“...Bəzi qonşu ölkələrlə müqayisədə biz bu məsələlərdə bir xeyli ləngimişik.”
“Bakcell” şirkəti yenidən açıqlama verib və bildirib ki, ötən gün baş verən texniki nasazlıq şəbəkədə aparılan təkmilləşdirmə və modernizasiya işləri ilə bağlı olub. Şirkət bu işləri NOKİA -nın beynəlxalq dəstək komandası ilə birgə apardığını da qeyd edib.
Maraqlıdır, görəsən “Bakcell” hansı texnoloji həllərin tətbiqini gerçəkləşdirirmiş?”
Bunu Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz iki gün öncə “Bakcell”də yaranan texniki nasazlıqdan danışarkən bildirib.
Ekspertin fikrincə, NOKİA-nın da adı bu mobil operatorun modernizasiya işlərində hallandığından güman etmək olar ki, Bakcell 5G-yə hazırlıq görür:
“Çünki, xatırlayıram ki, bir neçə il öncə keçirilən beynəlxalq sərgilərdə “Bakcell” məhz NOKİA ilə birgə LTE və 5G texnologiyasına hazırlığını nümayiş etdirmişdi.
Görünür ki, Bakcell artıq 5G-nin reallaşdırılması istiqamətində NOKİA ilə birgə real addımlara başlayıb.
Yeri gəlmişkən, hələlik RİNN 5G ilə bağlı hansı tezliklərin və hansı üsullarla mobil operatorlara veriləcəyini açıqlamayıb”, - deyib..
Osman Gündüzün fikrincə, hətta bəzi qonşu ölkələrlə müqayisədə biz bu məsələlərdə bir xeyli ləngimişik.
O, vurğulayıb ki, RİNN-in Dövlət Radiotezliklər İdarəsi isə bir müddət öncə qurumun 5G ilə bağlı konseptual yanaşmasının hazır olduğunu bildirmişdi.
Xatırladaq ki, sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində Bakcell xidmətlərindən istifadə etmək mümkün olmayıb.
Şəbəkədə baş verənlərlə bağlı Bakcell şirkəti bildirib ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir.
"21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə Nokia ilə birlikdə aparılan genişmiqyaslı moderinizasiya işləri ilə bağlı olub.
Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb", - deyə şirkətin məlumatında bildirilib.
Y.MƏMMƏDLİ