... "Elmlər Akademiyası" metrostansiyasının çıxışının qərb səmtində təsadüfən professor Nəssab Qədirzadə ilə rastlaşdım. Üzərinə tələbə və doktorantın lənəti çökmüş, dissertantın tüpürcəyindən törəmiş, saxta məddahlığın ağuşunda qidalanıb ərsəyə gəlmişin... aurası nə qədər qəbihdir! Yayınmağa macalım olmadı, üz-üzə gəldik. Salamlaşıb hal-əhval tutduqdan dərhal sonra mənə “dost” nəshəti verməyə başladı:
“Həmkar, görürəm, çox çabalayırsan, sanki bəsirətin bağlanıb, görmürsən, sezon başlayıb. Doktorant, dissertant ovu üçün əlverişli şansları buraxıb dayanmadan tənqid yazır, akademiklərin əməllərini ifşa edirsən. Özün bacarmırsan, onlara niyə mane olmağa çalışırsan? Qaldı da ki, sən onlara nə edə bilərsən? Əvvəla, sənə tor qurarlar, həyatın sönər. Pulları çox, adamları çox. İkincisi, əməyin boşuna gedir, əzizim. Unutma ki, bu ölkə düzəlməyəcək, heç bu millət də islah olunmayacaq. Ona görə də, özünü öldürmə, balalarına yazığın gəlsin!”
Deyirəm: “Nəssab müəllim, özümüz zülm çəkdik, ömrümüz son dayanacağa yaxınlaşır. Hamılıqla birləşib nəsə etməliyik ki, cəmiyyətimiz düzəlsin. Heç olmasa, övladlarımız qanunun, ədalətin, dürüstlüyün hakim olduğu sivil cəmiyyətdə yaşayarlar...” .
O isə sözümü kəsib deyir: “Kim sənə dedi ki, övladlarım bu ölkədə qalacaq? Dəliyəm, bəyəm? Mən heç. Vaxtım ötüb. Nə qədər kriminal həyat sürsəm də, buraya alışmışam, Azərbaycansız yaşaya bilmərəm. Amma cinayət etdiyimin də fərqindəyəm. Nə edim? Çoxluq mənim günümdədir. Hansı universitet professoru aldığı 1000 manat maaşla o qədər mülkə sahib olar, uşaqlarını xaricdə bahalı universitetlərdə oxudar?! Sağlığına rüşvət də alıram, saxta dissertasiya da yazıram, rektorla əlbir olub min cür maxinasiya da edirəm, əlimə düşən tələbənin, doktorantın acımadan canını da alıram, akademiklə bahəm yüz minlərlə qrant da yeyirəm, əlim pulla oynayır. Sənin kimi ömrümü mənasız maholara, həsolara, ramolara sərf etmirəm ki. Məsəl var e: “Hamı sökür, sən də sök!”. Sənin kimi əlküt olub sökməsəydim, Amerikada təhsil alan oğlum Orxanın ayına 3 min dollar haradan alıb göndərərdim? İndi, maşallah, vəziyyəti əladır, dərsini də oxuyur, diskotekasına da gedir, kefini də çəkir, ayına 10-15 min dollar, bəzən daha çox qazanır. Atası azərbaycanlı, anası polyak olan bir qızla ailə həyatı da qurub. İndi xoşbəxt ABŞ vətəndaşıdırlar. Ona görə də, uşaqlarımın burada qalıb “bolota”ya (bataqlığa) alışmalarına qətiyyən razı olmaram. Kiçik oğlum Fərid də iki ildiq qardaşının yanındadır. Qızım isə İngiltərəni seçib, oranın vətəndaşı olan bir ərəblə evlidir, onlar da çox xoşbəxtdirlər. Uşaqlarıma vəsiyyət etmişəm ki, Azərbaycana qayıtmasınlar...Əziz həmkarım, rüşvətə, alıb-aldatmağa, yəni cinayətlərə o qədər alışmışam ki, mənə ləzzət edir. Bu yolla həm pul qazanıram, həm də Vətənin gənc, gözəl, saf və təcrübəsiz övladlarını başıma dolandırıram. Yəni burada müftə yolla pul qazanmaq üçün risk etməyi, şəbəkəyə qoşulmağı, soyuqqanlı olmağı, ən başlıcası, xalqa, dövlətə nifrət etməyi, bir az da dəqiqləşdirsəm, binamus və satqın olmağı bacarmalı, avam Azərbaycan xalqının başına döyüb çörəyini əlindən almalı, özlərini də qabağında kölə kimi işlətməlisən. Bu mənada cənnətdir Azərbaycan! Ancaq cənnətin cəhənnəmi də olur axı. Odur e, gizli hamilərimi – Əlini, Vəlini, Pirvəlini vurdular. Düzdür, hələ alimlərə, akademiklərə toxunmurlar. Ancaq mütləq növbənin bizə də çatacağını bilirəm. Orxan deyir, ata, çıx gəl Amerikaya. Yəqin arvadı da götürüb birdəfəlik gedəcəyəm. Düzünü desəm, titullu alim-akademik şəbəkəsi qədər bu millətin evini yıxan ikinci bir zümrə yoxdur. Biz bu xalqın birbaşa beyninə müdaxilə etdik. Təlqin etdik ki, ey Azərbaycan xalqı, sən düzələ bilməzsən! Bu akademik təlqindən xalq, çətin ki, yaxa qurtara! Vəzifəliləri rüşvətə elə dadandırmışıq ki, rüşvətxorluq norma sayılır. Bəs necə?! Axı biz alimik, beyinlərə nüfuz etməyin metodologiyasını mükəmməl bilirik. Ha-ha-ha...”
PS. Xilasımız belə nəssabların təlqinlərinə uymamaq, hər addımda onların pis əməllərinə tüpürməyi bacarmaqdır! “Xeyri yoxdur, ölkə düzəlməyəcək!” təlqini ilə ölkəni uçuruma sürükləyən, asan və murdar yolla çörək qazanan, cinayətkar şəbəkəyə züy tutan hər bir alimin, ziyalının bu cəmiyyətdə yeri olmamalıdır! Ölkədəki bütün pisliklərin səbəbkarları xalqla ölkənin Prezidenti arasında dərin uçurum yaratmaq məqsədilə şayiə yayan və şübhə toxumu səpən bu xain təlqinçilərdir!
İdris Abbasov
(AMEA)
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN