VƏ YA DOST İTGİSİNİN ŞƏKLİNİ ÇƏKƏN ƏSGƏR...
Uşaq olsam da Birinci Qarabağ müharibəsinin ağrı-acısını ən azı evdə anamın duya biləcəyi qədər yaşaya bildim. İstər cəbhədə vuruşaraq sonradan Şəhid və ya Qazi olaraq dönən doğmalarım, istərsə də evini-eşiyini tərk edərək bizə, Bakıya pənah gətirən qaçqın qohumlarımız sanki müharibənin dəhşətini bizə daşımışdılar. O vaxt uşaq ağlımla dərk edirdim müharibəni də, həyatı da, siyasəti də. Mənimçün müharibə Şəhid və Qazi olmaqdan ibarət idi. Atam da vuruşurdu, ən ağır döyüşlərdə iştirak etmişdi. Bakıda anadan olsa da o yerlərlə bir qan bağlılığı vardı. Onun 3 qız balasının anası Qarabağlı idi deyə o da döyüşməyə könüllü getmişdi. Məncə atam anama olan vəfa borcunu Qarabağa gedib vuruşmaqla ödəyib. Döyüşə gedənlər ölümü gözə alan insanlardı. Ordan qayıtmaq Allahın işidir...Mənim Vətən sevgim o vaxt yarandı. Mən ordunu, hərbiçiləri sevməyi o vaxt öyrəndim, dərk etdim.
İllər keçdi... Millət olaraq, xalq olaraq yarım qalan qisasımız igid oğlanlarımızın sayəsində alındı. Dünyaya meydan oxuyan Azərbaycan Ordusu 44 günlük müharibədə 30 illik qisasını alıb bizi MƏĞLUB MƏMLƏKƏTİN MƏĞLUB VƏTƏNDAŞI adından azad edib QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI etdi. Bu bir LİDERİN SİYASƏTİ, ORDUNUN QÜDRƏTİ, XALQIN QƏLƏBƏSİ idi...
Müharibə bitdi, torpaqlarımız Şəhid və Qazilərimizin qanı-canı bahasına azad olundu işğaldan. Onlar borclarını verdilər, bizim də üstümüzə böyük bir məsuliyyət qoydular. Bizim də onların qarşısında bir borcumuz var. Şəxsən mən özümü bu insanlara- Şəhid ailələrinə və Qazilərə borclu sayıram. Bu gün də jurnalist olaraq onları tanıtmaqla borcumu ödəməkdən qürur duyuram...
Bu günki müsahibim də İkinci Qarabağ Müharibəsinin Qazisi Kərimov İlkin Ramis oğludur. O, 2000-ci ildə avqustun 9-da Ağdaş rayonu Orta Ləki kəndində anadan olub. Yuxarı Ləki kənd orta məktəbinə daxil olub, 2017-ci ildə məktəbi bitirib. Hərbi xidmətini 2018-ci ildə Naxçıvanda Culfa rayonunda kəşfiyyat bölüyündə N saylı hərbi hissədə çəkib. Şəhid leytenant Zahir Feyzullayevdən xüsusi təyinatlılar üçün təlim kursu keçib. Məlumat üçün bildirim ki, o kursa müsabiqə yolu qəbul olunurlar. İlkin müsabiqədən keçən vaxt 500 nəfərdən seçilən 25 iştirakçıdan biri olub. Ailədə 1 qardaş, 1 bacıdırlar.
Rütbəsindən, səhhətindən asılı olmayaraq Qazilərimizlə danışanda onların gözündəki qüruru, sevinci görmək o qədər xoşdur ki... QALİB ORDUNUN QALİB ƏSGƏRİ olmaq sevincidir bu sevinc... Millətini qalib etməyin qürurudur bu qürur...
İlkinlə müsahibəyə başlayıram. Sual verməyə ehtiyac duymuram. Əvvəlcədən tapşırmışam ki, müharibə yadında necə qalıbsa elə də anlatsın. Müharibə başlayan vaxt o, Naxçıvanda MAXE işləyirmiş. Oktyabrın 8-də hərbi hissədə Həyəcan Siqnalı verilib. Döyüşə yollanacaqları xəbərini alıblar. Deyir çox sevindik ki, bu qələbə məhz bizim xiidmət vaxtımıza təsadüf etdi. Bütün taborda ruh yüksəkliyi vardı. Bizi Tehran Mənsimov və Anar Əliyevin başçılığı ilə Naxçıvandan Bakıya göndərdilər. Bakıda bir gecə sülhmramlılarda qaldıqdan sonra Cəbrayla göndərdilər bizi. Ordan bizi trayverslə Füzuliyə apardılar. Biz çatanda artıq Cəbrayıl azad olmuşdu... Amma biz yenə də ehtiyat üçün girmişdik ora. Bizi orda olanda Əliyev Anarın dəstəsinə vermişdilər. Pokovnik-leytenant Anar Əliyev hərbi hissə komandiri təyin olundu və biz onun dəstəsində vuruşurduq. Ammma 2 gündən sonra oktyabrın 20-də Xocavəndin Tuğ kəndində Şəhid oldu.
(Bu arada müsahibim təəssüflə bildirir ki, müharibədən sonra bir az yaddaşında zəiflik yaranıb)
Biz Xocavənddə 8 Şəhid verdik. Mən kəşfiyyatçı-qumbara atan olmuşam. Bizim Şhidlərimizin sayı artdıqca düşmənə qarşı kinimiz, qəzəbimiz, nifrətimiz daha da artırdı. Artıq ürəyimizdə torpaq qisasıyla yanaşı, həm də dostlarımızın, silahdaşlarımızın qisası da yaranmışdı. O yüksəkliyin adı təəssüflər olsun ki, yadımdan çıxıb. Amma sağımızda 5 kənd, solumuzda 5 kənd var idi, qarşımızda isə dağ idi. Orda iki maşın gördük, biri ərzaq, biri tibbi yardım maşını var idi, içində də altı yaralı. Ərzaq maşınını vurduq. Onlar bizi görüb qaçmağa başlayanda maşını vurduq. Bizimlə bərabər ikinci dəstə də var idi, onlar pusquda dayanmışdılar. Əlverişsiz mövqedə dayanmağımıza baxmayaraq xüsusi təyinatlı adına uyğun fədakarlıq göstərib irəliləyirdik. Olduğumuz yer tam açıqlıq bir yerdə idi. Lakin bu bizi qorxutmurdu. Maraqlıdır ki, ermənilər bizim tərəfə dron da göndərdilər çəkməyə amma koordinatı uyğun çəkə bilmirdilər. Biz dronu da vurduq və irəlilədik. Həmin gecə gərgin bir gün oldu. Düzdür, ara-sıra atırdılar, amma bu önə getmək üçün bizə bir maneə yaratmırdı. Oktyabrın 23-də bizə tapşırıq verildi ki, düşmən biz azad etdiyimiz yerə hücuma keçib. Biz geriyə qaydıb yenidən orda mövqelərimizi gücləndirdik. Həmin gün tank və digər vasitələrlə ərazi ermənilər tərəfdən atəşə tutulurdu. Təsəvvür edin, hər tərəfdən bizi atəşə tutdular. Tankla üstümüzə gəlirdilər. Hər tərəfdən elə bil mühasirəyə alınmışdıq. Biz koordinat vermişdik, bizim döyüşçülər onları minomyotla susdurdular. Səhər onlar yenidən hücuma başladılar. Yenə də hər tərəfdən iri çaplı silahlardan atəşə tutdular bizi, həm də zirehli texnika ilə hücuma keçmişdilər. Oktyabrın 24-də Şuşa yolunda mən yaralandım. Mən əvvəllər Qarabağda olmamışdım. Hətta müharibə şəraitində olmağına baxmayaraq Qarabağ gözəl görünürdü, ürək açan mənzərəsi, füsunkar təbiəti adamı heyran edirdi. Payız fəsli olduğuna baxmayaraq təbiət göz oxşayırdı, hər tərəf yaşıllıq idi.
Biz azad etdiyimiz kəndlərə daxil olduqda bilirdik ki, yerli sakinlərdən orda ola bilər. Ona görə ehtiyatımızı əldən vermirdik. Bizim ən birinci Şəhidimiz snayperçi Bağır oldu. Onu Hadrutda evdə gizlənib qalmış erməni vurmuşdu. Bizdə araşdırma, axtarış, izləmə qrupları var idi. Biz alınan kəndləri yoxlayırdıq, daha sonra əraziyə piyada və artilleriya dəstələri daxil olurdu.
Mənə Şəhid olmaq qismət olmadı. Mənim yanımda BADİm var idi (BADİ kəşfiyyatçılara aid olan bir termindir. Yəni mənə nəsə olsa o aparacaq, ona nəsə olsa mən aparacam) Məmmədov Əli. Deməli səngərdən çıxmalıyıq, özü də atəş altındayıq. Biz o səngərdən çıxıb irəliləməliydik. Biz səngərdən çıxan anda ortamıza qrad mərmisi düşdü. Qəfildən bədənimi isti bürüdü. Baxanda gördüm sol qolumu parçalayıb. Bir az sürünərək irəlilədim. Bir az geriyə baxanda gördüm Məmmədov Əli yerdə uzanıqlıdır. Çağırdım, çağırdım zəif səslə xırıldadı və gözümün qabağında keçindi. Sanki dünyam dağıldı. Mənim həyatda qardaşım yoxdu, amma Əlini özümə qardaş bilirdim. Bir-birimizə söz vermişdik ki, bir-birimizi yaralansaq çiynimizdə çıxaracayıq. Amma qismət elə gətirmişdi ki, mən çiynimdən yaralanmışdım. Komandirimə Əlinin yaralandığını bildirdim, onu ərazidən çıxartdılar. Mənim qolumu da rezin jqutla bağlayıb, qanaxmanın qarşısını kəsib tibbi hissəyə təhvil verdilər. Səhv etmirəmsə Horadizdə səhra hospitalında ilk əməliyyatımı etdilər. Sonra Fizuliyə hospitala göndərdilər. Ordan isə məni Yevlax hospitalına göndərdilər. Ağır yaralanmışdım, 12-13 dəfə əməliyyat keçirdim. Mən əməliyyatda narkozda olanda Əlinin adını sayıqlayıb ağlamışam. Düz 7 ay mən o stressi yaşadım. Hələ də Əli yadıma düşəndə göz yaşlarımı saxlaya bilmirəm. Həyatda ən böyük itkim elə bilirəm qardaşım Əlinin Şəhid olması idi. Mən Əliyə verdiyim sözü tuta bilmədim, onu çiynimdə səngərdən çıxara bilmədim. Fikirləşirəm ki, Allah qardaşım Əlini məndən çox istədi ki, ona Şəhidlik qismət elədi...
Mən Qələbə xəbərini Gəncədə Abbas Səhhət adına xəstəxanada olarkən eşitdim. Səhər əməliyyatdan sonra ayılanda xəstəxanada bir izdiham, səs-küy, qışqırıq səsləri eşitdim. Soruşdum ki, nolub, dedilər qələbə qazandıq. Bir anlıq Şəhid dostlarım yadıma düşdü ağladım. Çox sevindim, amma itirdiyimiz qardaşlarımızı xatırlamaq ağır gəlirdi...
Bir anlıq döyüş yolumuz, o çətin günlər, azad etdiyimiz torpaqlar gözlərimin önündə canlananda sanki qürur duydum ki, bu qələbədə mənim də haqqım var. Mən müharibədən sonra Naxçıvanın Şərur rayonuna, Əligilə getdim, atasıyla görüşdüm. Evlərinə qədəm basanda sanki Əlinin, xoş gəlmisən, qardaş, deyə məni qarşıladığını hiss etdim. Sağ olsunlar məni 3 gün qonaq saxladılar. Sanki məndən təsəll alırdılar. Mənə əslində o evdə olmaq çox ağır gəlirdi. Mən sanki doğma qardaşımı itirmişdim. O evdə mən Əlinin nəfəsini duyurdum, elə bil Əlinin ruhu dörd bir yanımda fırlanırdı...
Bu zəhmətimiz dövlətimiz tərəfindən, Ali Baş Komandanımız tərəfindən qiymətləndirildi. Müharibədən sonra “Şücaətə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavənd Uğrunda”, “Füzuli uğrunda”, “Şuşa uğrunda” medalları ilə təltif olundum. Amma bunların heç birisi mənə əziz dostum, qardaşım Əlinin təsəllisini belə vermir...
Sevinc MURADXANLI