“Azəriqaz”, “Azərişıq” və “Azərsu” vahid elektron platformada birləşdiriləcək.

Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. Sənəddə qeyd olunan dövrdə müxtəlif istiqamətlərdə çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan biri də "kommunal xidmətlərin vahid informasiya sistemi"nin yaradılmasıdır. Adı çəkilən Strategiyaya görə bu sistem 2022-2023 –cü illərdə başa çatdırılmalıdır.

 Strategiyadan gələn tələblər barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü olan Osman Gündüz fikirlərini bölüşüb.

“Beləliklə, uzun müddətdən bəri gözlənilən, müzakirəsi aparılan layihə gerçəkləşmək üzrədir. Məlum olduğu kimi, bundan xeyli öncə qəbul edilən bir çox sənədlərdə də ASAN-a tapşırılmışdı ki adı çəkilən sistemi formalaşdırsın”, - ekspert qeyd edib.

Osman Gündüzün sözlərinə görə, müxtəlif, həmçinin müəyyən maraqlı tərəflərin müqaviməti səbəbindən vahid elektron platformanı reallaşdırmaq mümükün olmayıb. 

“Lakin müxtəlif səbəblərdən, istisna etmirəm ki, həm də müəyyən maraqlı tərəflərin müqaviməti ucbatından, oflayn formada “ASAN Kommunal” yaratmaq mümkün olsa da, vahid elektron platformanı reallaşdırmaq indiyədək mümkün olmayıb”, - bildirib.

 O, bu sistemin reallaşacağı halda nələr baş verəcəyini də açıqlayıb: 

Bu sistemin reallaşması nələri nəzərdə tutur?

  1. Vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn olaraq sistemdə bütün kommunal xidmətlər üzrə məlumatlarına nəzarət edir, hər ay üzrə sərfiyyatı izləyir, sayğacdakı məlumatla müqayisə edir.
  2. Sistem, ancaq ağıllı sayğacların tətbiqini nəzərdə tutur. Ağıllı sayğacda isə nəzarətçilərə ehtiyac olmur, sayğac məlumatları özü oxuyur, özü mərkəzə ötürür. Məlumatın ötürülməsi müxtəlif şəbəkələr, mobil şəbəkə və ya internet üzərindən ola bilər.
  3. Ötürülmüş məlumatlar əsasında vahid prinsiplər üzrə billing sistemində sərfiyyat üzrə avtomatik hesablamalar aparılır və vahid mərkəzə ötürülür.
  4. Hər üç kommunal xidmətin ( işıq, su və qaz sərfiyyatı ilə bağlı ) məlumatları vahid bir mərkəzə yönəlir - burada vətəndaşın şəxsi kabineti formalaşır.
  5. Ağıllı sayğaclar şəbəkədə, sistemdə baş verən nasazlıqlar haqqında məlumatları da qeyd edə və ötürə bilir.
  6. Tarif dəyişikliyi avtomatik olaraq həyata keçirilir ( xatırlayıram ki, əvvəllər kommunal qurumlardan biri bu məqsədlə WhatsApp-la sayğacların fotosunu tələb edirdi).
  7. Xidmətin verilməsi ilə bağlı distant formada məhdudiyyətlər tətbiq etmək mümkündür (əvvəllər xidmətdən istifadəni dayandirmaq üçün "EVDƏN ÇIXANDA XƏBƏR EDİN" mesajları verilirdi).
  8. Xidmətin verilməsində dayanma olarsa, dərhal məlumat ötürülür.
  9. Qeyri-qanuni müdaxiləyə dərhal reaksiya verə bilir və s.”- deyə Osman Gündüz bildirib.

Ekspert  “Azəriqaz”, “Azərişıq” və “Azərsu” qurumlarını vahid elektron platformada birləşdirməyıə cavabdeh olan ASAN və Energetika Nazirliyinin qeyd olunan müddətdə layihəni başa çatdıra biləcəklərinə ümid etdiyini bildirib.

“Ümid edirəm formalaşan elektron platforma üzərində, məlumatların toplanması və emalı üzərində, billing sistemləri üzərində, sayğac və xidmətin keyfiyyətinin ölçülməsi üzərində ictimai nəzarət imkanları da yaradılacaq.

Yeri gəlmişkən, Strategiyadan görmək olur ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı indiyədək icrası mümkün olmayan bir çox digər layihələrin reallaşması, uzun illər bu sektorla bağlı qəbulu mümkün olmayan qanunların və konsepsiyaların təsdiqlənməsi də adı çəkilən sənəddə nəzərdə tutulub.

Düşünürəm ki, Strategiyada müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyaya önəm verilməsi, bütün istiqamətlərdə rəqəmsal və innovativ tədbirlərin nəzərdə tutulması kifayət qədər əhəmiyyətlidir”, - deyə vurğulayıb.

  

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN