzalayıblar.

Daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç mətbuata bəyanatlarla çıxış ediblər.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN