Cəmiyyətin inkişafına milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. XX əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında növbəti mərhələnin əsasını qoyub.

Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində yeni keyfiyyət mərhələsi başladı. Və bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.

Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük təlabat yaratmışdı. Qeyd edək ki, Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hal-hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun indiyədək 79 dəfə dəyişdirilib.

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum - Medianın İnkişafı Agentliyi yaradıldı (MEDİA). Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb. Hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunub.

"Media haqqında" yeni qanun layihəsinin əvvəlki qanunlardan xeyli fərqləndiyini qeyd edən media eksperti Qulu Məhərrəmli bu qanunun qüvvəyə minməsi ilə "KİV haqqında" və "Teleradio yayımı haqqında"qanunlar qüvvədən düşəcəyini bildirir.

Bu barədə çıqlama verən Q.Məhərrəmli bildirir ki, yeni qanunu fərqləndirən əsas cəhət, təkcə yazılı medianı deyil, həm də onlayn medianı və teleradio yayımını tənzimləyəcək. Bu baxımdan, qanunun qəbul olunmasının vacib və aktual olduğunu söyləyən ekspertin fikrincə, yeni münasibətlərin və normaların müəyyən olunması, cəmiyyət-media, hakimiyyət-media münasibətlərini tənzimləyən yeni normalar müəyyən olunur ki, bunu müsbət qəbul etmək olar.

Qanunun həm də reket fəaliyyətinə qarşı mübarizə üsulu kimi qəbul olunmasının əleyhinə olduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, bu layihə medianın inkişafı ilə bağlı daha aktual və vacib məsələlərin həlli üçün hazırlanıb: "Reketçiliyə qarşı mübarizə aparmağın yeganə yolu hüquq-mühafizə orqanlarının davamlı fəaliyyət göstərməsidir. Müəyyən şəxslərdən pul qoparmaq üçün böhtan və yalan dolu məqalələr yazan şəxslərə qarşı mübarizə aparmaq və onların qarşısını almaq da onların vəzifəsidir. Bu qanun daha müasir normativ qaydalar və sərhədlər müəyyənləşdirir və mediada gedən yeni tendensiyaları, yəni bunun terminologiyasından tutmuş, strukturuna qədər bütün media həqiqətlərini tənzimləyir".

Bütün bunlarla yanaşı, layihədə çatışmazlıqların da olduğunu qeyd edən Q.Məhərrəmlinin sözlərinə görə, layihədə insan hüquqları ilə bağlı Avropa Konvensiyası ilə ziddiyyət təşkil edən müddəalar var: "Burada əsas söhbət jurnalistlərin məlumat əldə etmək və yaymaq azadlığından gedir. Hesab edirəm ki, bu məhdudiyyətlər layihədən çıxarılmalıdır. Konstitusiya ilə ziddiyyət təşkil edən müddəalar da mövcuddur. Əgər peşəkar hüquqşünaslar layihəyə nəzər yetirsələr, bu nöqsanları dərhal görərlər. Ümid edirəm ki, bundan sonra da sənəd üzərində ciddi iş gedəcək və sadalanan nöqsanlar aradan qaldırılacaq. İkinci ciddi məsələ internet mediasının tənzimlənməsinə göstərilən cəhdlə bağlıdır. Burada internet televiziyalarının və YouTube kanallarının lisenziyalaşdırılması ilə bağlı müddəa və fəsillər var və onların qəbul olunmasını məqsədəuyğun saymıram".

Qeyd edək ki, layihədə Media Reyestrinin yaradılması və bura daxil ediləcək jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması ilə bağlı müddəalar əks olunub. Bu məsələ ilə bağlı müəyyən mübahisələrin olduğunu deyən Q.Məhərrəmli reyestrin yaradılmasını bir tendensiya kimi müsbət hal olduğunu bildirir: "Belə ki, medianın statistik bazasını görə bilərik. Həm ciddi inventarlaşdırma aparılsın, həm də media strukturlarının sayı və fəaliyyəti bilinsin. Mətbuat nümayəndələrinin bu reyestrə daxil olunması isə kökündən yanlışdır və bu maddə layihədən çıxarılmalıdır. Tutaq ki, bir jurnalist hansısa bir mətbuat qurumunda işə düzəlir, amma bir müddət sonra iş şəraiti və maddiyyat onu qane etmədiyi üçün iş yerini dəyişməyə məcbur olur. Bu dəyişikliyi necə izləmək olar? Bu, məntiqə uyğun deyil və insan hüquqlarına ziddir. Ümumiyyətlə, qanunda jurnalist anlayışının izahı məhdud şəkildə verilir. Halbuki 20-30 il əvvəl UNESCO bu anlayışı geniş şəkildə izah edib və "freelance" işləyənləri, bloggerləri, gündəlik ictimai-siyasi xəbərləri cəmiyyətə çatdıran müstəqil şəxsləri "jurnalist" kimi qiymətləndirib. Jurnalistlərə qarşı hər cür məhdudiyyətlər tətbiq edilməməlidir. Ona görə də ölkədə azad medianın inkişafı üçün hüquqi baza yaradılmalıdır ki, jurnalist baza çərçivəsində fəaliyyət göstərə bilsin".

Biz də ümid edirik ki, “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək qabaqcıl, mütərəqqi bir sənəd olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN