Soylu Atalı: Türk Birliyinin Doğrulması gərəkdir...
Bu günün başlıca qonusu Qazaxıstanda baş verən olaylardır. Qardaş ölkədə böyük bir faciə yaşanmaqdadır. Analitiklər isə baş sındırırlar: görəsən, bu olayları ilk gündən Rusiyamı hazırlayıb, yoxsa sonradanmı işə qarışıb?! – Nə fərq edər ki?! İşin başlıca anlamı odur ki, Rusiya Qazaxıstanı işğal elədi. Ancaq bir sıra sözbazlar işin anlamı ilə bağlı çaşdırıcılıq yaratmağa çalışırlar. Yəni “ Rusiyanın bu addımı tam işğal demək deyil, Rusiya özü zəifləyir, gec-tez dağılacaq” kimi absurd təbliğatlar daha çoxdur. Biz bunu Azərbaycanın basın yayınlarından, internet sitələrindən də izləyirik. Bu cür təbliğatların aparılması iki məsələni ört-basdır eləməkdən soraq verir, bilərəkdən, ya bilməyərəkdən. Bu məsələlərdən biri budur: Sovetlər dağılandan bu çağa kimi Qazaxıstanın dövlət başına keçən Nazarbayevin yaratdığı diktatura rejiminə, ölkənin bütün iqtisadi olanaqlarını bir ailənin ələ keçirməsinə qarşı yaranan hiddətləri arxa plana atmaq. İkinci məsələ, diktatura talançılığından usanan toplumun haqlı etirazına, ortaya qoyduğu iradəyə kölgə salmaq.
Deyək, etirazlar Qazax xalqının öz iradəsi ilə ortaya çıxmayıb, elə başından Rusiya hazırlayıbdır. Bəs nə üçün etirazlar dayanmadı?! – Axı Rusiya öz istəyinə yetdi, Qazaxıstana ordu yeridib ilkin sürəci başa çatdırdı. Ona görə deyirik, olayları kimin başlaması, kimin başlatması baş verən faciənin başlıca nədəni sayıla bilməz. Qazax dövlətinin başında duranları cinayətdən uzaq tutmağa çalışmaq yolverilməzdir.
Qazax toplumunu suçlayanlar da az deyil. Bu suçlamaların da anlamı odur ki, toplum üsyan elədiyi üçün Rusiyanın Qazaxıstana girməsinə səbəb verdi. Ancaq demirlər, diktatorlar illərlə Qazax xalqının haqqını ayaqlamasaydılar toplum ayağa qalxmazdı, Qazaxıstan da işğal olunmazdı. Söz yox, Rusiya işğalçıdır, xalqların cəlladıdır. Ancaq bütün suçu Rusiyanın üzərinə yönəldib dış faktorla nələrisə ört-basdır eləmək doğru deyil.
Deyirlər, Nazarbayev Qazaxıstanda uğurlu islahatlar həyata keçirdi. Ancaq nə yazıqlar, bu islahatların hamısı özülsüz quruldu. Ona görə də, Rusiyanın bir anda gəlişiylə uçub dağıldı, dağılmaqda davam edəcək. İstənilən bir islahatı o vaxt uğurlu saymaq olar, onun arxasında xalq dursun. Xalqın üzərində oturuşan bir ailənin atdığı addımlar, üzdə xəlqi uğurlar kimi görünsə belə, xalqın uğuru sayıla bilməz. Nazarbayevin nə özü, nə də Türkçülük yönündə həyata keçirdiyi əməlləri xalqın sevgisini qazana bilmədi. Başqa bir yandan necə uğurlu islahatlar həyata keçirildi ki, Qazaxıstanın dövlət başçısı Tokayev Rusiyanın kadrıdır, Nazarbayev də bu dövlətin təhlükəsizlik şurasının başında dururdu?! Yoxsa Nazarbayev Rusiyanın kadrını dövlətin başında saxlayıb Rusiyanı aldatmaqmı istəyirdi?! Bəlkə bununla baş qatıb Türk Birliyi yaradacaqdı?! Biz diktatorların Türk Birliyi yaradacaqlarına inanmırıq. Bu gün bütün Türk dövlətlərinin başında duranlar diktatorlardır. Heç birinin xalqlarımıza, xalqlarımızın da onlara sevgisi yoxdur. Nə xalqlarımız onlara, nə də onlar xalqlarımıza güvənirlər. Onların hər biri öz xalqını talayan, çörəklə sınağa çəkən antimilli kadrlardır. Bəlgə üzərində Türk Dövlətləri Təşkilatı yaratdılar. Xalqlarımız bu təşkilatın gücünə çevrilmədilər. Bu təşkilat da xalqlarımızın gücünə çevrilmədi. Rusiya bu bəlgənin gücsüz, çəkisiz olduğunu sübut elədi – öncə Azərbaycanda (Qarabağda), sonra Qazaxıstanda. Belə getsə, o biri Türk ölkələrində də oxşar addımlar atacaqdır.
Rusiya bir-birinin ardınca Türk ölkərinə ordu yeridir, Türkiyə isə Ermənistanla danışıqlar planı hazırlayır. Bunu da zamanın komediyalarından saymaq olar. Türkiyə işğalçı Ermənistanın dünya qarşısında humanist, əmin-amanlıq, barış istəyən bir dövlət görüntüsü yaradılmasına ortam yaradır. Guya bununla Rusiyanın Ermənistan üzərində etkisini azalda biləcək. Erməni elə bir toplumdur ki, ona güzəşt eləmək, ortam yaratmaq olmaz. O, ilan kimidir, onun ancaq başı əzilməlidir. Bu toplumun xarakteri yoxdur. Erməni oyuncaqdır, oyuncağın nələrisə anlaması olumsuzdur. Erməninin mövcudluğu – oyuncaq olmasındadır. O bunu yüzillərdir sübut edib. Nə erməni humanist olandır, nə də dünya gücləri Türkiyənin erməniyə ortam yaratmasını alqışlayandır. Bir sözlə, erməniyə gəlişmə ortamı yaratmaq dünya güclərinin istəklərinə yarayır, Türklərin barış içində yaşamasına yox. Erməni adlanan ilan fürsət düşdükcə Türkü çalacaq. Erməni daim öz eybəcərliyini davam edəcək, dünya gücləri də onu savunacaq.
Dünya güclərinin başında ABD, AB dövlətləri gəlir. Genel olaraq onlar Batı sayılırlar. Son 30 ildə Batının bütün davranışları gözümüzün qabağında olub, bundan dərs götürmək gərəkdir. Batı Sovetlər Birliyini dağıtdı, ancaq sovetlərdən açılan heç bir ölkəni onun varisi olan Rusiyadan qorumadı, qorumaq istəmədi. Dünyaya ağalıq etmək, dünyanı yönətmək istəyənlər sabitlik istəməzlər. Batının əsas ideolojisi olan demokratiya heç yerdə sabitlik yaratmır, anarxiya yaradır. On illərlə ABD-dən, AB-dən kömək gözləyənlər çox gec ayıldılar. İllərdir, bölgələrdə, eləcə də ölkəmizdə seçkilər saxtalaşdırılır, dövlətlərin başına talançı diktatorlar keçir, ABD, AB bunu demokratiyanın uğurları sayır... Dünyaya “demokratiya” toxumu səpənlər diktatorların özbaşınalıqlarına göz yumurlar. Bilirlər ki, diktatorlar öz toplumlarını əzməklə dünya ağalığının yaşamasına ortam yaradırlar. Elə buna görə də Batının yalançı “insan haqları”, “söz azadlığı” adlı cənnət vədləri puç olub gedir. Çünkü ölü doğulan vədlər heç vaxt gerçəkləşmir. Üzdə diktatorlardan demokrat olmaq, insan haqlarını qorumaq tələb olunur. Ancaq bunu nə vaxt edirlər?! – Diktatorlar onlarla tərs düşəndə. Özləri də bilirlər, bu, alınan deyil. Batı “insan haqları” deyəndə diktatorların ona (Batıya) boyun əyməsini gözə alır. Yəni diktatorlar nədə isə Batıya boyun əyməyəndə “insan haqları” gündəmə gətirilir.
Yeri gəlmişkən, biz Batı demokratiyasını xalqların bağımsız, özgür qurulmasına, gəlişməsinə qarşı fəndgirlik sayırıq, diktaturanı da pisləyirik. Bəs necə olsun?! – Daşıdığımız Dünyabaxışın “İnsani (Ruhani) dövlət” ideyası, idealı var. Ancaq dünyanın indiki durumu bunun tezliklə alına biləcəyini mümkünsüz edir. Ona görə də keçid aşaması olaraq, şəxslərin deyil, dövlətin diktaturasını qəbul eləmək olar. Şəxslərin diktaturası dövlətin deyil, hakimiyyətin çıxarlarını qorumaq üçün qurulur. Dövlətin çıxarılarını qorumaq üçün qurulan diktatura xalqın güzəranını, insani haqlarını təmin edər. Xalqın içində başqa dövlətlərə çalışanlara isə güzəşt etməz, onları ən sərt addımlarla cəzalandırar. Hakimiyyətin çıxarlarını qoruyan diktatura isə xalqı talayıb əzir, öz çıxarlarna qarşı çıxan vətəndaşları “zərərsizləşdirir”. Bu zaman öz xalqına qarşı başqa dövlətlərlə də anlaşmaya gedir. İndi bir çox öləkələrdə, başlıca olaraq, Türk ölkələrində olduğu kimi.
... Üzdən baxanda bu yazı pessimist ovqatda görünə bilər. Ancaq bu, bir Türk insanının rahatsızlıqlarının ifadəsidir. Yalançı optimizm görsənişi yaratmaqla populizmə gərək duymuruq. Hələ heç nəyin sonu deyil. Düşünürük, Türk ölkələrinin içində Xalq Hərəkatları başlamalı, Milli Qüvvələr ortaya çıxarmalıdırlar. O zaman dünyanın gedişinə nizam gətirəcək Türk Birliyi yarana bilər – TDT ( Türk Dövlətləri Təşkilatı) deyil, TDB (Türk Dövlətləri Birliyi). Birlik xalqların iradəsi ilə oluşur, onları talayan diktatorların Bəlgəsi ilə yox!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!