Şirkət rəhbərliyi niyə milyonlar xərcləyib xaricdə oxutdurduğu tələbələrin siyahısı barədə verilən sorğunu cavablandırmır?
(Əvvəli saytın 2023-cü ilin 6 yanvar tarixli buraxılışında)
Təhsilinə milyonlar xərclənənlər Azərbaycana qayıdırmı? Yaxud, niyə qayıtmırlar??? Onların adları niyə məxfi saxlanılır? Bu məzunlar Azərbaycana qayıdanda hansı vəzifələrə təyinat alırlar??? Onlar kimlərin övladlarıdırlıar???
Suallar çoxdur, cavabları da maraqlıdır… Ötən yazımızda qeyd etdiyimiz kimi, bir çox suallar hələ də cavabsız qalmaqdadır. Çünki Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMB) informasiya sorğusuna da SOCAR-dan cavab verilmir… Elə bu cavabsız suallarla bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlıya təkrarən müraciət etdik (ötən yazıdan sonra iki həftə fasilə yarandı, səbəb bir sıra faktlara sorğu göndərib aydınlıq gətirməyimiz idi):
-Mirvari xanım, bəs Dövlət büdcəsindən xaricdə təhsilə böyük miqdarda vəsait ayrılırsa, niyə bu vəsaitlərin hesabına oxuyanların adları və kimliyi məxfi saxlanılır???
-Bəli, Dövlət büdcəsindən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı xərclərə 2020-ci ildən etibarən rast gəlmək mümkündür. Belə ki, bu istiqamətdə 2020-ci ildə 700 min manat vəsait xərclənib, 2021-ci ildə bu rəqəm 1,5 milyon manat olub. 2022-ci ildə isə 800 min manat vəsaitin ayrılması proqnozlaşdırılmışdır. Bu vəsait böyük ehtimalla hökumətlərarsı təqaüd proqramının (HTP) maliyyələşməsi üçün nəzərdə tutulubmuş. Çünki indiyədək dövlət büdcəsindən xaricdə hansı təhsil proqramlarına maliyyə ayrılması ilə bağlı konkret məlumatlar göstərilməyib. Yalnız 2016-ci ildə start verilən HTP-nin hesabatlılığı qismən görünməyə başlayıb. Proqram çərçivəsində Azərbaycanın bu sahədə əməkdaşlıq etdiyi ölkələr sırasında Çin Xalq Respublikası, Macarıstan, Qazaxıstan, Koreya Respublikası, Rusiya, Rumıniya, Latviya və sair ölkələr var.
-Bu əməkdaşlıqda hansı ölkələrin adı keçir?
-2020-2021-ci tədris ilində HTP çərçivəsində ümumilikdə 234 nəfər, 2021-2022-ci tədris ilində 200 nəfər azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində, 43 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. Təəssüf ki, proqramın icrasının maliyyə hesabatlılığı, qəbul olanlarla bağlı məlumatlılıq səviyyəsi çox aşağı səviyyədədir…
-Bəs Dövlət Neft Fondunun maliyyəsi əsasında həyata keçirilən xaricdə təhsil proqramları nə səviyyədədir?
- Deyim ki, xarici ölkələrdə təhsillə bağlı əsas donorlardan biri Dövlət Neft Fondudur. Fondun bu istiqamətdə maliyyələşdirdiyi proqramların isə icrasında qarşıya qoyulan hədəflərin yerinə yetirilməsində problemlər yaşanır. Məsələn, 2008-ci ildən etibarən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirməsini həyata keçirib. Qeyd etdiyimiz kimi, proqramın qəbul olunduğu 2007-ci ildə ilk vəsait 2,2 milyon manat olmaqla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmışdır. Prezidentin 16 aprel 2007-ci il, № 2090 saylı Sərəncamı ilə Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilməyə başlanılıb. Proqram çərçivəsində qarşıda duran əsas hədəf 2007-2015-ci illərdə 5 min nəfərin xaricdə təhsilini təşkil etmək idi. Lakin hökumətin hesabatlarından görünür ki, qarşıya qoyulan hədəf tam icra olunmadı. Məzunların sayı ilə bağlı da statistikada fərqli rəqəmlər mövcuddur…
-Məsələn, əlinizdə konkret rəqəmlər varmı???
-Bəli… Məsələn, diqqət edin: DNF-nin statistik rəqəmlərində göstərilir ki, 3302 nəfərin təhsil xərci ödənilib, 2957 nəfər isə məzun olub. Amma Azərbaycanın Təhsil Nazirliyinin 2020-ci il hesabatında isə göstərilir ki, 2900 nəfər məzun olub, 34 təqaüdçünün təhsilini davam etdiyini göstərir. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda isə aydın şəkildə göstərilir ki, sözügedən layihədə 3558 nəfər təhsil hüququnu qazanmışdır.
-Olduqca maraqlı statistika və fakt üzə çıxır…
-Tamamilə doğrudur… Rəqəmlərdən göründüyü kimi, üç rəsmi mənbədə üç fərqli rəqəmlər təqdim edilir. Əgər 2007-ci ilin də qəbulunu nəzərə alsaq, o zaman Təhsil Nazirliyinin statistikası daha çox görünməli idi. Eyni zamanda digər paradoksal vəziyyət 2018-ci ilin noyabrında qəbul olunan Dövlət Proqramında göstərilən məzunların sayında (3558) özünü göstərir. Məsələn, Təhsil Nazirliyinin və Dövlət Neft Fonunun 2020-ci ildə göstərdiyi statistikadan bu daha çoxdur.
-Mirvari xanım, maraqlıdır, bu məqsədlərə ayrılan vəsait nə qədər olub???
-Xatırladım ki, Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2018-ci illər ərzində DNF tərəfindən ümumilikdə 212 milyon 681 min manat vəsait istifadə olunmuşdur. Bu rəsmi rəqəmdir. Təqribən hər bir nəfərə il ərzində 64,4 min manat vəsait xərclənib. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (3 milyon 506 min manat), təhsil haqqı (3 milyon 362 min manat), yol (266,9 min manat), sığorta (99,9 min manat), viza və qeydiyyat (0,9 min manat) xərclərinin ödənilməsinə yönəldilmişdir. Və maraqlıdır ki, Dövlət Neft Fondundan bu istiqamətdə proqnozlaşdıralan xərcin yalnız 83,8 faizi icra edilib. Qarşıya qoyulan hədəflərin yerinə yetirilməməsi, proqnozların icrasında problemlərin yaşannmasına dair heç bir rəsmi mövqe bildirilmir… Maraqlıdır ki, proqramı qazananların heç də hamısı məzun adı ala bilməyib və ya təqaüd verilməsi dayandırılıb. Belə olan halda, həmin şəxslər üçün çəkilən xərcin büdcəyə geri qaytarılıb-qaytarılmaması ilə bağlı məlumat da yoxdur. Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarında isə göstərilir ki, müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılması tələb edilir. Təəssüf ki, Hesablama Palatası bu istiqamətdə xərclərin monitorinqini həyata keçirməyib. Niyə??? Maraqlıdır… Ümumiyyətlə, sözügedən Dövlət Proqramının seçim meyarları, idarəedilməsi şəffaf və hesabatlı olması, ictimaiyyətin iştirakı ilə ora cəlb edilmiş şəxslər yalnız parlament səviyyəsində yekunlaşırdı. Eyni zamanda müəyyən məhdudiyyətlər var idi. Universitetlərin, ixtisasların seçim meyarları əsaslandırılmamışdı... İngilis dil bilgisi zəif olanlar bu proqramdan bəhrələnə bilmirdilər. Məsələn, Qazaxıstanda anoloji dövlət proqramı üzrə qəbul olunanlar üçün dil kursları təşkil edilir… «Azərbaycan gənclərinin isə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın müqavilə şərtlərində göstərilir ki, təhsil müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləməlidir…
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu