Aktrisa sayılan, lakin aktrisalığı yuxusunda görən, əvəzində soyunub lüt-ətçəbala olmaqla gündəmdə qalan Pərvin Abıyeva "Rəngarəng səhər" verilişində nikah bağlamaqdan danışarən belə deyib: "Mənim üçün nikah imzasından daha önəmli olan dini kəbindir".

P.S. Ayə, tutun məni. Qoymayın, gülməkdən özümdən getdim. Ay kişi, bir dayan görüm, özümə gəlim. Pah, onnon ə, adam da belə gülərmiş? Pərvin canı, gülməkdən az qala qarnım cırılacaqdı. Buna bax e, mən ölüm. Deyir, "Mənim üçün nikah imzasından daha önəmli olan dini kəbindir". Ayə, anektod belə yaranır dayna. Pərvin hara, din hara?  Bilmirəm, bəlkə Pərvin üçün ayrı bir din var? Məhz o dinə görə Pərvin xanım qurutmaq üçün soyunub bütün əzalarını çöldə qoya bilər. Amma mənim tanıdığım və bildiyim İslam dininə görə qadın naməhrəm yerlərini örtməlidir, açıq-saçıq geyinməməlidir. Pərvinin isə, həmişə hər yeri çöldə qalır. Sanki Pərvin xanımda paltara qarşı bir allergiyası var. Ola bilər, yəni  buna görə də yazıq əyninə paltar geyinə bilmir. Ona görə də öz dininə uyğun olaraq, paltarsız qalmağı və inandığı dinə görə kəbin bağlamağı rəsmi nikahdan üstün tutur. Belə yerdə kimsə Pərvin xanıma dinsiz-imansız desə, həmin adamın ağlına mənim şübhəm olacaq.

***

Xalq artisti, aktrisa Fatma Mahmudova sənətdən danışarkən verilişlərin birində belə deyib: "Sənət bazar deyil ki, özünə qiymət qoyasan".

P.S. Səhvin var, Fatma xanım, səhvin var. Sən bu bazar məsələsini öz layiqli sənətinin arşını ilə ölçmə. Sənin 70 yaşının zirvəsindən baxanda, əlbəttə, sizlərin vaxtında sənət bazar deyildi. İndi isə sənət əsl bazara çevrilib.  Bu bazarın məhsulu isə adını şou-biznes qoyduqları xanım müğənnilərdir. Bu, şou-biznes bazarında müxtəlif əməliyyatlardan sonra inkubator cücələri kimi bir-birinə oxşayan xanım müğənnilərin hərəsinin öz bazar qiyməti var. Bu bazarda qiyməti səsi, sənəti olmayan müğənni xanımların çöldə qoyduqları əzalarına aludə olan sponsor kişilər müəyyən edir. Hər bir müğənninin toy qiymətləri ilə yanaşı, özlərinin də bazar qiymətləri var. Hörmətli Fatma xanım, sən öz dövründən yox e, hər şeyin alınıb-satıldığı indiki dövrdən danış. Sözə bax e, mən ölüm, "sənət bazar deyil". Əməlli-başlı güldürdün bizi, ay Fatma xanım.

***

Mayın 19-da İranın prezidenti İbrahim Rəisinin mindiyi vertolyotun qəzaya uğraması nəticəsində həlak olmasında İran parlamentinin deputatı Əhməd Kazımi Azərbaycanın da əlinin olduğunu bildirib.

P.S. Adama deyərlər, ay Əhməd Kazımi, yalansa sənin başına özün boyda lazımi daş düşsün. Bu adamın Azərbaycana qarşı nifrəti sərhəd tanımır. Görəsən, azərbaycanlılar bu Əhmədin hansı yaxınına, doğmasına neyləyib ki, həmişə Azərbaycana qarşı od püskürür. Az qala desin ki, 1979-cu ildə İranda baş verən inqilabda, hətta 1945-ci ildə S.C.Pişəvərinin başçılığı ilə Təbrizdə müstəqil Azərbaycan dövlətinin yaranmasında da bizim əlimiz var. Bu adam heç fikirləşirmi ki, prezidentlərini o köhnə, dranqlet vertolyota kim mindirib? Heyranına şükür, ya Rəbbim.

***

Fransanın müstəmləkəçiliyinə qarşı ayağa qalxıb, mübarizə aparan Kaledoniya xalqı haqqında danışan xarici işlər naziri Stefan Sejurni bu iğtişaşlarda Azərbaycanın əli olduğunu bildirir.

P.S. Başqalarını deyə bilmərəm, amma belə xəbər şəxsən mənim ürəyimi dağa döndərir və böyük zövq alıram. Adətən, belə məsələlərdə böyük dövlətləri qınayırlar ki, kiçik dövlətdə baş verən qarışıqlıqlarda əli var. İndi Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində artıq Azərbaycanı da böyük dövlət hesab edərək, Fransa kimi böyük bir dövlətin müstəmləkəçiliyinə qarşı Kaledoniya xalqının apardığı mübarizədə Azərbaycanın əlinin olduğunu vurğulayırlar. Bax, belə xəbərlər olduqca qürurvericidir.

***

Gürcüstan Parlamentinin spikeri Şalina Patuaşvili ölkəsində baş verən mitinqlərə münasibətdə Avropa siyasətçilərini ikiüzlülükdə ittaham edib.

P.S. Avropa dövlət başçılarının və siyasətçilərinin ikiüzlülüyünü Qarabağda 30 illik işğal dövründə öz dərimizdə hiss etmişik. ATƏT-in Minsk qrupu çərçivəsində avropalı siyasətçilərin ikiüzlülüyü,  30 il ərzində sərhəd tanımadan işğalçı Ermənistana bəraət qazandırmaqla məşğul olduqları heç kim üçün sirr deyildi. 44 günlük qələbəmizlə başa çatan müharibədən sonra 30 il başımızın altına yastıq qoyan bu ikiüzlü Minsk qrupu həmsədrlərinin prezident İlham Əliyevin qarşısında neçə rəzil duruma düşdüklərini görmək olduqca gözəl mənzərə idi.

***

Xalq artisti, məşhur rəqqasə, 94 yaşlı Roza Cəlilova indiki rəqqasələrdən danışarkən belə deyib: "Səhnəyə çıxanın toya getməsinə razı deyiləm. Toya gedən rəqqasə sənətkar deyil. O pula görə özünü alçaldır".

P.S. Eh, ay Roza xanım, ay rəhmətliyin qızı, alçalmışın nəyi alçalaq ki?! Sizin dövrdə rəqqasənin paltarı da, özü də abır-həyalı idi. İndi isə rəqqasələr toyda sinədanına basılan pullara görə nə qədər desən alçalırlar. Hələ bu cəhənnəm, hətta şou-əhli müğənnilər belə pula görə toyda az qala rəqqasəlik edirlər...

***

Keşiş Baqrat Qalstyanın siyasətə qoşularaq, Paşinyanı istefaya səsləməsi 1992-ci ilin avqustunda olduğumuz döyüşlər zamanı bir hadisəni yada saldı. O vaxt Harami düzündə Xocavənd (keçmiş Martuni) istiqamətində apardığımız döyüşlər zamanı fasilə yarananda "ratsiya"da bizimkilər, ermənilərin katalikosu olmuş və erməniləri döyüşə ruhlandıran II Vazgeni dürlü-dürlü yeddi mərtəbəli söyüşlərə qonaq edirdilər.

P.S. Kilsə və din xadiminin başlıca vəzifəsi insanlar arasında barış, sülh yaratmaq olduğu halda, Ermənistanda və bütün dünyadakı ermənilərdə həmişə əksinə olub. Yəni ermənilərdə bütün fitnəkarlığın, müharibələrin baiskarı həmişə kilsələrə başçılıq edən keşişlər olur. İndi də bir əyalət keşişi olan Baqrat Qalstyan din maskasını çıxararaq, siyasi məsələlərə baş vurur və Paşinyana istefa tələbə ilə İrəvana qədər yürüş edib. O saat fikirləşdim ki, 1992-ci ilin avqustunda bizimkilərin keşiş II Vazgenə "ratsiya"da göndərdiyi yeddimərtəbəli söyüşlər, elə bu Baqrat Qalstyana da adiddir. Bunların ağına da lənət, qarasına da.

***

Şou xəbər saytların birində "Müğənni Aygün Kazımovanın neçə sevgilisi olub" sualına cavab olaraq, bu kişilərin adları sadalanıb: Qızı İlqarənin atası İlqar İbrahimov, sabiq energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev, "Best Model of the Türkey" yarışmaçısının finalçısı Mert Kılınc, meyxanaçı Namiq Qaraçuxurlu, Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyev, dünya şöhrətli repçi Snup Doq, zavod direktoru, hazırda həbsdə olan və Aygünə şəhərin mərkəzində bahalı mənzil bağışlayan Rasim Məmmədov və s.

P.S. İllər öncə aparıcı Kamran Həsənlinin bir şou proqramında Aygün Kazımova həyatında həddindən çox kişi olduğunu deməsini nəzərə alsaq, indi sadalanan yeddi kişi heç kişi deyil ki, yəni say baxımından heç nədir. Kişilər Aygün Kazımovanın həyatında mahnı kimi bir şeydir. Bir neçə dəfə oxuduqdan sonra dəbdən düşür. Elə ona görə də "Kişilər" mahnısında belə oxuyur:

"Kişilər başıma bir bəla olub,

Xoşuma gəlməyə çalışanı yox.

Neyləyim, özümə yaraşan yox".

Bu səbəbdən də, Aygün xanım kişiləri bir-bir dişinə vurub yoxlayır ki, görək hansı ona yaraşacaq? Beləcə 54 yaşında olsa da, Aygün xanım xoşuna gələni tapmaq üçün kişiləri yoxlamaqda davam edir. Neyləyək, Allah istədiyi kişini Aygün xanıma yetirsin ki..

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN