Abxaziyada hökumət binaları kompleksinin etirazçılar tərəfindən ələ keçirilməsinə səbəb olan iğtişaşlardan sonra respublikanın hakimiyyət orqanları ilə müxalifət nümayəndələri arasında danışıqlar başlayıb.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Abxaziyanın Suverenliyini Müdafiə Komitəsinin sədri Levan Mikaa bildirib.
Onun sözlərinə görə, müxalifət prezident Aslan Bjaniyanın istefasını və respublika başçısına növbədənkənar seçkilərin keçirilməsini tələb edir.
“İndiki mərhələdə deputatlar qrupu yaradılıb və prezidentə göndərilib. Yalnız bir sual var: prezidentin istefası və növbədənkənar seçkilərin keçirilməsi. Hazırda biz cavab gözləyirik, vəziyyətin daha da pisləşməməsi, toqquşmaların olmaması üçün bunu etməyi xahiş etdik”, - — müxalifət liderlərindən biri, “Abxaziya Xalq Hərəkatı”nın sədri Adqur Ardzinba etirazçılara bildirib.
MSK əməkdaşı qeyd edib ki, Bjaniyanın istefası bu gün baş verərsə, növbədənkənar seçkilər üç ay ərzində - fevralın sonuna qədər keçiriləcək.
Abxaziyadakı iğtişaşlara səbəb Rusiya ilə investisiya sazişinin ratifikasiyası məsələsi olub. Müxalifət buna qarşı çıxıb, çünki hesab edir ki, söhbət respublikadakı mənzillərin Rusiya Federasiyasına satılmasından gedir. Nəticədə, etirazçılar hökumət kompleksinin qapılarını sındıraraq Bjaniyanın istefasını tələb ediblər. Daha sonra onların bəziləri parlament binasına daxil olaraq bəzi kabinetlərin şüşələrini sındırıb, iclas zalında stolu sındırıblar.
E.ŞİRİNOV