AZAL-ın qəzaya uğrayan təyyarəsinin füzelajındakı dəliklər "Pansir-S1" raketinin zərbəsinin nəticələrinə oxşayır - xarici və Rusiya hərbi ekspertlərinin əksəriyyəti belə nəticəyə gəlir.
OSINT (Open source intelligence) analitikləri qeyd edirlər ki, quşlarla toqquşma və ya qəza zamanı belə zədələnmələrin olması qeyri-mümkündür. Quş sürüsü ilə toqquşma zamanıı əziklər əmələ gəlir, burada isə qəlpə dəlikləri görünür. Hərbi ekspert Yan Matveev qəza videosunda Rosaviasiya-nın iddia etdiyi oksigen balonunun partlamasının nəticələrinin göründüyünü istisna edir.(Turan).
Təyyarənin gövdəsində - quyruq hissəsindən ortasına qədər çoxsaylı zədələnmələrin olması məhvedici elementlə vurulmuş zərbənin dəlilidir. Bu, təyyarənin "Pansir-S1" kompleksinə aid raket zərbəsi zamanı mümkündür, deyə ekspert əlavə edib. Təyyarənin bir anda məhv edilməməsi onun kifayət qədər yüksəkdə olması və raketlərin gücünün təyyarəni dərhal sıradan çıxarmağa yetməməsi ilə izah olunur. Təyyarə Aktauya düşməzdən əvvəl Qroznıda eniş etməyə çalışıb, bu zaman buraya dron hücumu var idi. Ramzan Kadırovun qardaşı oğlu, Təhlükəsizlik Şurasının katibi Hamzat Kadırov İnstagram-da bütün hədəflərin vurulduğunu yazıb. Lakin ən inandırıcı sözlər sağ qalan sərnişinlərin özlərinin sözləridir. Onlar iki partlayış səsi eşitdiklərini və təyyarənin gövdəsinə zərbə dəydiyini hiss etdiklərini bildiriblər. Bundan başqa, məhvedici elementlər gövdəni dəlib və hətta bəzi sərnişinləri yaralayıb.
8 noyabr 2020-ci il tarixində Naxçıvan-Ermənistan sərhədində Rusiya helikopterinin vurulması zamanı rəsmi Bakının etdiyi kimi, Ramzan Kadırovun və Rusiya rəhbərliyinin öz təqsirlərini etiraf edib üzrxahlıq edəcəyini və təzminat ödəyəcəyini gözləmək olarmı?
Mahaçqalada və ya Vladikavkazda təyyarənin qəbul edilməməsinin səbəbini havanın pis olması ilə izah ediblər. Pilotun Qroznıdakı dispetçerlərlə danışıqları bunu göstərir. "ВЧК-ОГПУ" teleqram kanalı bu danışıqları dərc edib, burada pilot Qroznıya yaxınlaşarkən belə deyib: "Təyyarənin idarəetməsini itirirəm".
Ekipaj bir neçə dəfə Qroznıya eniş edə bilməyib, daha sonra isə GPS sıradan çıxıb. Flightradar24-ün məlumatına görə, bu, Çeçenistana hücum edən dronları "susdurmaq" üçün edilib. Elektron maneələr pilotun dispetçerlə danışıqlarına da mane olub və təyyarə faktiki olaraq "kor qalıb".
Təyyarə Bakıya uçmağa qərar verdikdə isə pilot güclü zərbə aldıqlarını bildirib. Doğrudur, o, əvvəlcə təyyarənin quş sürüsü ilə toqquşduğunu düşünüb. Sonra təyyarənin idarəetmə və hidravlikası sıradan çıxıb.
Pilot Mineralnıe Vodıya eniş istədikdə ona orada da, Mahaçqalada da güclü külək və duman olduğunu bildiriblər. Daha sonra pilot idarəetmənin itirildiyini və hidravlikanın sıradan çıxdığını bildirir. 8:24-də pilot təyyarənin qəza vəziyyətinə düşdüyünü açıqlayır və bundan dərhal sonra Qroznıdakı dispetçerlə əlaqə kəsilir, o, pilotun Rostovdakı dispetçerlə əlaqəsini yaradır.
"ВЧК-ОНПУ" Bakı-Qroznı laynerinin vurulduğu yerini təxmin edib. Bu, Çeçenistanın Naur rayonu üzərində baş verib, burada bir neçə hərbi hissə, o cümlədən HHM vasitələrinin yerləşdiyi hərbi hissələr var. Dispetçer və ekipajın danışıqlarına əsasən, təyyarəyə dəyən güclü zərbəni pilot quş sürüsü ilə toqquşma hesab edib. Bu, Qroznı aeroportundan təxminən 18 kilometr şimalda, Naur rayonu üzərində, 2,4 min metr hündürlükdə baş verib. Açıq mənbələrin məlumatına görə, bu ərazidə "Barnaul-T" HHM idarəetmə sistemi, həmçinin bir neçə "Pansir" sistemi yerləşir.
Artıq Azərbaycanın hökumətyönümlü agentlikləri də bu barədə yazır...
A.Məmmədli