Abxaziyanın Müdafiə Nazirliyi iğtişaşlarla əlaqədar hərbi hissə və bölmələrdə mühafizəni gücləndirib.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a müdafiə nazirinin birinci müavini Beslan Tsvijba məlumat verib.
“Biz hərbi hissə və bölmələrdə təhlükəsizliyi gücləndirmişik”, - deyə o qeyd edib.
Həmçinin, iğtişaşlar fonunda Suxuminin (Abxaziyanın paytaxtı) şəhər xidmətləri gücləndirilmiş iş qrafikinə keçib. Noyabrın 11-dən Abxaziyada etirazlar davam edir. Yerli müxalifət ilk növbədə respublikaya Rusiya sərmayəsi ilə bağlı sazişdən narazıdır - bu, rusiyalı investorlar üçün güzəştlər və dəstək tədbirləri təmin edir. Noyabrın 15-də Abxaziya parlamentində deputatların qalmaqallı qanun layihəsinə baxacağı iclası keçirilməli idi. Müxalifət Rusiya Federasiyası ilə razılaşmanın yerli sakinlərin maraqlarına cavab vermədiyini hesab edərək, bir neçə min nəfərin iştirakı ilə etiraz aksiyası təşkil edib. Müxalifətçilər bu sazişin Rusiya şirkətlərinə Abxaziyada kütləvi şəkildə mənzil tikintisinə başlamağa imkan verəcəyini və bu, onların fikrincə, mənzil qiymətlərini artıracağını, yerli kiçik və orta biznes üçün risklər yaradacağını bildiriblər.
Parlamentarilər sonda iclası ləğv ediblər, lakin etirazçılar bu qərarla kifayətlənməyiblər - onlar deputatların məsələyə baxmasını və müqavilənin ratifikasiyasının əleyhinə səs vermələrini istəyiblər. Daha sonra etirazçılar parlamenti, prezident Aslan Bjaniyanın administrasiyasını ələ keçirərək dövlət başçısının istefasını tələb ediblər. Abxaziya prezidenti müxalifətin ultimatumundan sonra Suxumini tərk edib. Daha sonra o, Rusiya ilə investisiya sazişinə etiraz edənlər parlament binasını boşaltdıqda vəzifəsindən istefa verəcəyini bildirib.
E.ŞİRİNOV