Bu gün Ağdam rayon 32 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tezadlar.az xəbər verir ki, məktəbin şagird-müəllim kollektivinin iştirak etdiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Ülviyyə Hacıyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı məlumat verib. Ü.Hacıyeva bildirib ki, erməni quldur dəstələrinin Xocalıya hücumu zamanı 613 dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edən direktor bu hadisələrin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirtdiyi etnik təmizləmə və soyqırımı siyasətinin göstəricisi olduğunu vurğulayıb. Ü.Hacıyeva qeyd edib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Tədbirdə Xocalı faciəsində atası və iki əmisi şəhid olan valideyn Cəsarət Aslanov və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə yayılmasında Heydər Əliyev Fondunun müstəsna rolu qeyd edilib. Bildirilib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası soyqırımın təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirir. “Xocalıya ədalət” kampaniyası bu cür tədbirlərə daha çox insanın cəlb olunmasında və soyqırımı həqiqətlərinin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayır.
Çıxış edənlər vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Tədbirdə şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilən şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya göstərilib.