Dövlət və özəl qurumlara qarşı kiber hücumları və fərdi məlumatların oğurlanmasını gizlətmək mümkün olmayacaq.

Qurumlar bu haqda dərhal DTX-ya məlumat verməlidir.

Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü olan Osman Gündüz bildirib.

Ekspertin sözlərinə görə, adətən kiber hücuma məruz qalan, dataları ələ keçirilən dövlət və özəl qurumlar baş verənlərlə bağlı məlumatları açıqlamırlar və ya yalan məlumatlar verirlər.

“Elə bir müddət öncə İcbari Sığorta Bürosuna qarşı kiber hücum nəticəsində DTX, DİN, Ədliyyə Nazirliyinə, hətta bəzi nazirlərə, tanınmışlara məxsus məlumatlar ələ keçirilmiş və sosial mediada yerləşdirilmişdi.

İcbari Sığorta Bürosu isə açıqlama verərək belə bir halın baş vermədiyini bildirmişdi. Adı çəkilən qurumun informasiya sistemləri ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hər hansı audit aparmamışdı, çünki belə bir səlahiyyəti də yox idi”, - deyə bildirmişdi.

O, qeyd edib ki, artıq bu tip halları gizlətmək mümkün olmayacaq.

“Bir neçə gün bundan öncə Prezident “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna kibertəhlükəsizliklə və kritik informasiya infrastrukturu ilə bağlı edilmiş dəyişiklikləri təsdiq edib və onun tətbiqi ilə bağlı fərman imzalayıb.

Yeni dəyişikliklərə görə, kritik informasiya infrastrukturu subyektləri onlara məxsus olan kritik informasiya infrastrukturuna qarşı kiberhücumlar və cəhdlər barədə məlumatları səlahiyyətli quruma, DTX-ya təqdim etməlidirlər”, - deyə şərh edib.

O, həmçinin yeni qaydalara görə, DTX-nın müəyyən etdiyi qurum kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı subyektlərə metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və məcburi İT auditin keçirilməsini təmin edəcəyini və indiyədək auditin könüllü olduğunu bildirib.

“Kritik infrastruktura daxil olan özəl qurum da özlərinə qarşı olan hücumlar və datanın ələ keçirilməsi haqqında məlumatları DTX-ya təqdim etməlidirlər.

Son zamanlar, ölkəmizdə kiber ekosistemin inkişafı istiqamətində səylər xeyli gücləndirilib.

Qısa zamanda bir neçə hüquqi aktlar, Prezident fərmanları qəbul edilib, dövlət qurumalrı arasında səlahiyyətlər konkretləşib. Xüsusilə də DTX bu istiqamətdə daha çox aktivlik göstərir”, - deyə Osman Gündüz vurğulayıb.

Bir müddət bundan öncə qurumun təşəbbüsü ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaradıldığına diqqət çəkən ekspert, DTX-nın bütün maraqlı tərəfləri AKTA ictimai qurumu ətrafında birləşməyə çağırdığını deyib.

O, sektorda kadr təminatının yaxşılaşdırılması üçün də ciddi addımlar atıldığını, ötən gün AzTU Elmi Şurasının qərarı ilə bu təhsil müəssisəsində Kibertəhlükəsizlik üzrə yeni Kafedra yaradıldığını da misal çəkib.

“RİNN-in Elektron Təhlükəsizlik Xidməti isə İsrailin təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yaradılması və onların dəstəyi ilə kadrların hazırlanması işlərinə start verib”, - deyib.

Osman Gündüz yenə də, 4 il bundan öncə hazırlanmalı olan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya”nın indiyədək təsdiqlənmədiyini vurğulayıb və Azərbaycanın ötən il kibertəhlükəszilik üzrə beynəlxalq reytinqdə (National Cyber Security İndex) gerilədiyinə diqqət çəkib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN