Onlardan dördü reanimasiyadadır, birinin vəziyyəti çox ağırdır.
Qazaxıstan Respublikasının Manqistau regional çoxprofilli xəstəxanası Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərinin vəziyyəti barədə məlumat verib.
TEZADLAR.AZ xəbər verir ki, kazpravda bu barədə regional səhiyyə idarəsinə istinadən məlumat yayıb.
Xəstəxanada 6 xəstənin müalicəsinin davam etdiyi bildirilir.
“Onlardan dördü reanimasiyadadır, birinin vəziyyəti çox ağırdır. Üç nəfərin vəziyyəti stabil ağırdır. İki xəstə isə travmatologiya şöbəsində müalicəsini davam etdirir”, - deyə regional səhiyyə idarəsindən bildirilib.
Xəstəxanada müalicə alan 6 xəstədən 3-ü azərbaycanlı, 3-ü Qırğızıstan vətəndaşıdır. Onlar tam şəkildə müalicə alırlar.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Əvvəl bildirildiyi kimi, Qazaxıstanda qəzanın səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib, o, həmçinin zərər çəkmiş vətəndaşlarla işin xüsusi nəzarətdə saxlanılması və qonşu dövlətlərin hökumətlərinə lazımi köməklik göstərilməsini tapşırıb.
***
Qeyd edək ki, ötən gün Qazaxıstandan Azərbaycana 14 yaralı və 4 nəfərin cənazəsi gətirilib. Yaralılar "Yeni Klinika"da müalicə olunurlar.
Bu gün səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib ki, yaralananların bir qismi yaxın müddətdə evə buraxılacaq. Nazir yaralıların hansı səbəbdən xəsarət aldıqlarını konkret olaraq söyləyə bilməyəcəyini qeyd edib.
O "...qəlpə, güllə və ya hər nədirsə, bu ayrı bir araşdırmanın mövzusudur. Əsas sınıqlardır və küt travmalardır", - deyə vurğulayıb.
JASMİN