Mərkəzi Elmi Kitabxana (MEK) AMEA-nın müxbir üzvü Nüşabə Araslının biblioqrafik göstəricisini hazırlayıb.
Qeyd edək ki, göstəricinin elmi redaktoru Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev, ixtisas redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi Afət Məmmədovadır.
Nüşabə Araslının həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən biblioqrafik göstərici 1962-2021-ci illəri əhatə edir. Göstəriciyə alimin həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin - dərslik və dərs vəsaitlərinin, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus dillərində dərc olunmuş məqalələrinin, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və çıxışlarının, elmi-tədqiqat işlərinin və s. biblioqrafiyası daxil edilib.
Vəsaitdə, həmçinin alimin redaktə etdiyi elmi əsərlər kitablar, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri, həyatı, elmi və ictimai fəaliyyəti haqqında mənbələr də yer alıb. Göstəriciyə daxil edilmiş biblioqrafik təsvirlər dilllər üzrə əlifba sırası ilə xronoloji qaydada və vahid ardıcıl nömrələnmə əsasında verilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə köməkçi aparat tərtib edilib.
Biblioqrafik göstərici filologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
E.ŞİRİNOV