“Teknofest” də diqqət çəkən məqamlardan daha birisi də ölkənin İT biznesinin, texnologiya şirkətlərinin burada iştirak etməməsi oldu...
"Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu günlərdə Azərbaycanda keçirilən “Teknofest”lə bağlı fikirlərini sosial şəbəkə hesabında bölüşüb.
“Maraqlıdır ki, Türkiyədən çoxsaylı texnoloji şirkətlər festivala qatıldığı halda (hətta dronları min kilometrlərlə yol qət edərək festivala qatıldığı halda) bizim özəl biznes burada iştirak etmirdi. Özəllərdən yalnız İDRAK şirkəti və A2Z gözə dəyirdi və aktiv iştirak edirdilər. Vəssalam...
Azərbaycan tərəfdən iştirakçılar arasında dövlətin xüsusi çəkisinin yüksək olması, dövlət qurumları və dövlət şirkətlərinin üstün mövqeyi diqqət cəlb edirdi. Hansı ki, bəlkə də tərsinə olmalıydı.
Ən maraqlı məqam isə odur ki, hətta əsas təşkilatçı olan RİNN-lə əməkdaşlıq edən, onların hesabına yetərincə pul qazanan İT şirkətlər, festivalın əsas tərəfdaşı olan ASAN-nın AZİNTEX konsorsiumuna daxil olan, əsasən dövlət sifarişlərinin üzərində "oturan" texnoloji şirkətlərimiz də bu cür əhəmiyyətli tədbirə qatılmamışdılar. Amma bununla belə, onlar uzun illər“Teknofest”lə müqayisə oluna bilməyən və daha az əhəmiyyət kəsb edən BakuTel-ə yüz minlərlə yer pulu xərcləyiblər.
Ümid edirəm, təşkilatçılar, cavabdeh qurumlar, dövlət sifarişlərini İT şirkətlərə yönəldənlər bunun fərqində olacaqlar”, - deyə vurğulayıb.
Qeyd edək ki, “Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Azərbaycan ilk dəfə 2021-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları “MiQ-29” qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.
Məlum olduğu kimi, ölkəmizdə may ayının 26-da başlayan “Teknofest Azərbaycan” mayın 29-dək davam edib.
Y.MƏMMƏDLİ