İranda daha iki gənc fəalın ölümündən sonra etiraz aksiyaları və polislə toqquşmalarda yeni artım yaşanıb...
Belə ki, dünən cümə axşamı İran polisi minlərlə nümayişçinin Tehran yaxınlığında Hədis Nəcəfinin 40-cı gününü qeyd etmək üçün axın etdiyi Kərəcdəki qəbiristanlığın girişini bağlayıb. Təhlükəsizlik qüvvələri izdihamın onun məzarına getməsinə mane olmağa çalışıb. Tezadlar.az BBC-yə istinadla bildirir ki, bu, etirazçılarla polis arasında şiddətli toqquşmaların yeni dalğasına səbəb olub. Polisin hərəkətlərinə cavab olaraq nümayişçilər Kərəcdə magistral yolu bağlayıb, avtomobilləri yandırıb və hökumət əleyhinə şüarlar səsləndiriblər. Şüarlardan biri belə olub: "Bu il qan ilidir, Seyid Əlinin (Xameneinin) devriləcəyi ildir!"
Ötən həftə İran polisi ölümü İranda kütləvi etirazlara səbəb olan Məhsa Əmininin və qarşıdurmalar zamanı həlak olan Nika Şəkərəmi üçün matəmin 40-cı günündə oxşar şüarlarla toplaşan çoxlu sayda etirazçı kütləsinə atəş açıb. Ölən hər üç qız İran etirazının simvoluna çevrilib. İranın ən hörmətli 40 insan haqları vəkili birgə bəyanat yayaraq, ölkənin ruhanilərini açıq şəkildə tənqid edib və bildiriblər ki, etirazçılar daha qəddar repressiyalardan qorxmadıqları üçün hökmdarlar yıxılacaq. Sitat: “Hökumət hələ də xəyalpərəstdir və insanları susdurmaq üçün sıxışdıra, həbs edə və öldürə biləcəyinə inanır. Amma xalq dalğası sonunda hakimiyyəti süpürüb aparacaq, çünki Allah xalqın tərəfindədir. Xalqın səsi Allahın səsidir”.
Beləliklə, deyəsən, bu dəfə İranda vəziyyət "rusca" olacaq və hökumət ya qadınlara azadlıq verməlidir, ya da...
A.Məmmədli