“AzerSky1 müşahidə peykinin ömrü 2024-cü ildə başa çatacaq”.
***
Azərkosmos həm yeni peyk istehsalçısı, həm də peyki orbitə qaldıracaq yeni şirkət axtarışındadır.
Azərbaycanın AzerSky1 müşahidə peykinin ömrü 2024-cü ildə başa çatacaq.
Artıq yeni AzerSky2 -nin istehsalı üçün işlərə başlamaq ərəfəsidir.
Bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz bildirib.
“Görəsən, Azərkosmos bu peykin istehsalı və orbitə qaldırılmasını hansı şirkətlərlə əməkdaşlıq çərçivəsində nəzərdə tutub?” sual edən Osman Gündüz əlavə edib ki,
“Azərkosmos” rəhbəri Saməddin Əsədov növbəti AzerSky2 peykinin SpaceX ilə orbitə qaldırıla biləcəyini istisna etməyib.
“Məlum olduğu kimi, hazırkı Azersky1 peyki Hindistanın “Polar Satellite Launch Vehicle” daşıyıcı raketi ilə orbitə qaldırılmışdı. Görünür ki, “Azərkosmos” gələcəkdə Hindistanın bu qurumu ilə əməkdaşlığın davam etdirilməsini nəzərdə tutmur”, deyə o, diqqətə çatdırıb.
Onun sözlərinə görə, Saməddin Əsədov hazırda ən sərfəli şərtlərin İlon Maskın şirkətinə mənsub olduğunu, lakin hələlik hansısa anlaşmaların olmadığını bildirib.
“Qurumun rəhbəri bununla bağlı tender olacağını açıqlayıb.Bəs yeni müşahidə peykimizin istehsalçısı kim olacaq?
Artıq məlumdur ki, AzerSky1 peykinin istehsalçısı olan Fransanın Airbus Defence and Space şirkəti ilə “Azərkosmos”un əməkdaşlığının davam etditrilməsi nəzərdə tutulmur. Bir neçə il öncə fəaliyyəti dayandırılan şirkətin bağlandığı da açıqlanıb.
Şirkət müqavilə öhdəliklərini başa vuraraq Azərbaycanı tərk edib”, - deyə xatırladıb.
Ekspert hələlik “Azərkosmos”un peykin istehsalçısının hansı ölkə, hansı şirkət olacağını açıqlamadığını, həmçinin qurum tərəfindən yeni peykin istehsalını Azərbaycanın hərbi sahədə ən yaxın əməkdaşlıq etdiyi ölkələrlə birgə nəzərdə tutduğunu da istisna etmədiyini bildirib.
“Qarşıdan isə Azərbaycanın ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresi gəlir. Dünyanın kosmos ailəsinin 5000-dən çox iştirakçısı gələn ilin oktyabrında Bakıya toplaşacaq. Bu tədbirlə bağlı Prezidentin xüsusi sərəncamı var. Baş nazirin rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Güman etmək olar ki, Azərbaycan bu beynəlxalq tədbirədək AzerSky2 peykinin istehsalçısı və raketdaşıycısı məsələsini həll etsin və Konqres çərçivəsində müqavilələr imzalansın”, -deyə qeyd edib.
Osman Gündüz Ermənistanın kosmos ailəsinə qoşulmaq üçün İspaniya şirkəti ilə iş birliyinə girərərk kiçik müşahidə peykini hazırlamasına və Parisdə keçirilmiş BA Konqresində ilk dəfə iştirak etdiklərini də xatırladıb.
“Yeri gəlmişkən, artıq cari ildə Ermənistan da İspaniyan Satlantis şirkəti ilə birgə tələm-tələsik özünün kiçik ölçülü müşahidə peykini hazırlayıb və SpaceX ilə orbitə qaldıraraq kosmos ailəsinə qoşulub.Bir neçə ay öncə Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresdə ermənilər ilk dəfə olaraq nümayəndə statusunda iştirak ediblər.
Maraqlıdır, görəsən gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə Ermənistan nümayəndələri qatılacaqmı?”, - deyə Osman Gündüz vurğulayıb.
Y.MƏMMƏDLİ