Ermənistanın iki vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi açılıb.
Avqustun 12-də Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, təqsirləndirilən şəxslərdən biri əvvəllər Gürcüstana qaçaraq Azərbaycandan sığınacaq istəyib, ikincisi isə Türkiyəyə qaçıb.
Onlardan biri bloger İşxan Verdyan, digəri isə Vahe Qəmbəryandır.
Ermənistan prokurorluğu bildirib ki, 2017-ci ildə V.Qəmbəryan “Ermənistan dövlətinə qarşı təxribat fəaliyyəti həyata keçirmək üçün Azərbaycan kəşfiyyatı tərəfindən ələ alınıb və Azərbaycanın Gürcüstandakı səfirliyi ilə daim əlaqə saxlayıb”.
Bu ilin iyununda o, Gürcüstan ərazisinə keçib, avqustun əvvəlində isə videomüraciətlə çıxış edərək Ermənistan vətəndaşlığından imtina edib və ona Azərbaycan vətəndaşlığının verilməsini xahiş edib.
İşxan Verdyana gəlincə, o, Türkiyədə - İstanbulda yaşayıb və orada xarici kəşfiyyat tərəfindən ələ alınıb, - deyə Ermənistan prokurorluğu bildirib.
O, Azərbaycan vətəndaşlığı istəyib və Xankəndində yaşamaq istədiyini bildirib.
"Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamentində hər iki epizod üzrə cinayət işi başlanıb", - məlumatda deyilir.
E.ŞİRİNOV