Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də əks-kəşfiyyat fəaliyyətinin subyekti oldu.
Bir neçə gün öncə Prezident İlham Əliyev kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı 2005-ci ildə qəbul edilən fərmana dəyişiklik edib. Bu dəyişikliyə görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısı genişləndirilib.
Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü olan Osman Gündüz fikirlərini bildirib.
O, qeyd edib ki, siyahıya 16 mart 2020-ci ildə Prezidentin fərmanı ilə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi əsasında yaradılan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olub.
"Qurum texniki kəşfiyyata qarşı əks-təsir fəaliyyəti və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan digər səlahiyyətləri həyata keçirəcək.
Xatırladıram ki, cari ilin əvvəli Prezident fərmanı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə əlavə səlahiyyətlər də verilib.
Fərmana görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti DTX ilə birgə kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə də məşğul olacaqlar", - deyə bildirib.
Onun sözlərinə görə, eyni zamanda, ötən aylarda Milli Məclis də kritik informasiya resursları ilə bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklikləri müzakirəyə çıxarıb və yaxın müddətdə kritik infromasiya infrastrukturun təhlükəsizliyi ilə bağlı yeni mühitin formalaşacağı gözlənilir.
Osman Gündüz Prezident İlham Əliyevin 4 il öncə verdiyi tapşırığına diqqət çəkərək, iradını da bildirib.
"Yeri gəlmişkən, 4 il bundan öncə Prezidentin tapşırığı olmasına baxmayaraq, hələ də informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiya qəbul edilməyib", - deyə vurğulayıb.
Y.MƏMMƏDLİ