…Ötən əsrə qədər geniş yayılmış əlaqə vasitələri sırasında əvvəlcə qələmlə parça və kağız üzrəinə yazılan məktublar əsas yer tuturdu.
Onu da fərdi qaydada çaparlar vasitəsilə birindən digərinə ötürürdülər. Sonra səyyar daşıyıcı poçtlar yaradılmağa başladı və bunun vasitəsilə çatdırılma olurdu. Teleqram, teleqrafın yaranması iş, ev daxil olmaqla, yaxın-uzaq məsafəli şəhərlərarası, şəhərdaxili danışıq xidmətləri dövrü yarandı, sonra yeni tərtibat və sürətli ötürücülüyə malik telefonlar icad olundu. Bu da daha çox xəbərdar olmağın əlamətlərindən birinə çevrildi. Fərdi telefonların yaranması ilə ona olan tələbatın nə qədər böyük olduğunu görə bilirik. İndi isə belədir, əvvəlki dövrdən fərqli olaraq ev, iş telefonlarına o qədər də ehtiyac olmur, daha çox mobil telefon adlandırdığımız cib və ya əl telefonuna, kompyuterə, noutbuka üstünlük vermişik. Buna güc verən dalğanın sayəsində onsuz qala bilmirik, səhərdən axşama qədər onun resurslarından fərqli qaydada istifadə edirik - onun sayəsində bir sıra şəbəkələr mövcuddur.
Hərdən aludəçilik yaratsa belə, ona olan ehtiyaclar tükənmək bilmir. Hər yerdə onu axtarırsan - uzaq səyahətlərdə, dağın başında, çayın, dənizin kənarında, çimərlikdə də bu vasitəyə ehtiyac duyulur. Tanımayana tanıdır, bilməyənə öyrədir. Darıxanı darıxmağa qoymur, dost-tanışlara, ailəyə -hamıya eyni vaxtda xəbərdar olmağın yolunu göstərir. Kim nə iş görür, kimin nəyi, hansı uğuru, problemi varsa, orda daha tez bəlli olur və hər cür məlumat həm görüntülü, həm də yazılı şəkildə dünyanın bir ucundan başqa tərəfinə ötürülür. Onlara inanırıq, cavabsız qalanda susuruq, sualımız olanda ünvanlayırıq, danışırıq, yazışırıq. O, həm də bir çoxları üçün su, qida qədər vacib amilə çevrilə bilir.
***
Son zamanlar hər şey sürətlə inkişaf edir - dünyanın hər növ xəbərlərini, prosesləri eyni anda hamıya müxtəlif dildə çatdırmaq olur. Onun fəallığı nəticəsində, sanki Dünya hərdən böyüyür, məhvərindən, hədəqəsindən çıxır, hərdən də kiçilir, daralır və hər halıyla onun sayəsində nə baş verdiyindən, nələr olacağından agah oluruq. Sanki Dünyanı o dəyişdirir -böyüdən, kiçildən, bölən, idarə edən və tanıdan da Odur. Şəhərbəşəhər, kəndbəkənd gəzir, suda, quruda hər yeri dolanır, sürətinə sürət qatır, o sənə çatır, sən isə haralara gedirsən… O həm də radiasiya təhlükəsi olan vasitələr sırasında öndə gedir, buna baxmayaraq, uşaqdan böyüyə kimi hamılıqla gündəlik tələbatımızda bunun istifadəsinə yer ayırmışıq. Onu ailəmizə, işimizə, fəaliyyətimizə daxil etmişik. Onun sayəsində həm də hər cür müxtəliflikləri fərq edə bilmişik, öyrənmişik, maariflənmişik, bir növ axına düşmüşük. Bu axında kimiləri tora düşür, kimiləri də hardasa nə vaxtsa düşdüyü tordan -bəladan çıxa bilir, kimisi də sadəcə izləyərək keçib gedir.
Bu vasitənin, bu yolun köməyi ilə dostluqlar qurulub, düşmənçiliklər yaranıb. Bu vasitə həm də bəzilərinə peşmançılıq gətirib, digərlərini isə qürurlandıra, öyündürə bilib. Hər işin başından sonuna kimi ondan keçən bir yolumuz olur. Biz bunun səsli və səssiz formasına da alışmışıq. İstədikdə, sevdiyimiz müsiqiyə qulaq asırıq, kiməsə sözümüz olanda rahat yazırıq və gecikmədən dərhal qarşı tərəfə çatır. Onun bariz nümunəsi isə, sosial şəbəkələrdir. Haqqında yazdığım bu vasitə İnternetdir. Bu yol internet yoludur.
***
…Neçə əsrdir ki, qapalı yaxud da açıq şəkildə Vatikanı həm də mühüm hadisələrdə, qanunlarda, proseslərdə öz qərarları ilə, təsir gücü ilə seçilən qüvvə kimi tanıyırıq. Əslində Vatikan kilsəsi başqa bir mövzudur, ancaq internet tarixində də bu kilsənin özünəməxsus yeri var. Vatikan kilsəsinin əhəmiyyəti o qədər yüksəlişdə olub ki, müasirlikdə də öz gücünü göstərə bilir. Vatikan 1998-ci ildə onu “İnsan bilikləri xəzinəsi” adlandırır. Sonra isə, 2000-ci ildən yeni bir qərar verir, internetə himayədar təyin edir. Həmin himayədar himayəçi statusuna layiq görülən şəxs Sevilyadan olan Müqəddəs İsidor olur. Bu, İohan Pavelin qərarı idi… Çarpaz istinad sistemləri şəbəkələr yaradılır. Qlobal şəbəkələrdə sistemlər dəyişir, yeni-yeni bağlantılar, istinadlar qurulur. Hiper gücə malik internet dalğaları hamımızı ağuşuna alır... Dünya hərdən qloballaşır, hərdən fəallaşır və hərdən də haralarda isə çarpazlaşır... Burda hər şey var, o yer həm də ensiklopediyanı, başqa xəzinələri xatırladır. Burda Doğum da var Ölüm də var, hər cür bilikləri olan bu məkanın adı İnternetdir, bax gör bir internet necə yaradır, nələri xatırladır. Tarixin bu günü bizə 4 Aprel Ümumdünya İnternet gününü xatırladır.
Arada durğunluq olur, dalğa hamını aparır. Vatikan katolik kilsəsini - İohan Pavelin unudulmaz qərarını xatırlayırıq... Bu gün həm də müqəddəs İsidorun günüdür.
***
İnternetdə xəbərlər dolaşır, insanlar axın-axın gedir, hamı bir yoldan gedir, bəzisi də yolunu dəyişir -bu yol internet yoludur. İnternet yolunda bilərəkdən, bilməyərəkdən axına qoşuluruq, bu axında dalğalar gah ləpələnir, gah da burulğan yaradır. Hərdən hər şey qarışır. Bu yol su kimidir - adamları hara gəldi aparır, hərdən suyun üzərində saxlayır, hərdən dəryalara qərq edir, hardasa boğub-batırır.
Bir də görürsən ki, dalğa hamını aparır...
Aliyə Əsədova