Ölkənin qeyri-hökumət təşkilatları "Tiktok" sosial şəbəkəsinin uşaqların psixikasına vurduöu zərərlə bağlı nazirliyə müraciət edib.

TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, ölkənin Mədəniyyət, informasiya, idman və gənclər siyasəti Nazirliyi "TikTok" sosial şəbəkəsini bloklamaq qərarına gəlib.

Qurumun mətbuat xidmətinin məlumatına görə, bir sıra qeyri-hökumət təşkilatlarından “TikTok” sosial şəbəkəsinin uşaqların psixi inkişafına və sağlamlığına zərəri - mənfi təsirləri ilə bağlı nazirliyə müraciətlər çoxalıb.

Qeyd olunur ki, "TikTok" istifadəçini qısa kliplərin virtual aləminə qərq edir, yeniyetmələr onlara baxdıqdan sonra bəziləri həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar. Bundan əlavə, uşaqların psixikası hələ də qeyri-sabitdir, o, yenicə formalaşır və bu cür məzmun asılılıq yaratmaqla gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.

 Beləliklə, nazirlik adı çəkilən sosial şəbəkənin məzmununun monitorinqini aparıb və bu zaman müəyyən edilib ki, doğrudan da "TikTok" uşaqların sağlamlığına və inkişafına ziyan vuran məlumatların əldə edilməsinə, eləcə də yaşa nəzarət funksiyasına məhdudiyyətlər qoymur.

 Nəticədə qurum çoxsaylı müraciətləri nəzərə alaraq, həmçinin aparılan monitorinqlər əsasında Qırğızıstan ərazisində "TikTok" xidmətinin yayılması üzrə fəaliyyətin dayandırılması barədə qərar qəbul edib.

 Müvafiq qərarın Qırğızıstan Respublikasının qanunvericiliyi çərçivəsində sonrakı icrası üçün ölkənin Rəqəmsal İnkişaf Nazirliyinə göndərildiyi bildirilir.

 Qeyd edək ki, "TikTok" qlobal bazara 2018-ci ilin yanvar ayında daxil olub. Bu sosial şəbəkə “ByteDance” şirkətinə məxsusdur. “TikTok” video platformasının qurucusu çinli milyarder Jan İmindir. Bu tətbiqin köməyilə insanlar adətən arxa fonda musiqinin istifadə edildiyi 15 saniyəlik videolar çəkir. Daha sonra bu videoların sürətini artıra-azalda və ya onlara filterlər tətbiq edə bilirlər.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan parlamentində də azyaşlıların TikTok"a girişinin əngəllənməsi ilə bağlı təkliflə çıxış edilmişdi. Və çoxdandır ki, dünyanın bir sıra ölkələrində - bir çox qurumlarda bu sosial şəbəkəyə ya məhdudiyyət qoyulur, yaxud qadağan etmək barədə düşünülür, təkliflər verilir. Lakin bütün bunlara baxmayaraq, bu gün nəinki uşaqlar, gənclər bu şəbəkənin asılısı olub, hətta yaşlı insanlar da onun girovuna çevrilib...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN