Azərbaycanın xüsusi xidmət orqanları ölkə ərazisində terror aktlarının planlaşdırılmasında şübhəli bilinən Əfqanıstan vətəndaşını saxlayıblar.
İyulun 10-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Əfqanıstan vətəndaşı Favzan Musa Xanın saxlanıldığını bildirib. Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir ki, araşdırma zamanı müəyyən edilib ki, o, digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, adamların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ə nəticələnəcək terror aktı törətməyi planlaşdırıb. ması müəyyən edilmişdir.
Sözügedən əcnəbi həmçinin üçüncü dövlətin səfirliyinə qarşı terror aktını planlaşdırmaq məqsədilə diplomatik missiyaların yerləşdiyi ərazi ətrafında müşahidələr aparıb, bu fəaliyyətə cəlb oluna biləcək digər şəxslərlə əlbir olub, silah və partlayıcı maddələrin, maliyyə dəstəyinin alınmasına köməklik göstərib.
Favzan cinayət başında tutulub və Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələrilə (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirir.
Məlumatda əfqanıstanlının hansı ölkənin səfirliyinə qarşı terror hücumu planlaşdırdığı açıqlanmır. Lakin Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı operativ kadrlara görə, əcnəbi digər müəssisələrlə yanaşı İsrail İsrail səfirliyinin də Hyatt Regency otel kompleksinin ətrafında müşahidə aparıb.