Dünyanın inkişaf etmiş ölkələrində əhali təptəzə avtomobillərə üstünlük verir və dövlət də bunda maraqlıdır...
Amma dövlət əhaliyə elə gəlirli madiyyat yaradır ki, əhali də təzə avtomobil almaqda maraqlı olur... "2013-cü ilə qədər istehsal olunan yüngül avtomobillərin idxalına qadağa qoyulması qiymətləri artıracaq və köhnə avtomobillərin hissələrində qıtlıq yaradacaq", -deyən Gürcüstan Avtomobil İdxalçılar Assosiasiyasının təsisçisi Aleksi Noniadze qeyd edib ki, problemin həll yolu yanacağa olan aksiz vergisinin azaldılmasıdır: “Bu qərar qiymətlərin artmasına səbəb olacaq. Müəyyən dərəcədə bu, qiymətləri artıracaq süni məhdudiyyətdir. Digər tərəfdən, işlənmiş avtomobillər ölkəyə gətirilməyəcək və bu, köhnə avtomobil hissələrinin qıtlığına səbəb olacaq. Yeni avtomobil parkının yaradılması və beləliklə, havanın çirklənməsini azaltmaq üçün əslində ən azı 10 il lazım olacaq. Ona görə də təmiz hava istəməyimizin səbəbi çox uzunmüddətli perspektivdir. Yəni problem köhnə maşınlarda deyil, köhnəlmiş avtomobil parkındadır. Dünən bununla bağlı baş nazirə məktub təqdim etdik və məsələnin həll yolları ilə bağlı fikrimizi ətraflı şəkildə bildirdik. Əhalinin alıcılıq qabiliyyəti çox aşağı olduğu üçün, insanlar minik vasitələrini dəyişə bilməyəcək və köhnə maşını saxlamağa çalışacaqlar. Bu isə öz növbəsində köhnə avtomobillərin qiymətlərinin artmasına səbəb olacaq. Nəticə etibarı ilə nə təmiz havaya, nə də yeni avtomobil parkına tez bir zamanda nail ola bilməyəcəyik. Ən asan həll yolu aksiz vergisini azaltmaq və insanlara avtomobillərini dəyişdirməyə imkan tapana qədər müddət verməkdir".
Tezadlar.az xatırladır ki, Gürcüstan hökumətinin qərarı ilə 2024-cü ilin 1 yanvar tarixindən etibarən, 2013-cü ilədək istehsal edilmiş avtomobillərin Gürcüstana idxalı məhdudlaşdırılacaq. Təbii ki, bu qərar Azərbaycanda avtomobilsevərləri məyyus etməlidir. Niyə? Məsələ ondadır ki, Azərbaycanda istismarda olan mövcud 1,5 milyon avtomobillərin təxminən 75 faizi ikinci əl avtomobillərdir və əsasən də Gürcüstandan gətirilir. Belə çıxır ki, ölkəmizdə həm avtomobillər bahalaşacaq, həm də əhalinin bir qismi ikinci əl avtomobillərdən də məhrum olacaq...
A.Məmmədli