Naməlum şəxslər Abxaziya Dövlət Teleradio Şirkətinin (ADTŞ) binasını ələ keçirməyə cəhd ediblər.
Tezadlar.az bildirir ki, TASS-ın Abxaziya prezidentinin informasiya mərkəzinə istinadən verdiyi məlumata görə, mühafizəçilər xəbərdarlıq atəşi açmalı olub.
Qeyd olunur ki, müxalifət qüvvələri ilə əlaqəsi olduğu iddia edilən bir qrup şəxs telekanalın binasına yaxınlaşıb. İddia olunur ki, onlar yayıma nəzarət qurmaq niyyətində idilər. Hazırda vəziyyət stabilləşib və ADTŞ əməkdaşları adi qaydada işlərini davam etdirirlər.
“ADTŞ rəhbərliyi çevik reaksiya göstərdiyinə və obyektdə təhlükəsizliyin təmin edilməsinə görə təhlükəsizlik xidmətlərinə minnətdarlığını bildirir, həmçinin Abxaziya Respublikasında sabitliyə xələl gətirən bu cür hərəkətlərin yolverilməzliyini vurğulayır”, - məlumat mərkəzi əlavə edib.
Öz növbəsində, prezidentin mətbuat xidməti bəyan edib ki, 15 avtomobildə olan bir qrup naməlum şəxs telekanalın studiyasının bilavasitə yaxınlığında atəş açıb və bu, “gərgin vəziyyət” yaradıb. Guya işçiləri qorxutmaq, redaktorlara təzyiq etmək istəyiblər. Onlar hadisələrin təkrarlanmasını istisna etmir və televiziya şirkətinin təhlükəsizliyinin gücləndirilməsini zəruri hesab edirlər.
Xatırladaq ki, noyabrın 15-də Abxaziya parlamenti Rusiya hüquqi şəxsləri tərəfindən ölkədə investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya Federasiyası ilə sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Deputatların gündəliyini təsdiq edə bilməməsi səbəbindən sessiya ləğv edilib, müxalifət isə məsələnin gündəlikdən tamamilə çıxarılması üçün yenidən toplaşmağı tələb edib.
Nəticədə, etirazçılar bir sıra inzibati binaları ələ keçirərək Abxaziya prezidenti Aslan Bjaniyanın istefasını tələb ediblər. Abxaziya lideri bundan sonra da fəaliyyətini davam etdirəcəyini bildirib və vətəndaşları təxribatlara uymamağa çağırıb.
E.ŞİRİNOV