Azərbaycan Dövlət Akademik Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert keçirilmişdir.

Respublikanın Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə keçirilən tədbirdə Mərdəkan qəsəbəsinin 17 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri tərəfindən Azərbaycanın görkəmli bəstəkarları Arif Məlikovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, dünya klassiklərundən İohann Sebastyan Baxın və digər musiqi korifeylərinin əsərləri ifa olunmuşdur. Böyük səhnədə ilk dəfə çıxış edən kiçik yaşlı uşaqlar rəngarəng repertuarla və öz maraqlı ifaları ilə tamaşaçılarda musiqimizin gələcəyi ilə bağlı gözəl, nikbin təəssürat yaratmışlar. Təsadüfi deyil ki, Musiqi Məktəbinin şagirdlərinin fortepianoda, tar, kamança, skripka, fleyta, klarnet və digər musiqi alətlərində uğurlu ifaları auditoriya tərəfindən dəfələrlə alqışlarla qarşılanmışdır. Azərbaycanın dünya şöhrətli görkəmli sənətkarı Yaqub Zurufçunun 11 yaşlı oğlu, məktəbin fortepiano şöbəsinin 2-ci sinif şagirdi Atilla Zurufçu da solo ifası ilə öz istedadını məharətlə nümayiş etdirmişdir.

Atasının musiqi estafetini davam etdirmək istəyən, varlığı ilə ata yurdu Təbrizlə paytaxtımız Bakını özündə birləşdirən Atilla konsertdən sonra təəssüratını bu cür bölüşmüşdür:

- Bugünkü konsert mənim üçün ilk böyük təcrübədir. Və mənim arzum budur ki, dünyanın bütün uşaqları müharibəsiz, ağrı-acısız, aclıq və susuzluğu olmayan bir aləmdə, daim sülh içində, musiqi dünyasında yaşasınlar. Bu gün böyük, unudulmaz bəstəkarımız Tofiq Quliyevdən ifa etdiyim musiqi fraqmenti də məhz bu cür istəklər, arzular üzərində bəstələnmişdir. Və mən çalışmışam ki, həmin bəstənin içinə, dərinliklərinə qədər gedə bilim.

...Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 17 nömrəli Uşaq Musiqi Məktəbi 1961-ci ildə fəaliyyətə başlayıb. Məktəbdə 4 şöbə - fortepiano, xalq çalğı alətləri şöbəsi, simli və nəfəsli alətlər, həmçinin nəzəriyyə şöbələri fəaliyyət göstərir. Ötən 61 il ərzində bu məktəbi 1000-dən artıq şagird bitirmişdir. Onların bir-çoxu hazırda Bakının müxtəlif musiqi məktəblərində pedaqoji fəaliyyət göstərirlər. 

Məktəbə 2019-cu ildən Samirə İsayeva rəhbərlik edir. O, istedadlı musiqiçi və bacarıqlı təşkilatçı kimi özünün son illərdəki fəaliyyəti dövründə müxtəlif maraqlı tədbirlər, konsertlər təşkil edərək, məktəbin reytinqinin yüksəlməsində, onun professional baxımdan inkişafında, şagirdlərin vətənpərvər ruhlu əsərlərlə mənəvi-estetik tərbiyəsində mühüm rolu olub. Son  illər ərzində məktəbin şagirdləri müxtəlif müsabiqələrdə uğurla çıxış edərək, qalib olmuş, yüksək yerlərə layiq görülmüşlər. 

Məktəbin direktoru, tədbirin təşkilatçısı Samirə xanım İsayeva konsert haqqında danışarkən demişdir:

- Kiçik yaşlı uşaqlarımızın istedadlarının ilk dəfə böyük səhnədə bu cür geniş şəkildə nümayiş etdirilməsi təkcə fidan balalarımızı və onların valideynlərini yox, bizi – onların müəllimlərini də hədsiz dərəcədə sevindirir. Yetirmələrimizin estetik zövqünün formalaşmasında, dünya mədəniyyətinə, incəsənətinə qəlbən yaxınlaşmasında musiqi müstəsna əhəmiyyətə malikdir. Hər zaman həyatda və sənətdə böyük uğurlarını görmək istədiyimiz balalarımızın bir növ ilk yaradıcılıq hesabatı olan bu konsert uşaqlarla yanaşı bizim də onların yaradıcı sabahı üçün məsuliyyətimizi qat-qat artırır.  

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN