Tanınmış arxeoloq, professor Qafar Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya Şamaxıda tariximizin daha bir səhifəsinə aid unikal tapıntı axtarışındadır...
Bu yaxınlarda həmin qazıntı və axtarış meydanında olaraq ekspedisiyanın işi ilə yaxından tanış olmuşdum... Qeyd edim ki, ikinci aydır AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən rayon ərazisindəki Kələxana türbələr kompleksi ərazisində arxeoloji tədqiqatlar aparılır.
Professor Qafar Cəbiyev "Təzadlar"a açıqlamasında bildirdi ki, Şamaxı şəhərinin mərkəzindən 9 km cənubda yerləşən, 4,6 hektar ərazini əhatə edən 9 türbədən ibarət Kələxana türbələr kompleksinin xronoloji baxımdan XVII əsrin ortalarına aid olduğu ehtimal edilir. Maraqlıdır ki, tədqiqatçıların bir qismi Şirvan-Abşeron memarlığının parlaq nümunəsi olan Kələxana türbələrinin eyni vaxtda və eyni memar-usta tərəfindən inşa olunduğunu ehtimal edir. "...Səkkizguşəli formada olan prizma şəkilli bu türbələrin hamısı mədən daşından istifadə olunmaqla inşa edilib, portallarının kənarları isə nəfis işlənmiş daş çərçivələrlə haşiyələnib. Kələxana türbələrinin hamısının içərisi kvadrat formalı aqlay daşla döşənib. Döşəmələrinin mərkəzi hissəsində isə sanki kətil funksiyası daşıyan, təqribən 35-40 santimetr hündürlüyü olan kvadrat formalı daşlar qeydə alınıb. Türbələrdən hamısının giriş hissəsində oyma üsulu ilə müəyyən təsvirlər işlənib. Maraqlıdır ki, onlardan yalnız birinin üzərində kitabə var. Kitabədə həmin türbənin hicri tarixlə 1074-cü ildə (miladi tarixlə 1663/1664) sərkar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi, oradakı məzarda isə Çigər şeyxlərindən olan şeyx İsrafilin nəslindən olan, uca Tanrı tərəfindən bağışlanmış şeyx İbrahim oğlu Əmir Əhmədin dəfn edildiyi qeyd olunub".
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Kələxana arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev deyiR ki, Kələxana türbələri haqqında ilk məlumat holland rəssamı Kornelius de Bruinin XVIII əsrin əvvəllərinə aid kitabında yer alıb. XIX əsrin əvvəllərində rus tədqiqatçısı V.M.Sısoyev ərazidə olub və türbələr barədə müəyyən məlumat nəşr etdirib. Sovet hakimiyyəti illərində akademik Əbdülvahab Salamzadə Kələxana türbələrinin memarlıq xüsusiyyətlərinin tədqiqi ilə məşğul olub və bir neçə məqalə nəşr etdirib. "...Kələxana türbələr kompleksi ətrafındakı məzarlıqda üzərində kitabələri olan çoxsaylı qəbirlər vardır. Həmin qəbirüstü sənduqələrdən bir neçəsi ötən əsrin ortalarında Bakıya aparılıb və hazırda Qız qalası qarşısındakı meydanda nümayiş etdirilir. Xatırladaq ki, Kələxanaya aid sənduqə qəbirlərin bir hissəsi hələ keçən əsrin 50-70-ci illərində görkəmli epiqraf alim Məşədi xanım Nemətova tərəfindən qismən araşdırılıb. Lakin bütün bunlara rəğmən Kələxana türbələr kompleksinin tarixi, onların təyinatı və fəaliyyəti ilə bağlı bir çox suallara elmi cəhətdən aydınlıq gətirilməsinə ehtiyac var. Bu baxımdan türbələr kompleksinə daxil olan ərazidə torpaq altında qalmış digər tikinti qalıqlarının da aşkara çıxarılaraq tədqiqi, onların təyinatı və memarlıq xüsusiyyətlərinin öyrənilməsi aktuallıq kəsb edir. Kələxana türbələr kompleksinə aid türbələrdən 5-nin ətrafı hasarla əhatələnib. Hamısının giriş qapısı şərq tərəfdəndir. Ətrafı hasarla əhatə olunan türbələrin önündə isə xüsusi portal-girişi var".
Tarixçi-alim əlavə edir ki, Kələxana türbələr kompleksində tədqiqatlara ilkin olaraq cənub istiqamətdən birinci yerləşən ətrafı hasarlı türbədən başlanıldı. "Əvvəlcə türbənin içərisi və ətrafı tör-töküntüdən təmizlənildi. Yerli sakinlərin dediyinə görə, son vaxtlaradək Şamaxı şəhərindən və ətraf kəndlərindən olan insanlar həmin türbəni pir olaraq ziyarət edir və orada qurbanlar kəsirmişlər. Qazıntı davam etdirilərkən həmin türbənin cənub tərəfində aqlay daşlardan ibarət döşəmə aşkar olundu. Ola bilsin ki, məhz həmin döşəmə üzərində qurbankəsmə mərasimi icra olunub. Oradan, həmçinin bir neçə ədəd üzərində oyma üsulu ilə işlənmiş kitabələrə aid fraqmentlər aşkar olundu. Bununla paralel olaraq ərazidəki torpağa batmış 8 ədəd daş sənduqənin ətrafı təmizləndi. Daha sonra türbələr kompleksindən cənubda bulaqüstü ərazidə olan və yalnız bəzi yerüstü əlamətləri görünən tikinti qalıqlarının öyrənilməsinə başlanıldı və orada 400 kvadratmetrdən artıq sahəyə malik ictimai bina qalıqları qeydə alındı. Ərazidə iş davam etdirilərkən orada iki qatdan ibarət çoxotaqlı bina qalığı olduğu müəyyən edildi. Binanın alt qatı 7.5 və 12.3 kvadratmetr sahəsi olan iki otaqdan ibarətdir. Həmin otaqların döşəməsi yonulmuş kvadrat formalı daş piltələrlə səliqə ilə döşənib. Otaqlara daxil olmaq üçün bir neçə pillədən ibarət xüsusi pilləkən olub. Hər iki otağın giriş qapısı şərq istiqamətindən olmaqla tağvari formadadır. Otaqların hər birinin divarlarında qarşı-qarşıya olmaqla 4 ədəd taxça var. Görünür, həmin taxçalar otaqları işıqlandırmaq məqsədilə çıraqlar qoyulması üçün nəzərdə tutulub. Qazıntı prosesində ərazidən tapılmış bir neçə gil çıraq da məhz bu cür düşünməyə əsas verir. Binanın üst qatı 67 kvadratmetr sahəyə malik üç otaqdan ibarətdir. Həmin otaqlardan da ikisi iç-içədir. Otaqlardan hər birinin içərisində ocaq yeri qeydə alınıb. Maraqlıdır ki, binanın üst qatının, habelə həyəti əhatə edən və hasar olduğu ehtimal olunan divarlar həm içəri, həm də xarici tərəfdən səliqə ilə yonulmuş kvadrat formalı üzlük daşlarla üzlənib.Tədqiqatlar davam etdirilərkən tikinti ərazisində xeyli sayda kitabə fraqmentləri, şirli və şirsiz keramika nümunələri və bir neçə ədəd sikkə tapılıb. Əfsuslar olsun ki, son yüzilliklər ərzində ətrafda yaşayan ermənilər tərəfindən Kələxana türbələrindən ikisi tam olaraq dağıdılıb, hasarla əhatələnmiş türbələrdən isə dördünün portal-girişi, ikisinin isə hasarları sökülərək materialından şəxsi evlərin və hasarların tikintisində istifadə edilib. Ekspedisiya heyəti çoxsaylı dəlil və sübutlar əsasında belə bir nəticəyə gəlmişdir ki, Kələxana türbələr kompleksinə daxil olan abidələrdə müşahidə olunan dağıntılar, xüsusən də oradakı çox mühüm elmi əhəmiyyət kəsb edən daş kitabələrin məhv edilməsi, sındırılaraq, parça-parça edilərək oxunmaz hala gətirilməsi, xeyli qısmınin isə yox edilməsi Rusiya və İran arasında imzalanmış 1828-ci il Türkmənçay sülh müqaviləsinin şərtlərinə uyğun olaraq ermənilərin yaxınlıqdakı Kələxana kəndində məskunlaşdırılmasından sonrakı dönəmdə, həm də məqsədli surətdə həyata keçirilib. Türbələr kompleksi ərazisindəki çoxsaylı qəbirüstü sənduqələrin xeyli qisminin sındırılması, üzərindəki yazı, simvol və təsvirlərin qazıdılaraq məhv edilməsi, bir qisminin isə ərazidən aparılaraq kənar yerlərə tullanması faktları da erməni vəhşiliyinin, tarixi-mədəni irsə vandal münasibətin ifadəsi kimi izah olunmalıdır”.
XXX
Onu da deyim ki, ərazidə arxeoloji tədqiqatlar hazırda sürətlə davam etdirilir. Və Tapılan kitabələrin mütəxəssislər tərəfindən incələnməsi, sikkə nümunələrinin təmizlənərək təyin olunması, binaların memarlıq xüsusiyyətlərinin dərindən və hərtərəfli öyrənilməsi işləri də aparılır. Sitat: “Hesab edirik ki, tədqiqatlar bütövlükdə Kələxana türbələr kompleksinin və orada aşkar olunmuş möhtəşəm tikinti qalıqlarının dövrünü, təyinatını və Azərbaycanın orta əsrlər tarixindəki yerini müəyyənləşdirmək baxımından əhəmiyyətli elmi nəticələr ilə əlamətdar olacaq”.
Bəli, bu arxeoloji qazıntılar sayəsində Azərbaycanın orta əsr tarixinin daha bir qaranlıq səhifəsinə işıq salınacaq.
Asif MƏRZİLİ