Rusiya dost olmayan ölkələrin siyahısını genişləndirib.
Rusiya hökuməti Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını yeniləyib.
Siyahıya Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiya da daxil edilib.
Fərman Rusiya Federasiyası Prezidentinin 23 aprel 2021-ci il tarixli 243 nömrəli “Xarici dövlətlərin qeyri-dost hərəkətlərinə təsir (qarşı) tədbirlərinin tətbiqi haqqında” Sərəncamının həyata keçirilməsi üçün qəbul edilib.
Sərəncam dost olmayan ölkələr üçün Rusiya ərazisində yerləşən şəxslər arasından səfirliklər, konsulluqlar və dövlət nümayəndəlikləri işçilərini işə götürmək imkanının tamamilə məhdudlaşdırılmasını nəzərdə tutur.
Hökumətin təsdiq etdiyi siyahıda ölkələrin adları ilə yanaşı, Rusiya ərazisində qeyri-dost ölkələrin diplomatik nümayəndəlikləri və onların konsulluq idarələri ilə əmək müqaviləsi bağlaya biləcək şəxslərin sayı göstərilir. Belə ki, yeni sərəncama əsasən, Yunanıstanın 34, Danimarkanın 20, Slovakiyanın 16 nəfərlik məhdudiyyəti var. Sloveniya və Xorvatiya isə diplomatik nümayəndəlik və konsulluq idarələrində işçi qəbul edə bilməyəcək.
Bundan əvvəl, 2021-ci ilin mayında ABŞ və Çexiyanın diplomatik nümayəndəliklərinə məhdudiyyətlər qoyulmuşdu.
Hökumətin təsdiq etdiyi siyahı uzadıla bilər...
Y.MƏMMƏDLİ