Xəbər verdiyimiz kimi, dekabrın 2-dən Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri başlayıb.
Ötən gün isə Heydər Əliyev Mərkəzində Qazaxıstan Mədəniyyət Günlərinə həsr olunmuş sərgi və yaddaşlardan silinməyəcək qədər yüksək səviyyədə təşkil olunmuş qala-konsert gecəsi keçirildi.
Tədbirdə Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri, mədəniyyət işçiləri, teatr və kino aktyorları, jurnalistlər... iştirak edirdilər.
Konsert proqramını Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva giriş sözü ilə açaraq ölkələrimiz arasındakı çox yaxın dostluq münasibətlərindən danışdı.
...Qazax xalqının milli geyimləri ilə çıxış edən musiqi ansamblı, rəqqaslar, qədimliklə müasirliyin sintezi olan musiqi nömrələri, ifaçıların geyim zövqləri, ifa tərzləri, seçdikləri mahnılar, bir sözlə, büsbütün nə varsa, tamaşaçıları valeh etdi.
Hətta bəzi müğənnilərin “Laçın”, “Azərbaycan” və digər sevilən mahnılarımızı qüsursuz ifası çox təsiredici oldu. Konsert boyu arasıkəsilməz alqışlara qərq edilən ifaçılar, yəqin ki, musiqini çox gözəl anlayan və dəyər verən Azərbaycan tamaşaçılarından da razı qaldılar.
Çünki tamaşaçı olaraq biz onlardan inanılmaz enerji - coşqu aldıq və qazax xalqının neçə-neçə gözəl musiqi ifaçıları ilə canlı təmasda olduq.
Konsertin sonunda isə Qazaxıstan Respublikasının Xalq artisti Roza Rımbayeva çıxış etdi.
P.S. Biz isə arzu edərdik ki, təşkilatçlar, prodüsserlər... Azərbaycan tamaşaçılarından ətək-ətək pul qazanan, əvəzində isə çox zəif konsert proqramı ilə çıxış edən, tamaşaçıya sayğısızcasına davranan xarici müğənniləri dəvət edərkən Qazaxıstan musiqiçilərini də yada salsınlar... Çünki dünənki qala-konsert Azərbaycan tamaşaçısının ruhunu və istəyini ortaya qoydu.
JASMİN