Noyabrın 7-dən 13-dək olan həftə ərzində 2,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 7 mindən çox insan ölüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteni xəbər verir ki, əvvəlki yeddi günlə müqayisədə yoluxma halları 2 faiz artıb, ölüm hallarının sayı isə 30 faiz azalıb.
ÜST-ün məlumatına görə, həftə ərzində dünyada 2 345 537 yoluxma halı və 7 457 ölüm halı qeydə alınıb. Əvvəlki yeddi günlə müqayisədə (31 oktyabr-6 noyabr) yoluxma hallarının sayının əhəmiyyətli dərəcədə artması Qərbi Sakit Okean regionunda (18 faiz), Cənub-Şərqi Asiyada (15 faiz) və Amerikada (12 faiz) qeyd edilib. Eyni zamanda yoluxma sayı Avropada - 21 faiz, Şərqi Aralıq dənizində - 12 faiz, Afrikada isə 8 faiz azalıb.
Ölüm hallarının sayı Afrika (86 faiz), Cənub-Şərqi Asiya (80 faiz), Avropa (41 faiz) və Amerikada (10 faiz) azalıb. Eyni zamanda, onun artımı ötən həftə Qərbi Sakit Okean regionunda (14 faiz) və Şərqi Aralıq dənizində (7 faiz) qeydə alınıb.
Yaponiya bir həftə ərzində ən çox - 503 766 yoluxma sayı barədə məlumat verib. Ondan sonra Koreya Respublikası (355 990), ABŞ (281 955), Almaniya (184 987) və Çin (171 745) yer alıb. ABŞ-da yeddi gün ərzində ən çox - 2,323 ölüm halı qeydə alınıb. İnformasiya bülletenində qeyd olunduğu kimi, daha sonra Yaponiya (552), Rusiya (436), Çin (410) və Fransa (390) qərarlaşıb.