Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında polis əməkdaşları ilə birgə Ağcəbədi rayonunun Taxta Körpü ərazisində Şirvan şəhər sakini Tağıyev Mahir Mirzəmməd oğluna məxsus 54-BG-774 dövlət qeydiyyat nişanlı, "GAZ 330202-740" markalı avtomobilin yük yerinə baxış keçirilən zaman baytarlıq-sanitariya ekspertizasından keçirilməyən 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.
İlkin araşdırma nəticəsində inək cəmdəyinin istehlaka yararsız olduğu və can verdiyi halında kəsildiyi məlum olub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.
Bu da bizim halallarımıza və haramlarımıza qoyduğumuz "diqqət". Unutmayaq ki, haram tikə yeyən qəlbə iman girməz...
E.ŞİRİNOV