Gənc nəslin sağlam inkişafı üçün sağlam qidalanma böyük önəm daşıyır.

Adətən valideynlər buna ev şəraitində nəzarət edə bilirlər, lakin evdən kənar mühitdə uşaqlara nəzarət etmək bəzən mümkünsüzdür. Əsasən uşaqların günün müəyyən hissəsini keçirdikləri məktəblərdəki bufetlərdə qidalanması zamanı bu nəzarəti həyata keçirmək alınmır. Bu zaman həmin bufetdə satılan qidaların zərəri (keyfiyyətsiz kolbasa və sosislər, peraşkilər, mayonezli buterbrodlar, tərkibi zərərli olan şirniyyatlar, çipsilər,  və ilaxır) yaxud keyfiyyəti, saxlanma şəraiti və s. məktəb rəhbərliyinin düzgün nəzarəti hesabına tənzimlənə bilir. Lakin çox təəssüf ki, bəzən bufetlərə obyekt kimi baxılır və ən önəmli məsələ olan keyfiyyət – uşaqların sağlamlığı unudulur, əvəzində daha çox gəlir əldə etmək və uşaqları hansısa hazır qidalar ilə cəlb etmək olur...

Hətta məktəb bufetlərində zəhərlənmə hadisələrinin də baş verdiyi heç kəsə sirr deyil.

Xatırladaq ki, pandemiya dövründə bufetlərin işlədilməsi üçün yeni tələblər müəyyənləşdirildi. Bura gigiyena qaydalarına əməl etmək - əllərin spirtlənməsi, əlcəklərdən istifadə, dəzgahlardan yalnız qida hazırlanması üçün istifadə və s. daxil edildi. Lakin bu tələblər yeməyin keyfiyyəti barədə deyil, yalnız sanitar-gigiyena və təmizliyi qoruma qaydalarını əhatə edirdi.

Bir müddətdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi həyata keçirir.

Bu dəfə də (layihəyə əsasən) təlimlərin yekununda baş tutan sınaq imtahanlarını uğurla başa vurmuş 16 iştirakçı “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunub və həmin nişanı daşıyanlar fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək.

Qida bələdçiləri (məktəblərində) məktəblilərə paylanması üçün sağlam qidalanma rejimi, şəxsi gigiyena qaydaları, immunitetei artıran vitamin və minerallarla zəngin qidaların istehlakı, zərərli qida vərdişləri, bufet və yeməkxanalar hansı normalara cavab verməlidir mövzularında maarifləndirici çap materialları ilə təmin ediliblər.

Layihə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı” və UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə keçirilib və AQTA, UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.

Ümid edək ki, bu layihənin gələcəkdə genişlənməsi sayəsində bəzi məktəb bufetlərindəki “işbazlar”ın “bazar”ı tezliklə bağlanacaq və bufetlərdə satılan qidalar keyfiyyət baxımından standartlara cavab verəcək.

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN