2023-cü ilin yanvar ayında stomatoloji kabinetdə diş əkilməsinə görə 1000 manat xidmət haqqını nağd şəkildə ödədim. Mən kabineti tərk etməmiş vergi əməkdaşları oraya daxil olaraq stomatoloq həkimə nağd ödənişin alınmasına görə cərimə yazdılar. Soruşmaq istəyirəm ki, ödənişi düz etmədim ki, həkimə cərimə yazıldı?
TEZADLAR.AZ xəbər verir ki, suala cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, 1 yanvar 2023-cü ildən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.12-ci maddəsində edilmiş dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq ödəniş nağdsız qaydada həyata keçirilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin həmin tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qeyd olunan Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə qanunsuz aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanlara əsasən, aldığınız tibbi xidmətin dəyəri beş yüz manatdan artıq olduğu üçün ödəniş nağdsız qaydada edilməli idi və bu halda xidmətin dəyərini nağd qaydada qəbul edən stomatoloqa maliyyə sanksiyasının tətbiqi qanunauyğundur.
Əsas: Vergi Məcəlləsinin 58.7-1.10-cu maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.12-ci maddəsi.