Fiziki fəallıq hamiləlik dövründə qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və ümumi sağlamlığa müsbət təsir edir.

Təbiətdəki gəzintilər və günəş işığı ananın əhval-ruhiyyəsini yüksəldir, yuxunun keyfiyyətini artırır və depressiya riskini azaldır.

TEZADLAR.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Gülnaz Rəsulova trend-ə müsahibəsində deyib.

TEZADLAR.AZ G. Rəsulova ilə müsahibəni təqdim edir:

- Gülnaz xanım, yay aylarında havaların isti keçməsi hamilə qadınların sağlamlığına necə təsir edə bilər?

- Yay fəslinin gəlişi xüsusilə hamilə qadınlar üçün bir sıra üstünlüklər gətirə bilər. Bu dövr artan günəş işığı ilə müşayiət olunur. Bu da hamilələrin sağlamlığı və yaxşı əhval-ruhiyyəsinə müsbət təsir edir. Hamiləlik müddətində qadınlar orqanizmlərində baş verən dəyişiklikləri həyəcanla izləyir və hər bir müsbət halı gələcək körpələri üçün yaxşı bir işarə kimi qəbul edirlər.
Günəş işığı D vitamini almağın təbii və ən yaxşı mənbəyidir. Hamilə qadınlar üçün bu vitamin son dərəcə mühümdür. Havaların istiləşməsi və günəşli günlərin artması ilə bədən daha çox D vitamini sintez edir. Bu da gələcək ananın və doğulacaq körpənin sağlamlığına müsbət təsirini göstərir.
Havaların istiləşməsi açıq havada gəzinti və ya yüngül idman hərəkətləri ilə məşğul olmaq imkanı verir. Fiziki fəallıq hamiləlik dövründə qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və ümumi sağlamlığa müsbət təsir edir. Təbiətdəki gəzintilər və günəş işığı ananın əhval-ruhiyyəsini yüksəldir, yuxunun keyfiyyətini artırır və depressiya riskini azaldır.

- İsti havanın hamilələrə yaşatdığı narahatçılıqlar nədən ibarətdir?

- Havaların isti keçməsi hamilə qadınlara çoxsaylı müsbət təsirlər göstərir. Lakin bu dövrün də öz spesifik riskləri var və diqqətli olmaq hər zaman vacibdir. Belə ki, hamiləlik dövründə hormon səviyyələrinin dəyişməsi və bədən funksiyalarının fərqli işləməsi səbəbindən qadınlar ətraf mühitin fəsadlarına qarşı daha həssas olurlar. Bu şəraitdə onların sağlamlığı və gündəlik həyat keyfiyyəti müəyyən şəkildə təsirlənə bilər. İstilik və rütubət səviyyələrinin artması hamilə qadınlar üçün bir sıra çətinliklər yaradır.
Yüksək hava temperaturu artıq tərləməyə və orqanizmin su itkisi və elektrolit balansının pozulması ilə nəticələnmə ehtimalı var. Bu, ciddi hallarda susuzluğa və hətta ürək-damar problemlərinə yol aça bilər. Hamilə qadının orqanizminin adi haldan daha çox suya ehtiyacı olduğunu nəzərə alsaq, xüsusilə yay aylarında suyun kifayət qədər qəbulu olduqca önəmlidir.
Eyni zamanda, günəş şüalarının dəridə yaratdığı zərər və ultrabənövşəyi şüaların təsiri də unudulmamalıdır. Hamilə qadınlar dərilərini qorumaq üçün uyğun günəş kremi istifadə etməli və mümkün qədər günün qızmar saatlarında birbaşa günəş şüalarına məruz qalmaqdan çəkinməlidir.

- Doktor, hamiləlik zamanı səyahət etmək mümkündürmü?

- Hamiləlik dövründə yay aylarında səyahət etmək maraqlı və zövqlü ola bilər. Lakin bəzi vacib qaydalara əməl etmək lazımdır.
İlk növbədə, həkiminizlə məsləhətləşməniz çox önəmlidir, çünki həkim sizin səyahət planlarınız üçün ən yaxşı məsləhəti verəcəkdir. Hamiləliyin müxtəlif həftələri fərqli risklər daşıyır. Ən təhlükəsiz səyahət dövrləri adətən hamiləliyin ikinci trimestrinə, yəni 14-28-ci həftələrə düşür. Bu dövr ümumiyyətlə qadının özünü daha enerjili və rahat hiss etdiyi vaxtdır.
Səyahət edərkən rahat və geniş geyimlər geyinməyə üstünlük verin. Bu, sizi həm istidən qoruyar, həm də bədəninizi rahat saxlayar. Ayaqqabılarınızı da seçərkən diqqətli olun, rahat və dəstəkləyici ayaqqabıları seçmək ayaq yorğunluğunu azaldar.
Səyahət zamanı hərəkət intervallarına diqqət etmək də çox vacibdir. Uzun müddət oturmaq hamiləlik dövründə arzuolunmazdır. Hər saatdan bir qısa gəzintilər qan dövranınızı stimullaşdırmağa kömək edəcəkdir.
Hamiləlik dönəmi düzgün planlaşdırma və lazımi tədbirlər görərək, səyahət etmənin tam mümkün olduğu bir dövrdür.

- Hamiləlik zamanı dənizdə və hovuzda üzmək təhlükəsizdirmi?

- Müasir tibbi araşdırmalara görə, hər hansı ciddi əks göstərişlər olmadığı təqdirdə üzmək hamilə qadınlar üçün faydalıdır. Üzmək həm də doğuş zamanı daha yaxşı fiziki hazırlıq və dayanıqlıq təmin edə bilər.
Dənizdə üzüb-üzməmək məsələsində diqqət yetirilməli olan bir neçə vacib məqam var. Dənizdə üzərkən, dalğalar diqqətdən kənar qalmamalıdır. Güclü dalğalar yıxılma və ya yaralanma riskini artırır. Çimərlikdə isə günəş kremlərindən istifadə etməyi unutmayın, çünki hamiləlik müddətində dəri daha həssas olur.
Hovuzda üzmək, adətən, daha təhlükəsiz seçim olaraq qəbul edilir. Hovuz suyu adətən təmiz və təkrar-təkrar filtrasiya olunur, bu isə infeksiya riskini azaldır. Eyni zamanda, dalğaların olmadığı mülayim mühit hamilə qadınlar üçün daha rahat və optimal seçimdir.
Ümumiyyətlə, üzmək əzələlərin gücləndirməsi və stressdən qurtulmaq üçün əla bir fəaliyyət növüdür. Lakin, hovuzların xlor səviyyəsi də nəzərə alınmalıdır. Çox yüksək xlor səviyyələri dəridə qıcıqlanma, gözlərdə yanma kimi problemlərə səbəb ola bilər. Buna görə də xlor səviyyəsini mütləq yoxlamaq və nəzərə almaq vacibdir.

- Hamilə xanım istivurma və günvurma ilə qarşılaşarlarsa, bu zaman ilk yardım necə olmalıdır?

- İstivurma və günvurma bədən temperaturunun kəskin artması ilə xarakterizə olunan ciddi patoloji vəziyyətlərdir. İstivurma xarici temperaturun yüksəlməsi və adekvat maye qəbulunun olmaması nəticəsində baş verir. Tipik əlamətlər arasında baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və halsızlıq yer alır.
Günvurma isə uzun müddət birbaşa günəş şüasına məruz qalmaqla yaranır və bədənin özünü soyutma mexanizmlərinin pozulması, çox yüksək qızdırmaya səbəb olur. Bu hal sərbəst istilik itkisi mümkün olmadığı üçün bədən temperaturunun daha sürətlə qalxmasına gətirib çıxarır və tez müdaxilə edilməsi məsləhətdir.
İlk yardım tədbirləri sırasında hamilə qadının sərin və kölgəli bir yerə köçürülməsi, bədənin soyudulması üçün kompreslərin tətbiq edilməsi, bol miqdarda su və elektrolitlə zəngin içkilərin verilməsi mühüm önəm daşıyır. Günvurma halında isə, baş dərisinin soyudulması və nəfəs almağın asanlaşması üçün sərin bir yerin yaradılması, mümkünsə, ventilyasiyanın təmin edilməsi lazımdır. Hər iki halda əlamətlər davam edərsə və ya kəskinləşərsə, dərhal tibbi yardıma müraciət edilməlidir.
İstivurma və günvurma, xüsusilə hamilələr üçün ciddi risklər yaradır. Bu vəziyyətlərin təsirindən qorunmaq və ya azaltmaq üçün profilaktik tədbirlərin görülməsi vacibdir. Hər iki vəziyyətin qarşısını almaq üçün kifayət qədər maye qəbulu, günəşdən qoruyucu geyimlər və fiziki fəaliyyəti məhdudlaşdırmaq mühüm əhəmiyyət kəsb edir. İlk yardım üsullarını bilmək, erkən müdaxiləni təmin etmək və tibbi yardımı tez bir zamanda almaq bu vəziyyətlərdə önəmli rol oynayır. Hamilələr üçün sağlam və təhlükəsiz bir mühitin təmin edilməsi hər zaman ön planda olmalıdır.

- Son olaraq bilmək istərdik ki, yay aylarında hamilə qadınlar əsasən nəyə diqqət yetirməlidirlər?

- İsti yay günlərində hamilə qadınlar müəyyən çətinliklərlə üzləşsələr də, düzgün yönləndirilmə ilə bu dövrün üstünlüklərindən yararlana bilərlər. Günəşin ən intensiv olduğu saatlarda çölə çıxmaq tövsiyə olunmur. Gündə 10-15 dəqiqə günəşdə olmaq kifayətdir. Dərinizin zərər görməməsi üçün günəş kremlərindən istifadə edin.
Havaların isinməsi ilə orqanizm daha çox maye itirir. Gün ərzində ən az 8-10 stəkan su içmək tövsiyə olunur və mümkünsə, tərkibində kofein və şəkər olan içkilərdən uzaq durun. Eyni zamanda, qidaların müxtəlifliyinə diqqət yetirin ki, həm zülal, həm yağ, həm də karbohidrat ehtiyaclarınızı qarşılaya biləsiniz. Toyuq, balıq, süd məhsulları, dənli bitkilər və yaşıl yarpaqlı tərəvəzlərə pəhrizinizdə yer verin. Təzə meyvə və tərəvəzlər vitamin və mineral baxımından zəngindir. Yay aylarında bol olan qarpız, yemiş, albalı, şaftalı kimi meyvələr həm susuzluğu yatırar, həm də vitamin ehtiyaclarını qarşılayar.
Bundan əlavə, açıq havada gündəlik gəzintilər, yüngül idman hərəkətləri və hamilə yoqası ilə məşğul olun. Bu, həm bədəniniz, həm də psixoloji durumunuz üçün faydalıdır. Təbii materiallardan hazırlanan, rahat və yüngül geyimlər seçin ki, bədəniniz rahat nəfəs ala bilsin.
Hamiləlik dövrü qadının həyatında unudulmaz və əvəzsiz bir zaman kəsiyidir. Müntəzəm müayinələr, sağlam həyat tərzi və balanslı qidalanma ilə yay aylarında hamiləlik dövrünü asanlıqla və rahat şəkildə keçirmək mümkündür.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN