Əlilliyin müəyyən olunması zamanı insanın həyat fəaliyyətinin əsas kateqoriyalarının və qeyd olunan kateqoriyaların məhdudlaşma dərəcəsi üzrə təsnifatı müəyyənləşib.

Bu, “Əlilliyin müəyyən olunması Meyarları”nda əksini tapıb.
İnsanın həyat fəaliyyətinin aşağıdakı əsas kateqoriyaları əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınır:
- özünəqulluq bacarığı;
- sərbəst hərəkətetmə bacarığı;
- istiqamət seçmə bacarığı;
- ünsiyyət bacarığı;
- davranışına nəzarətetmə bacarığı;
- öyrənmə bacarığı;
- əmək fəaliyyəti bacarığı.
İnsanın həyat fəaliyyətinin əsas kateqoriyalarının hər birinin aşağıdakı əsas məhdudlaşma dərəcələri qeyd edilir:
Özünəqulluq bacarığı - insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, gündəlik məişət fəaliyyəti ilə məşğul olması, o cümlədən şəxsi gigiyena bacarıqları:
- I dərəcə - tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və zəruri hallarda köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
- II dərəcə - mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, zəruri hallarda köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
- III dərəcə - kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
Sərbəst hərəkətetmə bacarığı - ətraf mühitdə sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
- I dərəcə - daha artıq vaxt sərf etməklə, pərakəndə yerinə yetirməklə və zəruri hallarda köməkçi texniki vasitələrdən istifadə etməklə məsafəni qısaldaraq sərbəst hərəkət etmək bacarığı;
- II dərəcə - mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, zəruri hallarda köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
- III dərəcə - sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması;

İstiqamət seçmə bacarığı - şəxsiyyətin və ətraf şəraitin adekvat şəkildə qavranılması, vəziyyətin qiymətləndirilməsi, yer və zamanın müəyyən edilməsi bacarığı:

- I dərəcə - yalnız adəti vəziyyətlərdə və yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamət seçmə bacarığı;
- II dərəcə - mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, zəruri hallarda köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamət seçmə bacarığı;
- III dərəcə - istiqamət seçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə və nəzarətinə daimi ehtiyacın olması;
Ünsiyyət bacarığı - məlumatın qavranılması, təhlili, saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla əlaqə qurulması bacarığı:
- I dərəcə - məlumatın qəbulu və ötürülməsi tempinin azaldılması və zəruri hallarda köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı;
- eşitmə orqanının hissəvi zədələnməsi zamanı - qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
- II dərəcə - mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və zəruri hallarda köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
- III dərəcə - ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
Davranışına nəzarət etmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normalar nəzərə alınmaqla adekvat davranış bacarığı:
- I dərəcə - çətin həyati vəziyyətlərdə davranışına nəzarət etmə bacarığının mütəmadi olaraq məhdudlaşması və ( və ya ) həyatın müxtəlif sferalarını əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinlik, qismən özünü korrektə etmək imkanı ilə;
- II dərəcə - yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünü korrektə etmək imkanı ilə öz davranışına və ətraf mühitə qarşı tənqidin daimi azalması;
- III dərəcə - davranışına nəzarətetmə bacarığının olmaması, korreksiya imkanının olmaması, daim kənar şəxslərin köməyinə (nəzarətinə) ehtiyacın olması;
Öyrənmə bacarığı - bilik, səriştə, bacarıqların qavranılması və fəaliyyət təcrübəsinin (o cümlədən, peşəkar, sosial, mədəni və məişət xarakterli fəaliyyət təcrübəsinin) qazanılması işinin məqsədyönlü təşkili bacarığı, əldə edilən biliklərin gündəlik həyatda tətbiq edilməsi və ömürboyu təhsillənmək motivasiyasının formalaşdırılması bacarığı:
- I dərəcə - psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında müəyyən edilən (zəruri hallarda) xüsusi yardımçı texniki vasitələrin köməyi ilə, o cümlədən xüsusi şəraitin yaradılması ilə dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və digər təşkilatlarda öyrənmək və təhsil almaq bacarığı;
- II dərəcə - yalnız psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında müəyyən edilən xüsusi yardımçı texniki vasitələrin köməyi ilə ev şəraitində distant texnologiyalar istifadə olunmaqla uyğunlaşdırılmış tədris proqramının tətbiqi ilə dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və digər təşkilatlarda öyrənmək və təhsil almaq bacarığı:
- III dərəcə - yalnız elementar bacarıq və səriştələri (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində elementar məqsədyönlü hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək yuxarıda qeyd edilən bacarıqları qavramaq çətinliyinin olması.
Əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
- I dərəcə - iş həcminin və peşəkarlığının, yükünün, gərginliyin azaldılması şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşə (vəzifə, ixtisas) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində daha aşağı səriştəli əmək fəaliyyətini həyata keçirməyin mümkünlüyü;
- II dərəcə - uyğunlaşdırılmış xüsusi əmək şəraitində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini yerinə yetirmək bacarığı;
- III dərəcə - orqanizm funksiyalarının ciddi pozuntularından irəli gələrək elementar əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı;

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN